Siyasət

Ağdamın işğalının 21-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib

23 İyul 2014 13:45
1 Şərh     Baxış: 630

Azərbaycanın Ağdam rayonunun Ermənistanın hərbi təcavüzü nəticəsində işğalının 21-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib

Trend xəbər verir ki, dövlət rəsmiləri, millət vəkilləri, rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən mərasimdə çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov qeyd edib ki, düz 21 il əvvəl iyulun 23-də Ağdamın ermənilər tərəfindən işğal edilməsi nəticəsində rayonun 5 mindən çox sakini şəhid olub, onminlərlə insan məcburi köçkün düşüb.

İcra başçısı bildirib ki, ağdamlılar öz doğma yurd-yuvaları uğrunda qəhrəmancasına mübarizə aparıb. Azərbaycanın 216 Milli Qəhrəmanının 16-nın məhz ağdamlı olması bunu bir daha sübut edir.

Onun sözlərinə görə, beynəlxalq təşkilatların qərar və qətnamələrinə əhəmiyyət verməyən Ermənistan bu gün də işğalçı siyasətini davam etdirir. Hegemon dövlətlər və beynəlxalq ictimaiyyət isə məsələyə hələ də liberal münasibət bəsləyir, ikili standartlardan yanaşır.

R.Məmmədov deyib ki, hazırda dövlət tərəfindən Ağdam rayonundan olan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün hərtəfəli tədbirlər görülür.

Daha sonra Ağdam rayonunun keçmişinə, işğalına və bu gününə həsr olunmuş sənədli film nümayiş olunub.

Daha sonra Baş nazirin müavini, Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov çıxış edərək Ağdamın işğaldan mütləq azad ediləcəyini bildirib. O, həmçinin beynəlxalq təşkilatları və ATƏT-in Minsk qrupunu fəaliyyətsizlikdə və məsələyə ikili standartlardan yanaşmada ittiham edərək, artıq Azərbaycanın onlara inanmadığını açıqlayıb.

Çıxış edən digər natiqlər də Ağdamın Ermənistan tərəfindən işğal edilməsi faktı ilə barışmayacaqlarını və torpaqlarımızın azadlığı uğrunda sonadək mübarizə aparacaqlarını bəyan ediblər.

Tədbir ədəbi-bədii kompozisiya ilə davam edib.

Qeyd edək ki, Ermənistanın təcavüzü nəticəsində 1993-cü il iyunun 11-dən iyulun 23-dək Ağdam rayonunun 846,7 kv.km-i, yəni ümumi ərazisinin 77,4 faizi işğal olunub. İşğal edilmiş Ağdam şəhəri və 82 kənd vəhşiliklə darmadağın edilərək yerlə-yeksan olunub. Ağdam uğrunda döyüşlərdə 5 min nəfərdən çox azərbaycanlı şəhid olub, minlərlə insan fiziki şikəstlik qazanıb, 140 min nəfərdən artıq ağdamlı doğma ev-eşiyindan didərgin düşüb.

Təxmini hesablamara görə, işğal nəticəsində Azərbaycana 6 milyard dollar dəyərində ziyan dəyib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.