Siyasət

Berlin Humbold Universitetində Dağlıq Qarabağ münaqişəsi müzakirə olundu

23 İyul 2014 17:42
Baxış: 591
Berlin Humbold Universitetində "1988-2008-ci illərdə Almaniya mətbuatında Dağlıq Qarabağ münaqişəsinin təzahürü" adlı layihə həyata keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, tədbir "AvroKaukAsiya" cəmiyyəti və Humbold Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan tarixi kafedrasının 2011-ci ildə təməlini qoyduğu "Qarabağ dialoqu" layihəsi çərçivəsində baş tutub. Tədbirin əsas qayəsi hazırda dünyanın müxtəlif bölgələrində - Suriya, Ukrayna kimi ölkələrdə baş verən böhran şəraitində, "dondurulmuş münaqişələr" çərçivəsində medianın rolu, obyektivlik və stereotiplərdən kənara çıxmaq məsələlərinin müzakirəsi olub.

Layihənin may ayında təşkil olunmuş birinci hissəsində "Şpiqel", "Zayt", "FAZ", "Noye Doyçland" qəzetlərində Dağlıq Qarabağ münaqişəsini işıqlandıran materialların təhlili və çıxarılan nəticə haqqında məlumat verilib. Bu dəfə isə çıxarılmış nəticələr əsasında daha geniş və dərin fikir mübadiləsi aparılıb. Adıçəkilən qəzetlərdə Dağlıq Qarabağ münaqişəsini işıqlandıran məqalələrin təhlilini professor Eva Mariya Aux, doktor Rasim Mirzəyev və kafedranın digər elmi əməkdaşları - Həsən Əli Yıldırım, Nərgiz Abdullayeva, Yuliane Kose təqdim ediblər.

Çıxışlardan sonra "dəyirmi masa" arxasında münaqişə ilə məşğul olan elmi işçilər, siyasətçilər, media ekspertləri, müxbirlər, tələbələr maraqlı müzakirələr aparıblar.

Tədbirdə Azərbaycanın Almaniyadakı səfirliyinin əməkdaşı Vüqar Qafarov, "Elm və Siyasi Araşdırmalar Forumu"nun nümayəndəsi doktor Uve Halbax, "Mediada Məsuliyyət İnstitutu"nun rəhbəri doktor Sabina Fişer, Avropa Azərbaycanlıları Konqresinin prezidenti Samira Patzer-İsmayılova, Almaniya ictimaiyyətinin nümayəndələri, Humbold Universitetinin professor-tələbə heyəti, Azərbaycan və türk diaspor nümayəndələri iştirak ediblər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.