Siyasət

Prezident İlham Əliyev Bakıda bir sıra obyektlərin inşasında işlərin gedişi ilə tanış olub - YENİLƏNİB - FOTO

24 İyul 2014 18:06
Baxış: 3 483
16:55

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 24-də Böyükşor gölünün və ətraf ərazilərin ekoloji vəziyyətinin kompleks bərpası ilə bağlı görülən işlərlə tanış olub.

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev görülən işlər barədə dövlət başçısına ətraflı məlumat verdi.

Bu layihə Prezidentin 2014-cü il 17 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na və "Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadəsi sahəsində əlavə tədbirlər haqqında" Fərmanına uyğun olaraq həyata keçirilir. İlk Avropa Oyunlarına aid tədbirlərin böyük əksəriyyəti Böyükşor gölünün şərq sahilində, hazırda tikilməkdə olan Bakı Olimpiya Stadionu kompleksində keçiriləcək. Burada çoxsaylı qonaqların, idmançıların və turistlərin qəbul edilməsi gözlənilir. Bu baxımdan gölün və ətraf ərazilərin ekoloji vəziyyətinin kompleks bərpası və Böyükşor bulvarının yaradılması xüsusi əhəmiyyət kəsb edir.

Qeyd edildi ki, gölün ekoloji bərpası layihəsi iki mərhələdə həyata keçiriləcək. 2014-2015-ci illəri əhatə edən birinci mərhələdə işlər uğurla davam etdirilir. Gölün Olimpiya Stadionunun yaxınlığında yerləşən 300 hektara yaxın ərazisi bərpa olunur. Bu mərhələdə gölün şimal hissəsinin tarixən neftlə çirklənmiş sahəsinin bənd vasitəsilə sahil xəttindən ayrılması nəzərdə tutulurdu. Artıq bəndləmə işləri yekunlaşıb. Bununla da neftin, çirklənmiş suyun və üzən tullantıların axınının qarşısı alınıb.

Göl üzərində ərazinin qərb sərhədini müəyyən edən səkkiz xətli magistral şose şəklində layihələndirilmiş bənd bir tərəfdən Ziya Bünyadov prospekti, digər tərəfdən Balaxanı-Binəqədi yolu ilə birləşdiriləcək. Bu da öz növbəsində, şəhərin yol infrastrukturuna düşən yükü azaldacaq. Torpaq bəndin inşası cədvəl üzrə davam etdirilir və işlərin növbəti ilin ilk rübündə başa çatdırılması planlaşdırılır. Eyni zamanda yüz ildən artıq müddətdə göl dibinə yığılmış çirkli çöküntülərin çıxarılması və zərərsizləşdirilməsi işləri görülür. Layihə üzrə ilkin mərhələdə 2,8 milyon kubmetr həcmində çöküntünün 100 min kubmetrdən çoxu təmizlənib. Gölün mühafizə zonası da daxil olmaqla, ciddi mühafizə işi təşkil edilib, göl və sahil xətlərinin məişət və tikinti tullantıları ilə çirklənməsinin qarşısı tamamilə alınıb. Böyükşor gölünün cənub sahilində geniş abadlıq-quruculuq işləri aparılır, 16 hektara yaxın ərazidə park və yaşıllıq salınır. Gələn ilin birinci yarısında şərq sahil xətti boyunca Böyükşor bulvarının bir kilometrədək hissəsi salınacaq və buradan stadion ərazisinə keçid təmin olunacaq.

Bildirildi ki, Böyükşor gölünün tam bərpası üzrə ikinci mərhələ 2015-2020-ci illəri əhatə edəcək. Bununla da göl öz təbii tarixi məcrasına qaytarılacaq, su səviyyəsi tənzimlənəcək və ekosistem bərpa olunacaq. Beynəlxalq ekspertlərin qiymətləndirmələrinə əsasən Böyükşor gölü dünyada ən mürəkkəb çirklənmiş göllərdən hesab edilir. Qısa müddətdə görülmüş işlər nəticəsində suyun keyfiyyət göstəricilərinin dinamikası müsbətə doğru dəyişib.

Prezident İlham Əliyev layihənin ekoloji əhəmiyyətini yüksək qiymətləndirdi, müvafiq tapşırıq və tövsiyələrini verdi.

X X X

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, iyulun 24-də Azərbaycan Prezidenti İlham Əliyev Bakı Olimpiya Stadionu ətrafında inşası davam etdirilən yol-nəqliyyat infrastrukturunun tikintisi ilə tanış olub.

Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, Həsən Əliyev küçəsi-Ziya Bünyadov prospekti-Olimpiya Stadionu avtomobil yolunun birinci hissəsində tikinti işləri qrafik üzrə davam etdirilir. Layihə çərçivəsində işlərin böyük hissəsi görülüb. Çəkilən yolun ümumi uzunluğu 17 kilometrdir və onun hərəkət hissəsi 4-6 zolaqlı olacaq. Növbəti mərhələdə 3 körpünün inşası nəzərdə tutulur.

Qeyd edildi ki, birinci körpünün uzunluğu 205 metr, ikinci körpünün uzunluğu 162 metr, piyadalar üçün nəzərdə tutulan üçüncü körpünün uzunluğu isə 115 metr olacaq. Bundan başqa, ərazidə uzunluğu 900 metrə yaxın olan piyada keçidi inşa ediləcək, yol üzərində iki tunel tikiləcək.

Dövlət başçısına Həsən Əliyev küçəsi-Ziya Bünyadov prospekti-Olimpiya Stadionu avtomobil yolunun ikinci hissəsində görüləcək işlərlə də bağlı məlumat verildi. Diqqətə çatdırıldı ki, layihə çərçivəsində ümumi uzunluğu 5 kilometrə yaxın olan yol çəkiləcək. Bu yol üzərində bir körpü və iki tunel tikiləcək. Tuneldən keçən yollar Bakı Olimpiya Stadionu ilə Olimpiya şəhərciyini birləşdirəcək.

Sonra Prezident İlham Əliyevə 18 kilometrlik Bilgəh-Novxanı-Şamaxı-M4 birləşməsi avtomobil yolunun yol qovşaqlarının və piyada keçidlərinin tikintisi barədə məlumat verildi.

Azərbaycan Prezidenti inşaat işlərinin yüksək səviyyədə aparılması ilə bağlı tapşırıqlarını verdi.

---------
13:14

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, iyulun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Olimpiya Stadionunda tikinti işlərinin gedişi ilə tanış olub.

Artıq neçə illərdir ki, Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Ölkəmizdə bu sahənin daha da inkişaf etdirilməsi istiqamətində görülən tədbirlər nəticəsində Azərbaycan beynəlxalq əhəmiyyətli idman yarışlarının keçirilməsi üçün əlverişli məkana çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strategiyaya uyğun olaraq bu gün idman ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Azərbaycanda yeni idmançılar nəslinin yetişdirilməsi də diqqət mərkəzindədir. Dövlətimizin başçısının idmanın inkişafına göstərdiyi diqqət və qayğı idmançılarımızın beynəlxalq yarışlarda yüksək nəticələr qazanmalarına gətirib çıxarır.

2015-ci ildə Azərbaycan daha bir mötəbər idman yarışına ev sahibliyi edəcək. Birinci Avropa Oyunları ilk dəfə olaraq Bakıda keçiriləcək. Avropa Olimpiya Komitəsinin bununla bağlı qərarı beynəlxalq idman ictimaiyyətinin ölkəmizin Olimpiya hərəkatında oynadığı rola, idmanın inkişafına göstərdiyi yüksək dəstəyə verdiyi önəmin ifadəsidir.

Bakının Avropa Oyunlarının keçirilməsi üçün böyük potensiala malik olmasını beynəlxalq idman təşkilatları da təsdiqləyib. Güclü idman infrastrukturu olan Azərbaycan eyni zamanda beynəlxalq yarışları keçirmək təcrübəsinə də malikdir. Birinci Avropa Oyunlarına bir ilə yaxın vaxt qalmasına baxmayaraq, ölkəmizdə bu mötəbər tədbirə hazırlıqla bağlı işlər yüksək səviyyədə həyata keçirilir. Bakıda Su İdmanı Növləri Sarayı, Atıcılıq Mərkəzi və digər mükəmməl infrastruktur obyektlərinin inşası davam etdirilir. Milli Gimnastika Arenası artıq istifadəyə verilib. Ölkədə idman infrastrukturunun daha da gücləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin mühüm tərkib hissəsi olan Bakı Olimpiya Stadionunda da işlər sürətlə və yüksək keyfiyyətlə davam etdirilir.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verdi.

Bildirildi ki, 2011-ci ilin iyununda təməli qoyulan stadionda tikinti işləri başa çatmaq üzrədir. Stadionun tammiqyaslı tikintisinə 2012-ci ilin noyabrında başlanılıb və işlərin gələn ilin fevralında yekunlaşması nəzərdə tutulur. Ümumi layihə üzrə işlərin böyük əksəriyyəti başa çatıb. Stadionun svay işləri bütünlüklə, torpaq və dəmir-beton işlərinin 95 faizi yerinə yetirilib. Dam konstruksiyası yerinə qoyulub və polad konstruksiya işlərinin böyük bir hissəsi yekunlaşıb. Artıq fasad örtüyünün vurulmasına başlanıb və interyer-tamamlama işləri sürətlə davam edir. Bununla yanaşı, köməkçi məşq sahəsində ot örtüyünün və qaçış zolağının salınmasına başlanılıb. Yaxın zamanlarda əsas stadionda da bu işlərə start veriləcək. Landşaft üçün infrastruktur işləri davam edir. Əsaslı yaşıllaşdırma işlərinə sentyabrda başlanacaq.

Qeyd edildi ki, paytaxtda müasir memarlıq üslubu, xüsusi gözəlliyi ilə seçiləcək, 69 minə yaxın tamaşaçı tutumuna malik Bakı Olimpiya Stadionunun bu tipli idman qurğuları sırasında özünəməxsus yeri olacaq. Beynəlxalq standartlara tam cavab verəcək stadionda müxtəlif funksiyalı tribunalar, qaçış zolağı və digər infrastruktur inşa ediləcək. Təqribən 50 hektar ərazidə tikilən altımərtəbəli stadion 62 metr hündürlüyündədir. İnşaat işləri Beynəlxalq Tikinti Standartına, FİFA və UEFA standartlarına uyğun aparılır. Əsas və köməkçi stadionlardan, həmçinin mexaniki binadan ibarət olacaq stadionda VIP, CIP, media, habelə əlil tamaşaçı bölmələri nəzərdə tutulub. Oyun meydançasına 4, tribunalara isə 26 qapıdan giriş olacaq. Olimpiya normativlərinə əsasən insanların stadiona daha çox piyada, ictimai nəqliyyatla gəlmələri nəzərdə tutulub ki, bunun üçün də 3103 yerlik avtomobil parkı inşa edilir. Stadionun ətrafında ümumilikdə 82 min kvadratmetr yaşıllıq sahəsi salınacaq. Bununla da orijinal layihə əsasında inşa edilən Bakı Olimpiya Stadionu dünyanın möhtəşəm və nadir idman qurğularından biri olacaq.

Prezident İlham Əliyev tikinti işlərinin yüksək səviyyədə başa çatdırılması ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

--------
18:06

Prezident İlham Əliyev Bakı Olimpiya Stadionu ətrafında inşası davam etdirilən yol-nəqliyyat infrastrukturunun tikintisi ilə tanış olub



---------
17:44

Prezident İlham Əliyev Böyükşor gölünün və ətraf ərazilərin ekoloji vəziyyətinin kompleks bərpası işləri ilə tanış olub




----------
17:13


Azərbaycan Prezidenti İlham Əliyev Bakı Olimpiya Stadionunda tikinti işlərinin gedişi ilə tanış olub


 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.