Siyasət

Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlıq genişləndirilə bilər

23 İyul 2014 16:59
Baxış: 446

Ərəstun Oruclu: "Azərbaycan Avropaya meyilli olduğunu göstərmək istəyir"

Dünən xarici işlər naziriElmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Belçikaya səfər edib. E.Məmmədyarov Brüsseldə keçirilmiş Avropa İttifaqı Şərq Tərəfdaşlığı proqramına daxil olan ölkələrin xarici işlər nazirlərinin 5-ci görüşündə iştirak edib. Bu görüş Azərbaycanın hələ də Avropa İttifaqı Şərq Tərəfdaşlığı proqramına, Avropa ilə əməkdaşlığa önəm verməsinin göstəricisi kimi qəbul olunur.

Bu mövzuda fikirlərini açıqlayan politoloqların fikrincə, Azərbaycan bu görüş ərəfəsində də Avropa ilə əlaqələrin inkişafında maraqlı olduğunu, münasibətlərdə heç bir geriləmə nəzərdə tutmadığını nümayiş etdirib.

Politoloq Ərəstun Oruclu bizimlə söhbətində bildirdi ki, hazırda Azərbaycan bir növ, seçim qarşısındadır: "Məlumdur ki, Şərq Tərəfdaşlığı Avropa İttifaqının qonşuları ilə münasibətlərin, əlaqələrin qurulması istiqamətində həyata keçirdiyi iki əsas proqramdan biridir. Birinci proqram Avropa Qonşuluq Siyasətidir. Bu, o qədər geniş proqramdır ki, Fələstin, İsrail, Misirdən tutmuş, Şimali Afrika ölkələrinə qədər bir çox dövlətləri əhatə edir. Amma Şərq Tərəfdaşlığı layihəsi konkret bir proqramdır. Bura postsovet məkanının cəmi 6 ölkəsi daxildir. Proqram həmin ölkələrlə xüsusi münasibətlərin, əlaqələrin qurulmasını nəzərdə tutur. Yəni, bu proqram vasitəsilə gömrük, idxal-ixrac əməliyyatları, Avropa İttifaqı ölkələrinə səyahət və s. yüngülləşdirilmiş şərtlər çərçivəsində baş tutur. Bundan başqa, mədəni, təhsil, təhlükəsizlik sahəsində əməkdaşlıq və siyasi əlaqələrin inkişafı da diqqət mərkəzində saxlayır. Belə deyək, bu proqram həm dar çərçivəni əhatə edir, həm də daha geniş formatda münasibətləri özündə ehtiva edir. Buraya daxil olan Cənubi Qafqaz ölkələrindən Azərbaycan Avropa İttifaqının hər iki proqramının iştirakçısıdır".

Ə.Oruclu nəzərə çatdırdı ki, Şərq Tərəfdaşlığı proqramına daxil olan ölkələrin qarşısında Avropa İttifaqı ilə assosiasiya sazişi imzalamaq məsələsi dayanır: "Bu məsələni müzakirə edən zaman Rusiyanın Avrasiya İqtisadi Birliyi layihəsi yada düşür. Məlumdur ki, Belarus ilə Ermənistan onu alternativ kimi seçdi. Ukrayna, Moldova və Gürcüstan isə assosiativ sazişi imzaladı. Azərbaycan bu məsələdə daha ehtiyatlı mövqe sərgiləyir. Buna görə də ölkəmiz Avropa İttifaqı ilə daha çox humanitar əlaqələri nəzərdə tutan, sadələşdirilmiş viza rejimini özündə əks etdirən bir proqrama imza atdı. Amma Azərbaycan ittifaq ölkələri ilə əməkdaşlığını daha da genişləndirmək niyyətindədir. Hesab edirəm ki, Elmar Məmmədyarovun səfəri də bu məqamdan xəbər verir. Çünki hazırda ölkəmizi düşündürən sual var. Hara getməli, Avropa İttifaqı ilə assosiativ sazişi imzalamalı, yoxsa, Avrasiya İqtisadi Birliyinə üzv olmalı? Düşünürəm ki, səfər çərçivəsində əsasən münasibətlərin çərçivəsi, şərtləri müzakirə ediləcək. Azərbaycan Avropaya meylli olduğunu göstərmək istəyir. Unudulmamalıdır ki, ölkəmiz onsuz da Avropadadır. Təbii ki, ortada qonşularımızla münasibət faktoru var. Amma Azərbaycanın Avropa ittifaqı ilə münasibətlərinin inkişaf etdirilməsi qaçılmazdır. Çünki ölkəmizin ittifaq ölkələri ilə iqtisadi əlaqələri var".

Politoloq Fikrət Sadıqov da Azərbaycanın müxtəlif layihələr çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlıq etdiyini xatırlatdı: "Bu proqram çərçivəsində Avropa İttifaqı ilə daha yaxın olmaq məqsədimizi ortaya qoymuşuq. Eyni zamanda, Avropa İttifaqı üçün Azərbaycanın orada olması kifayət qədər önəmli amildir. Avropa ölkələrinə enerji təhlükəsizliyi lazımdır və ölkəmiz bu işdə etibarlı tərəfdaşdır. Təbii ki, ilk növbədə qaz layihələrini nəzərdə tuturam. Bizim münasibətlərimiz təkcə belə layihələrlə məhdudlaşmır və ittifaqla aramızda humanitar münasibətlər də mövcuddur. Artıq Avropa ilə Azərbaycan arasında müəyyən müqavilələr bağlanıb və vətəndaşlarımızın Avropaya getməsi üçün sadələşdirilmiş rejim əsasında viza verilir. Bunun özü də lazımi məqamlardan biridir və belə sənədlər kifayət qədər önəmlidir. Düşünürəm ki, Azərbaycanın Avropaya belə bir ardıcıl, sistematik şəkildə inteqrasiyası çox effektiv olacaq və hər iki tərəfə müəyyən müsbət nəticələr gətirəcək".

Politoloq vurğuladı ki, bütün bu yaxın münasibətlərə baxmayaraq, Azərbaycanın üzünün Avropaya olduğunu konkret şəkildə demək olmaz. Çünki Azərbaycanın xarici siyasətinin müəyyən prioritetləri və prinsipləri var: "Rəsmi Bakı hər zaman bunu bəyan edib. Biz çoxvektorlu, balanslaşdırılmış xarici siyasət yürüdürük. Təbii ki, Avropa İttifaqı ilə münasibətlərin irəli aparılması bizim üçün prioritet mövzulardandır. Ölkəmiz heç vaxt Avropa ilə əməkdaşlıqdan imtina etməyib. Həmişə bunun önəmli məsələ olduğunu demişik və hazırda da deyilənlərə əməl edirik. Avropa ilə getdikcə daha yaxın münasibətdə olmaq fikrindəyik və Avropaya inteqrasiya yolunda əlimizdən gələni edirik. Hesab edirəm ki, Elmar Məmmədyarovun Brüsselə səfəri bu istiqamətdə əhəmiyyətli işlərdən olacaq. Amma biz çox istərdik ki, Avropa Azərbaycanın problemlərinə diqqət yetirsin, biganə qalmasın və bacardığı qədər köməklik göstərsin".

Kaspi.az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.