Siyasət

Uorlik: "Biz Azərbaycan-Ermənistan sərhədində və təmas xəttində hər bir itkidən narahatıq"

22 İyul 2014 14:37
0 Şərh     Baxış: 669
"Biz Azərbaycan-Ermənistan sərhədində və təmas xəttində qeydə alınan hər bir itkidən narahatıq". Bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunun Şaplar kəndində erməni separatçıları tərəfindən azərbaycanlıların girov götürülməsi və onlara qarşı cinayət işi açılması, eləcə də bir azərbaycanlının öldürülməsi barədə erməni mətbuatındakı məlumatlara dair Trend-in sorğusuna cavabında bildirib.

Həmsədrin sözlərinə görə, hadisələrin sayı və nəticədə baş verən ölüm və yaralanma halları həmsədrlərin davamlı sülh istiqamətində tərəflərlə işləmək səylərinə maneədir: "ABŞ və ATƏT-in Minsk qrupunun həmsədrləri tərəflərə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasında kömək etməyə sadiq qalır. Bu münaqişənin hərbi yolla həlli yoxdur".
 

Qeyd edək ki, Ermənistan kütləvi informasiya vasitələrində iyulun 11-də erməni xüsusi təyinatlıları tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunun Şaplar kəndində keçirilən əməliyyat zamanı Həsən Həsənov adlı bir azərbaycanlının öldürülməsi, Şahbaz Cəlal oğlu Quliyev və Dilqəm Qardaşxan oğlu Əsgərov adlı iki azərbaycanlının isə girov götürüldüyü və onlara cinayət işi açıldığı barədə məlumatlar yayılıb.
 

Azərbaycan Müdafiə Nazirliyi bununla bağlı rəsmi açıqlama verərək bəyan edib ki, Ermənistan mediasında yayılan məlumatda adı çəkilən şəxslər Azərbaycan Silahlı Qüvvələrində xidmət etmir. Müdafiə Nazirliyi həmçinin bəyan edib ki, işğal olunmuş ərazilər suveren Azərbaycanın torpaqlarıdır, azərbaycanlıların həmin ərazilərə keçməsinə və orada sərbəst hərəkət etməsinə qadağa qoyula bilməz. Erməni tərəfinin iddialaraına baxmayaraq, bu şəxslər heç bir dövlət sərhəddini də pozmayıblar. Çünki işğal nəticəsində, qeyri-qanuni yolla "qurulmuş" qondarma rejimin nəzarətindəki torpaqlar BMT tərəfindən tanınan Azərbaycan Respublikasının ərazisidir.
 

Həmsədrin sözlərinə görə, bu gün həmsədrlər Brüsseldə münaqişənin həlli istiqamətində növbəti addımları müzakirə etmək üçün Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan ilə görüşəcəklər.
 

Qeyd edək ki, həmsədrlər Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə bugün Belçikanın paytaxtı Brüsseldə keçiriləcək Avropa İttifaqı Şərq Tərəfdaşlığı proqramına daxil olan ölkələrin xarici işlər nazirlərinin 5-ci görüşü çərçivəsində görüşəcəklər.

Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün nə zaman baş tutacağına dair suala cavabında isə amerikalı həmsədr bildirib: "Prezidentlərin Parisdə görüşmək dəvətini qəbul edəcəyinə ümid edirik. Biz prezidentlərin ötən ilin noyabr ayında Vyanada görüşü zamanı şahidi olduq ki, irəliləyiş mümkündür və hesab edirik ki, sülh istiqamətində irəliləyişə nail olmaq üçün həmin müzakirələrin davamı vacib bir addımdır. Həmsədrlər və ABŞ hər cür kömək etməyə hazırdır".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.