Siyasət

Azərbaycan müsbət nəticə ilə bitəcək görüş istəyir

24 İyul 2014 17:22
Baxış: 511

Mübariz Əhmədoğlu: "Əgər siyasət, diplomatiya ölübsə, demək avtomatlar, pulemyotlar, toplar danışacaq"

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar yenidən intensivləşib. Brüsseldə Avropa İttifaqı Şərq Tərəfdaşlığı proqramına daxil olan ölkələrin xarici işlər nazirlərinin 5-ci görüşündə iştirak edən nazir Elmar Məmmədyarov bu mövzuda danışaraq Ermənistanın hələ də işğal etdiyi torpaqlardan çıxmadığını, onlara qarşı yumşaq davranıldığını vurğulayıb. O, Şərq Tərəfdaşlığı regionunda buna bənzər hallarla bağlı qəbul olunmuş tənzimləyici hüquqi çərçivəni xatırladaraq, Avropanı Ermənistanın atdığı addımların qarşısını almağa çağırıb. Qeyd edək ki, elə bu ərəfədə APA-ya müsahibə verən ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsinin müharibə yolu ilə həlli olmadığını deyib. Bildirib ki, bu istiqamətdə atıla biləcək lazımi addımlardan biri də hər iki ölkə prezidentinin Fransa prezidenti Fransua Ollandın təklif etdiyi görüşə razılıq verməsi ola bilər. Təəssüf ki, bu görüşün razılaşdırılması üçün danışıqlar getdiyi zamanda Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan yenə beynəlxalq ictimaiyyət qarşısında ölkəmiz haqda mənfi fikirlər səsləndirmək fürsətini qaçırmayıb. O, Brüsseldə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü zamanı iddia edib ki, Azərbaycan savaş bəyanatları verir, cəbhə bölgəsində atəşkəsi kobud şəkildə pozur. Bu mövzuda fikirlərini bölüşən politoloqlar isə bildirirlər ki, onun belə fikirlər səsləndirməsi gülüncdür. Çünki bütün dünya bilir ki, Ermənistan Azərbaycanın torpağını işğal edib və onlar işğalı davam etdirmək üçün atəşkəs haqda razılaşmanı hər zaman pozublar.

Politoloq Mübariz Əhmədoğlu bizimlə söhbətində dedi ki, indiki vəziyyətdə prezidentlərin görüşməsi təklifinin əhəmiyyəti yüksək hesab olunmalıdır: "Düşünürəm ki, Fransa prezidentinin təklifinə tərəflərin münasibəti göstərəcək ki, kim münaqişənin sülh yolu ilə həllini istəyir, kim yox. Təklifin reallaşması Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinin nə qədər mümkün olduğunu da ortaya qoyacaq. Hesab edirəm ki, Azərbaycanın Ollandın təklifinə cavabı müsbət olacaq. Ölkəmiz danışıqların virtual məkandan praktiki mərhələyə qədəm qoymasının tərəfdarıdır. Çünki Azərbaycan danışmaq xətrinə danışıqlara getmək istəmir. Bizə danışıqların səmərəsi lazımdır. Bu isə danışıqlardakı konkret razılaşmalar, razılaşmaların dərhal sənədə çevrilməsi və imzalanması ilə baş tuta bilər. Bununla da Qarabağ münaqişəsinin tənzimlənməsində praktiki mərhələ start götürəcək. Ermənistan istəyir ki, belə danışıqlarla vaxtı uzatsın. Onlar bu yolla dünya ictimaiyyətinə, beynəlxalq aləmə göstərmək istəyirlər ki, Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsinə tərəfdardırlar".

M.Əhmədoğlu Azərbaycanın müsbət nəticə ilə bitən görüş istədiyini dedi: "Effektiv görüş münaqişənin praktiki mərhələsinə keçid yaradan görüşdür. Hesab edirəm ki, ölkəmiz bu təklifdən imtina etməyəcək. Prezidentimizin Ollanda göndərdiyi məktubun mətninə nəzər salsaq görərik ki, Azərbaycanla Fransa münasibətləri yüksək səviyyədədir. İki ölkə arasındakı əlaqələr artan xətlə inkişaf edir. Heydər Əliyev Fondunun prezidenti, birinci xanım Mehriban Əliyeva bu dövlətlər arasındakı münasibətlərin kuratorudur. Nəzərə çatdırım ki, Fransa-Azərbaycan əlaqələri əvvəlki illərlə müqayisədə xeyli yaxşılaşıb".

Politoloq qeyd etdi ki, Fransa 2009-cu ildə imzalanan sənədin prinsiplərinə sadiqdir: "Olland Ermənistanda olarkən dedi ki, sizin münaqişənin həlli üçün tapdığımız yol düzgün deyil. Görünür, Fransa ermənilərinin bu münasibətlərə təsiri minimal səviyyəyə düşüb. Bildirim ki, Azərbaycanla Fransa arasında mal dövriyyəsi də kifayət qədər yüksəkdir və iki milyard dolları əhatə edir. Belə vəziyyətdə Fransanın təklifini rədd etmək onların ölkəmizə münasibətini soyuda bilər. Bu isə bizə lazım deyil. Fransızlar bir neçə dəfə deyiblər ki, Qarabağ Azərbaycanın coğrafi ortasında olan ərazidir. Bundan artıq nə deməlidirlər? Azərbaycan bu istiqamətdə öz işlərini qurub, istəyinə nail olmalıdır".

Nalbandyanın dediklərinə də münasibət bildirən M.Əhmədoğlu söylədi ki, Azərbaycan savaş bəyanatları vermir, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin bugünkü vəziyyəti müharibəni qaçılmaz edir: "Fikir vermisinizsə, indiyə kimi xarici işlər nazirləri ikisi bir yerdə görüşə bilməyib. Əgər onlar görüşə bilmirlərsə, bu o deməkdir ki, siyasi danışıqlar, diplomatiya minimum səviyyəyə düşüb. 20 ildən çoxdur ki, vasitəçilər fəaliyyət göstərirlər. Amma ortaya bir nəticə qomayıblar. Təbii ki, əgər siyasət, diplomatiya ölübsə, demək artıq avtomatlar, pulemyotlar, qumbaralar, toplar danışacaq".

Politoloq Natiq Miri isə bildirdi ki, ortada təklif olsa da, hələ ki, prezidentlər görüşlə bağlı razılıq verməyiblər və bunun üçün konkret zaman da müəyyənləşməyib: "Azərbaycan prezidenti görüşmək xətrinə görüşün olmasının əleyhinədir. Düşünürəm ki, Ermənistan müəyyən qərara gələrsə, görüş baş tutacaq. Danışıqlar yolu ilə problemin həllini müəyyən qədər irəliyə daşımaq mümkündür. Ancaq geosiyasi mənada, ortada hər hansı müsbət əlamətləri görmürəm. Hazırda regionda çox ciddi mənada, Qərb-Rusiya qarşıdurması gedir. Bu məsələ həll olunmadan inanmıram ki, Dağlıq Qarabağ münaqişəsində ümumi razılaşma əldə olunsun. İndiki şəraitdə daha çox rəqabət var, nəinki uzlaşma. Son zamanlar Rusiya, Ermənistan, hətta Azərbaycan mediasında Dağlıq Qarabağ problemi ilə bağlı Rusiya-Azərbaycan danışıqlarının getdiyi, siyasi bazarlıqların edildiyi haqda informasiyalar yayılır. Bu, təsadüfi məqam deyil. Düşünürəm ki, Rusiya bu yöndə nəsə etmək fikrindədir. Amma Rusiya Azərbaycanı etdiklərində səmimi olduğuna inandırmalıdır. Ən azından, Ermənistana konkret təzyiqlər olmalı, Dağlıq Qarabağ ətrafı rayonların boşaldılmasına razılıq əldə edilməlidir. Ən əsas məsələ isə odur ki, Rusiya bunun müqabilində Azərbaycandan nə istəyəcək".

Müsahibimizin fikrincə, əgər Rusiya yenidən Dağlıq Qarabağa qoşunlarının yerləşdirilməsini, Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzv olmasını və müəyyən suveren hüquqlarının onlara təslim olmasını istəyirsə, belə tələblər nə Azərbaycanın dövlətçilik, nə də mili maraqlarına uyğun gəlmir: "Bu cür sülhə qətiyyən getmək olmaz. Dağlıq Qarabağda Rusiya qoşunlarının yerləşməsi Qarabağın Rusiyaya verilməsi anlamına gələcək. Hesab edirəm ki, Azərbaycan təklif olunan görüşdən o halda imtina edə bilər ki, ortada müəyyən oyunlar getdiyini görsün. Məlum olsa ki, Ermənistan işğal etdiyi torpaqlardan geri çəkilmək fikrində deyil və yenidən dünya gücləri arasında manevr edir, təbii ki, Azərbaycan prezidenti bu görüşdən imtina edəcək. Onu da deyim ki, Azərbaycanın savaş bəyanatları verməsi normaldır. Çünki bizim 20 faiz torpağımız işğal altındadır. O torpaqları azad etmək Azərbaycanın hüququdur. İndiki şəraitdə Azərbaycan vətəndaşları öz konstitusion hüququnu yerinə yetirə bilmir. Bilirsiniz ki, vətəndaşlarımız ölkə ərazisində bir yerdən başqa yerə keçə bilmirlər. Hazırda üç Kəlbəcər sakini Ermənistan tərəfindən girov götürülüb. Onlara Ermənistan qanunları ilə cinayət işi açıb mühakimə etmək istəyirlər. Bunlar tamamilə qanunsuz davranışlardır. Azərbaycanın antiterror əməliyyatları keçirmək haqqı var. Bu gün İsrail Fələstinə antiterror adı ilə silah tuşlayır, Ukraynada separatçılara qarşı əməliyyatlar keçirilir və dünya gücləri bunu dəstəkləyir. Bu, Azərbaycanın da haqqıdır".

Kaspi.az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.