Siyasət

Anjey Kaspşikdən Kəlbəcərdə azərbaycanlıların girov götürülməsi ilə bağlı AÇIQLAMA

30 İyul 2014 12:57
Baxış: 756

"İstənilən yollarla atəşkəs rejiminin pozulmasına son qoymaq üçün kömək etməyə hazırıq"

Milli.Az APA-nın ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə müsahibəsini təqdim edir.

- Cənab Kaspşik, bəlli olduğu kimi, ermənilər işğal olunmuş Kəlbəcər rayonunda azərbaycanlıları girov götürüblər. Onlardan biri öldürülüb, ikisi girov saxlanılır. Nəyə görə bu vaxtadək ATƏT-in Minsk qrupu baş verənlərə reaksiya verməyib?

- Daxil olan məlumata əsasən, 3 azərbaycanlı təmas xəttini keçdikdən sonra Kəlbəcər rayonuna gedib. Onlardan ikisi girov götürülüb, bir nəfər öldürülüb. Belə hallarda bu cür məsələlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) məşğul olur. BQXK nümayəndələri iyulun 26-da saxlanılan iki nəfərlə görüşüblər, onlardan yaxınları üçün məktubları alıblar, indi isə üçüncü şəxsin meyitinin ailəsinə təhvil verilməsi ilə bağlı müzakirələr aparırlar. Şəxsi Nümayəndəlik məsələni diqqətdə saxlayır və daim BQXK ilə təmasdadır. Nümayəndəlik sədrliyi, habelə ATƏT-in Minsk qrupunu hadisələrin gedişatı haqqında məlumatlandırır.

- Sizin fikrinizcə, tərəflər təmas xəttində gərginliyi azalda bilərmi?

- İyulun 22-də Brüsseldə ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə ayrı-ayrı görüşlər keçiriblər. Onlar gərginlik və zorakılığın artmasından, təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində dinc sakinlərin məqsədli şəkildə öldürülməsindən narahatlığını ifadə ediblər. Həmsədrlər tərəfləri dinc əhali arasında ölüm hallarından, kəndlərə hücumlardan qaçmaq üçün öhdəlik götürməyə çağırıblar. Vasitəçilər həmçinin xarici siyasət idarələrinin rəhbərlərini gərginliyi azaltmağa, atəşkəs rejiminə əməl etməyə səsləyiblər. Axı bu, tərəflərin üzərinə götürdüyü məsuliyyətdir. Daimi Nümayəndəlik istənilən yollarla atəşkəs rejiminin pozulmasına son qoymaq üçün kömək etməyə hazırdır. Nümayəndəlik tərəflərə monitorinqlər zamanı ATƏT radiusunu istifadə etməklə, birbaşa müzakirələr aparmaq, habelə narahatlıq doğuran məsələlərə aydınlıq gətirmək və bu cür halların azaldılması üçün faydalı ola biləcək istənilən tədbirləri dəstəkləmək imkanı yaradır.

- Fransa prezidenti Fransua Olland regiona səfəri zamanı tərəflərə Parisdə görüşməyi təklif edib. Bu məsələdə irəliləyiş varmı?

- Bu yaxınlarda XİN başçıları ilə görüşlər zamanı həmsədrlər prezidentlərin görüşündə toxunula biləcək mövzuları müzakirə ediblər, habelə sülh danışıqlarında irəliləyişin əldə edilməsi üçün Ermənistan və Azərbaycan prezidentləri arasında görüşün keçirilməsinin vacibliyini vurğulayıblar.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.