Siyasət

Kəlbəcərdə öldürülən azərbaycanlının şəkilləri ailəsinə göstərildi - YENİLƏNİB

24 İyul 2014 16:46
2 Şərh     Baxış: 4 734
16:46

Ermənsitan silahlı qüvvələri tərəfindən Kəlbəcərdə öldürülən Azərbaycan vətəndaşının cəsədinin şəkilləri ailəsinə göstərilib.
 

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Trend-ə deyib ki, BQXK iki azərbaycanlı vətəndaşın Dağlıq Qarabağda saxlanılması ilə bağlı məlumatlandırılıb. BQXK-nın Dağlıq Qarabağdakı nümayəndəsinə isə mediada öldürüldüyü barədə məlumat verilən insanın cəsədi göstərilib: "BQXK həmin cəsədin şəkillərini öldürüldüyü ehtimal edilən şəxsin ailəsinə göstərib. Ailə öz yaxınını tanıyıb. Saxlanılmış azərbaycanlılara baş çəkməklə və cəsədin Azərbaycan tərəfinə verilməsi ilə bağlı müzakirələr aparılır".
 

Qeyd edək ki, Ermənistan kütləvi informasiya vasitələrində iyulun 11-də erməni xüsusi təyinatlıları tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunun Şaplar kəndində keçirilən əməliyyat zamanı Həsən Həsənov adlı bir azərbaycanlının öldürüldüyü, Şahbaz Cəlal oğlu Quliyev və Dilqəm Qardaşxan oğlu Əsgərov adlı iki azərbaycanlının isə girov götürüldüyü və onlara cinayət işi açıldığı barədə məlumatlar yayılıb.


----------
12:10

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Kəlbəcər rayonu ərazisində Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlıların girov götürülməsi ilə bağlı məlumat yayıb.

Komitədən Trend-ə verilən məlumata görə, məlumatda Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş azərbaycanlılarla bağlı ilk gündən Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə bir neçə dəfə görüş keçirildiyi bildirilir. Girov götürülmüş şəxslərin taleyi ilə əlaqədar və bu günə qədər onlar haqqında heç bir məlumatın olmamasından Azərbaycan tərəfinin narahatlığı qarşı tərəfin diqqətinə çatdırılıb.

Bununla yanaşı, girov götürülmüş şəxslərlə bağlı hər hansı bir məlumatın əldə edilməsi üçün Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyətinin daha da gücləndirilməsinin vacibliyi vurğulanıb və bu istiqamətdə intensiv iş aparmalarının zəruriliyi diqqətə çatdırılıb.

Bütün bunların nəticəsi kimi, Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən bir neçə foto əldə edilib və həmin fotolarda girov götürülmüş şəxslərdən biri və ermənilər tərəfindən öldürüldüyü ehtimal edilən Həsən Həsənovun olduğu bildirilib. Bununla əlaqədar olaraq ailə üzvləri, qohumları həmin fotolarla tanış olub və bu şəxsin Həsən Həsənov olduğu təsdiq edilib. Eyni zamanda, Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən cəsədin qaytarılması ilə bağlı danışıqlar aparılıb, lakin onlara bildiriblər ki, cəsədin həmin şəxsə aid olduğunu dəqiqləşdirmək üçün əlavə köməkedici identifikasiya materiallarına ehtiyac var.

Qeyd etmək istəyirik ki, Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş Dilqəm Əsgərov, Şahbaz Quliyevlə görüşün təşkil olunması və Həsən Həsənovun cəsədinin qaytarılması ilə bağlı görülən işlər Azərbaycan Prezidenti İlham Əliyevin nəzarətindədir. Əlavə məlumat olacağı təqdirdə ictimaiyyətə məlumat veriləcəkdir"

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.