Siyasət

Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdiri Əli Həsənovun yeni kitabı işıq üzü görüb

25 İyul 2014 21:00
Baxış: 1 544
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, "Zərdabi" LTD nəşriyyatında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovun "Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti" kitabının ikinci, tamamlanmış nəşri çapdan çıxıb.

Ə.Həsənov müqəddimədə yazır ki, bu dərslik müəllifin 1993-2012-ci illərdə ölkəmizin müxtəlif ali məktəblərində "Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti", "Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində", "Dünya siyasəti, müasir beynəlxalq münasibətlər və Azərbaycan" mövzuları üzrə xüsusi kurslarda oxuduğu mühazirələr əsasında hazırlanıb. Azərbaycanda bu sahədə məxsusi ümumiləşdirici tədris-metodik ədəbiyyat, politologiyaya, o cümlədən beynəlxalq münasibətlərə, dünya siyasətinə və dövlətlərarası əlaqələrə aid dərsliklər hələlik yox dərəcəsindədir. Bu da aydındır, çünki ölkəmizdə həmin fənlərin tədrisi və öyrənilməsi yalnız müstəqillik əldə ediləndən sonra mümkün olub. Professor Ə.Həsənovun öz kitabında haqlı olaraq qeyd etdiyi kimi, bu vaxta qədər "beynəlxalq münasibətlər, dünya siyasəti, dövlətlərarası əlaqələr SSRİ-nin müstəsna səlahiyyəti idi, bu fənlərin öyrənilməsi və tədrisi isə əsasən Moskvada və Kiyevdə həyata keçirilirdi. Göstərilən sahədə Azərbaycanda dərsliklərin və tədris-metodik vəsaitlərin sayının çox cüzi olmasını nəzərə alaraq biz indiyə qədər toplanmış materiallar və oxunmuş mühazirələr üzərində xüsusi iş aparmağı, təhsil sisteminin ümumi proqram tələblərinə cavab verən dərslik hazırlamaq məqsədilə həmin materialları və mühazirələri sistemləşdirməyi qərara aldıq".

Tam əminliklə deyə bilərik ki, müəllif olduqca çətin bir məsələnin öhdəsindən bacarıqla gəlib. Nəticədə yaranmış fundamental əsər, heç şübhəsiz, bu sahədə mövcud boşluğu dolduracaqdır. Dəqiq ölçülüb-biçilmiş məqsəd və vəzifələr əsərin kompozisiya kamilliyini müəyyən edib. Kitabın ayrı-ayrı hissələri və fəsilləri bir-birini üzvi şəkildə tamamlayır, müəllifin qənaətləri və nəticələri mühakimələrin ümumi gedişindən hasil olunur.

Dərslik iki hissədən ibarətdir ("Beynəlxalq münasibətlər sistemi: yaranması, inkişafı, müasir xarakteristikası və meyillər"; "Azərbaycanın xarici siyasəti və onun beynəlxalq münasibətlər sisteminə qovuşması").

Birinci hissədə beynəlxalq münasibətlərin tədqiqi və tədrisi ilə bağlı mövcud ümumi baxışlar, ümumiləşdirilmiş və sistemləşdirilmiş fikirlər və mülahizələr, nəzəri-metodoloji istiqamətlər; "beynəlxalq münasibətlər" anlayışı, onun yaranması və müasir xarakteristikası; beynəlxalq münasibətlər nəzəriyyəsi və onun cərəyanları, fənnin öyrənilməsinin vəziyyəti və perspektivləri haqda məlumat verilir.

Elə həmin hissədə hər bir savadlı insan üçün zəruri olan məlumatlar - beynəlxalq münasibətlərin yaranması və inkişafı tarixi, dövlətlərarası əlaqələr sistemi; beynəlxalq birlikdə mövcud sistemlər və onların xarakteristikası; müasir beynəlxalq münasibətlər sisteminin əsas meyilləri, aktorları, xarakterik xüsusiyyətləri; yeni dünya nizamı və onun mahiyyəti; ikitərəfli dövlətlərarası əlaqələrin vəziyyəti və perspektivləri; müasir dünya siyasəti, onun mahiyyəti və meyilləri barədə ümumi məlumatlar toplanmışdır. Bu məlumatlar müasir aləmdə baş verən hadisələri və prosesləri, transmilli və milli siyasəti, dünya siyasəti və regional siyasət kontekstində dövlətlərarası münasibətlərin mürəkkəb və ziddiyyətli vəziyyətini, həm ayrı-ayrı dövlətlər, həm də dövlət qrupları tərəfindən beynəlxalq münasibətlərdə aparılan mübarizəni, onun mahiyyətini və məqsədlərini, beynəlxalq münasibətlərin subyektləri olan digər aktorların, hökumətlərarası və qeyri-hökumət təşkilatlarının rolunu daha yaxşı anlamağa imkan verəcəkdir. Eyni zamanda, burada təqdim edilən materiallar oxucularda beynəlxalq münasibətlər sistemində Azərbaycanın yeri, rolu, mövqeyi, maraqları, onun dostları, tərəfdaşları və əleyhdarları barədə, müasir mərhələdə dövlətimizin xarici siyasətinin aktual məsələləri haqda təsəvvür formalaşdırmağa kömək edəcəkdir.

Dərsliyin birinci hissəsində, həmçinin müasir beynəlxalq münasibətlərin və dünya siyasətinin aparıcı meyilləri - dünya siyasətinin transmilliləşməsi; demokratikləşmə və onun dünya siyasətinin əsas tələbinə çevrilməsi; qloballaşma və onun müasir beynəlxalq münasibətlərə təsiri; regional inteqrasiya və dövlətlərarası əlaqələrin intensivləşməsi; yeni dünya nizamı və onun əsas xarakterik xüsusiyyətləri kimi məsələlər nəzərdən keçirilir.

Əlbəttə, beynəlxalq münasibətlərin fundamental əsası hesab edilən bütün bu problemlər uzun illərdir ki, Amerikanın, Avropanın, Rusiya, Çin və digər ölkələrin elmi idarələri və tədris müəssisələri, politoloji mərkəzləri tərəfindən öyrənilir, təhlil olunur və şərh edilir. Bu baxımdan, dərsliyin hazırlanması zamanı aparılmış işin mahiyyəti beynəlxalq münasibətlər sistemi ilə əlaqədar müxtəlif baxışları və yanaşmaları ümumiləşdirməkdən, onları vahid "məxrəcə" - müəllif "sisteminə" və oxucu təsəvvürünə uyğunlaşdırmaqdan ibarət idi. Lakin bu, ilk baxışda təsəvvür ediləcəyi kimi heç də təkcə texniki məsələ deyil, mövcud materialların müəyyən prinsiplər əsasında ümumiləşdirilməsi və vahid sistemə gətirilməsi, ilk növbədə çox mürəkkəb, yaradıcı potensial tələb edən işdir. İkincisi, Azərbaycanın hüdudlarından kənarda yazılmış dərsliklərin hər biri bu və ya digər alimin və ya elmi mərkəzin yaradıcı əməyinin və təfəkkürünün məhsuludur. Deməli, hər bir müəllif mövcud reallıqları, beynəlxalq münasibətlərin tarixini, onların ayrı-ayrı sistemlərini və meyillərini şərh edərkən öz şəxsi, subyektiv mülahizələrini və milli hissləri əsas götürür. Bu baxımdan professor Ə.Həsənovun vəzifəsi öz mülahizələrini əsas götürməklə beynəlxalq münasibətlər sisteminin ümumi mənzərəsini, vəziyyətini və meyillərini oxuculara obyektiv şəkildə təqdim etməkdən ibarət idi. Alim bu vəzifənin öhdəsindən bacarıqla gəlib.
Dərsliyin ikinci hissəsi Azərbaycana, beynəlxalq münasibətlər sistemində onun yeri, rolu, vəzifələri, imkanları və perspektivləri məsələlərinə; müstəqil dövlətimizin beynəlxalq birliyə, dünya və region dövlətləri ilə, beynəlxalq və regional təşkilatlarla ikitərəfli və çoxtərəfli əlaqələrinə; beynəlxalq aləmdə cərəyan edən proseslərdə və transmilli dünya siyasətində Azərbaycanın iştirakı; dünyada və regionda cərəyan edən təhlükəsizlik, əməkdaşlıq və inteqrasiya proseslərinə, müstəqil dövlətin mənafelərinin gerçəkləşdirilməsi üçün həyata keçirilən müxtəlif istiqamətli xarici siyasi fəaliyyətə və başqa məsələlərə həsr edilib.
Şübhə yoxdur ki, professor Ə.Həsənovun geniş oxucu auditoriyasına ünvanlanmış "Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti" adlı fundamental əsəri Azərbaycan elminə qiymətli töhfədir. Kitabdan beynəlxalq münasibətlər və digər ictimai fənlər üzrə ixtisaslaşan tələbələr, aspirantlar, müəllimlər, diplomatlar, mətbuat nümayəndələri istifadə edə bilər. Bütövlükdə isə hər bir savadlı insan müasir dünya siyasətini və beynəlxalq münasibətlər sistemində öz ölkəsinin mövqeyini və yerini ən azı orta səviyyədə bilməlidir. Bu baxımdan bir sıra monoqrafiya və dərsliklərin müəllifi professor Ə.Həsənovun yeni kitabı həmin tələbatı tam təmin edə biləcəkdir.

Ali məktəb mütəxəssisləri bu dərslikdən "Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti", "Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində", "Müasir dünya siyasəti və Azərbaycan", "Geosiyasət", "Azərbaycanın geosiyasəti və geosiyasi perspektivləri" kimi fənlərin, habelə müxtəlif xüsusi kursların tədrisində istifadə edə bilərlər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.