Siyasət

Səfir: "Azərbaycan Fələstinə sabit və prinsipial dəstək göstərir"

25 İyul 2014 20:58
Baxış: 431
"Prezident İlham Əliyev, Azərbaycan hökumətı və xalqı Fələstin xalqına həmişə sabit və prinsipial dəstək göstərir. Fələstin də hər zaman Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi üçün həmişə sabit olaraq Azərbaycanın yanında olacaq". Trend xəbər verir ki, bunu Fələstinin Azərbaycandakı səfiri Nasir Ədbül Kərim Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Beynəlxalq Qüds Günü ilə bağlı keçirilən konfransda deyib.

Səfir Fələstin və Fələstin xalqı ilə həmrəyliyi nümayiş etdirən bu tədbirin təşkilinə görə təşəkkürünü bildirib: "Bu tədbir Fələstin xalqına dəstəyi ifadə etmək və məzlum Qəzzada zalım İsrail işğalçı qüvvələrinin əli ilə Fələstin xalqının məruz qaldığı vəhşi hücumları və qırğınları pisləmək üçün təşkil olunub".
 

O, qeyd edib ki, bu gün Qəzza, Fələstin qan ağlayır: "Fələstin İsrailin terrorçu qüvvələri əlində yanaraq kül olur. Eyni zamanda, Fələstin qəhrəmancasına müqavimət göstərir. Fələstin birləşdirici rol oynayan bir torpaqdır, bu, Səlahəddin Eyyubinin torpağıdır, peyğəmbərlərin torpağıdır, müsəlmanların ilk torpağıdır".
 

N.Ə.Kərim İsrailin Qəzzada törətdiyi əməllər nəticəsində çoxlu sayda insanın qətlə yetirildiyini deyib: "İsrailin qatil texnikası Qəzzada Fələstin xalqına qarşı böyük qətllər, dağıntılar törədir. İsrailin Qəzzada törətdikləri bu günədək 808 vətəndaşın şəhid olmasına, 5345 insanın yaralanmasına, 3100 bina, mənzil və məscidin dağılmasına, 140 mindən artıq fələstinlinin dar coğrafi məkanda məcburi köçkünlüyünə gətirib çıxarıb. Düşmən mənzilləri sakinlərin iftar süfrəsi ətrafına toplaşdıqları vaxt dağıdır. BMT və beynəlxalq yardım cəmiyyətlərinin açıqlamalarına görə, Fələstin qurbanlarının 80%-i qadın, qoca və uşaqlardır. Uşaqlar ümumilikdə qurbanların 1/3-ni təşkil edir".
 

Səfir deyib ki, bu gün Fələstin bütövlükdə mühasirədədir: "Qəzzada yaşayışın əsas tələblərindən olan içməli su, elektrik və kanalizasiya xətləri dağıdılıb, məhv edilib, bu səbəbdən bura insanların yaşaması üçün yararlı olmayan məhbəsə çevrilib. İsrail bütövlükdə Fələstin xalqına qarşı müharibə aparır. Lakin qəribədir, bəzi böyük qüvvələr işğalçı dövlətin - İsrailin özünümüdafiə haqqı barədə danışmaqla bizə qarşı çıxırlar".

O, həmçinin bildirib ki, Fələstin bütün İslam ümmətinin dəstəyinə çox güvənir, ümmətin imkanlarına və qüdrətinə arxalanır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.