Siyasət

Xızı rayonuna 6 milyon manat ayrıldı

24 İyul 2014 20:07
Baxış: 406
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xızı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Milli.Az-ın AzərTAc-a istinadən məlumatına görə, sərəncamda deyilir:

"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarında Xızı rayonunda nəzərdə tutulmuş tədbirlərin uğurla həyata keçirilməsi nəticəsində bir sıra mühüm əhəmiyyətli sosial məsələlər öz həllini tapmış, təhsil, səhiyyə, mədəniyyət obyektləri, inzibati binalar inşa edilmiş, iri infrastruktur layihələri həyata keçirilmiş, o cümlədən yol təsərrüfatının yenidən qurulması, suvarma sistemlərinin yaradılması istiqamətində müəyyən işlər görülmüş, sahibkarlığın inkişafına güclü təkan verilmiş, yeni iş yerləri açılmışdır.

"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda Xızı rayonu üzrə müəyyən edilmiş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi, abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Xızı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, abadlıq-quruculuq işlərinin davam etdirilməsi, o cümlədən Xızı şəhər tam orta məktəbin yeni binasının tikintisi məqsədi ilə Xızı Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin".
 
Prezidenti İlham Əliyevin daha bir sərəncamı isə Bakı-Quba magistralı-Xızı rayonunun Şuraabad qəsəbəsi avtomobil yolunun tikintisi ilə bağlı olub.

Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bakı-Quba magistralı-Xızı rayonunun Şuraabad qəsəbəsi avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə 4,0 (dörd) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.