Siyasət

Prezident İlham Əliyev: "Azərbaycan öz sürətli inkişaf dövrünü yaşayır və ölkədə böyük quruculuq işləri aparılır" - YENİLƏNİB - FOTO

22 İyul 2014 19:29
Baxış: 3 263

19:29

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, iyulun 22-də Xızıda Heydər Əliyev Mərkəzi açılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Azərbaycan dövlətçiliyinin möhkəm əsaslar üzərində qurulmasında, respublikamızın hərtərəfli inkişafında müstəsna xidmətləri olan ümummilli lider Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə ölkəmizin bütün bölgələrində, o cümlədən Xızıda mühüm işlər görülür və vacib layihələr reallaşdırılır. Rayonun mərkəzində yeni tikilən Heydər Əliyev Mərkəzi Ümummilli Liderin xatirəsinə dərin ehtiramın nümunəsidir. Mərkəzdə Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar və eksponatlar toplanıb. Burada Heydər Əliyevin Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi, bu böyük şəxsiyyətin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində müstəqilliyin ilk illərində ölkəmizdə vətəndaş müharibəsinin qarşısının alınması, iqtisadiyyatın ağır böhran vəziyyətindən çıxarılaraq inkişaf yoluna qədəm qoyması, qüdrətli ordu quruculuğu istiqamətində həyata keçirilən mühüm tədbirləri əks etdirən foto, kitab və digər vəsaitlərə geniş yer verilib. Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq fəlsəfəsinin təbliği, Azərbaycan vətəndaşlarının dünyada gedən müasir proseslər çərçivəsində öz vətəni, milləti və xalqının taleyi ilə bağlı genişmiqyaslı layihələrdə iştirakının təmin olunması, onların arzu və niyyətlərini gerçəkləşdirmək əzminin reallaşması baxımından mühüm əhəmiyyət daşıyan Heydər Əliyev Mərkəzi həm də Azərbaycanın müasir reallıqlarını əks etdirir.

Dövlətimizin başçısı Heydər Əliyev Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, Mərkəzin tikintisinə 2013-cü ilin aprelində başlanıb. Binanın ətrafında geniş abadlıq-quruculuq işləri görülüb. Müasir interyeri ilə diqqəti cəlb edən Mərkəzin foyesində Ümummilli Liderin büstü qoyulub. Mərkəzdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə dair tarixi sənədlərə geniş yer verilib. Burada Ümummilli Liderin həyatının uşaqlıq, gənclik və tələbəlik illəri, həmçinin sovet və müstəqillik dövrünə aid müxtəlif fotoları maraqla qarşılanır. Bu fotolarda Ümummilli Liderin istər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə Azərbaycana rəhbərliyinin müxtəlif məqamları əks olunub. Bundan başqa, Mərkəzdə Ümummilli Liderlə bağlı kitablar, sənədlər və digər maraqlı eksponatlar sərgilənir. Binada, həmçinin Prezident İlham Əliyevin Xızıya səfərlərini əks etdirən fotolardan ibarət stend də maraq doğurur. Son illərdə respublikamızda fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində yeni ailə quran gənclərin nikah mərasimlərinin təşkili kimi xoşməramlı tədbirlərə də başlanıb. Qeyd edildi ki, bu Mərkəzdə də vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı və bununla bağlı mərasimlərin təşkili də nəzərdə tutulur.
Mərkəzin tikintisində şəhərsalma memarlığının son nailiyyətlərindən istifadə olunub. Burada sərgi salonu, kafe, istirahət və digər yardımçı otaqlar var. Açıq sərgi salonunda maraqlı rəsm nümunələri sərgilənir. Mərkəzdə elektron kitabxana, kulinariya, xalq sənətkarlığı emalatxanası, musiqi və heykəltəraşlıq dərnəkləri fəaliyyət göstərəcək. Bu dərnəklər gənclərin müxtəlif sənətlərin sirlərinə yiyələnməsinə, onların asudə vaxtının səmərəli təşkilinə geniş imkanlar yaradır. Mərkəzdəki kompyuter otağı, rəsm və dizayn studiyaları, virtual sinif də müasirliyi ilə diqqəti cəlb edir. Burada rayonun ictimai-siyasi həyatında baş verən mühüm hadisələr və əlamətdar günlərlə bağlı tədbirləri yüksək səviyyədə keçirmək üçün hərtərəfli imkan yaradılıb. Mərkəzdəki 230 yerlik akt və kiçik konfrans zallarında ictimai-siyasi və mədəni-kütləvi tədbirlərin, o cümlədən ulu öndər Heydər Əliyevin zəngin irsinin geniş təbliği məqsədilə açıq dərslərin keçirilməsi nəzərdə tutulub. Buraya gələnlər 3D kino zalından, pnevmatik tir zallarından istifadə edə bilərlər.
Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra dövlətimizin başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
 

Rayon ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident İlham Əliyev dedi:
- Sizi ürəkdən salamlayıram. Yenidən Xızıda olmağımdan çox şadam. Bu, Xızıya mənim üçüncü səfərimdir. Yadımdadır, keçən dəfə xəstəxananın açılışını qeyd etmişik.
Bu gün də bu möhtəşəm Heydər Əliyev Mərkəzinin açılışında bir yerdəyik. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Bu, çox gözəl bir Mərkəzdir, çox gözəl binadır. Həm xarici görünüşü, həm daxili tərtibatı ən yüksək səviyyədədir. Çox böyük zövqlə tikilibdir. Əminəm ki, Xızı rayonunun sakinləri bu Mərkəzdən səmərəli şəkildə istifadə edəcəklər. Çünki bu Mərkəzdən gənclər, yeniyetmələr, yaşlı nəslin nümayəndələri müxtəlif istiqamətlər üzrə istifadə edə bilərlər. Həm funksional, həm memarlıq baxımından çox gözəl bir yerdir. Burada fəaliyyət göstərəcək dərnəklərdə gərək gənclər iştirak etsinlər və bu Mərkəz yaşamalıdır. Çünki belə gözəl bina tikilib və əlbəttə ki, bunun funksional tərəfi də yüksək səviyyədə təşkil edilməlidir.

Mərkəz Ulu Öndərin adını daşıyır və bu da təbiidir. Çünki Heydər Əliyev müstəqilliyimizin banisidir. Məhz onun fəaliyyəti nəticəsində bu gün Azərbaycan müstəqil dövlət kimi yaşayır, güclənir. Ölkəmiz üçün ən ağır dövrdə xalqın tələbi ilə rəhbərliyə gəlmiş Heydər Əliyev müstəqilliyi təmin edib, vətəndaş müharibəsinə son qoyub, ölkəmizi inkişaf yoluna çıxarıb. Bu gün biz bu siyasətə bütün istiqamətlər üzrə sadiqik və ölkəmizin uğurlu inkişafı bu siyasətin nəticəsidir. Bu inkişafı biz Xızı rayonunun timsalında da görürük. Çünki bildiyiniz kimi, Xızı o qədər də böyük rayon deyil, əhali də 15 min civarındadır.

Buna baxmayaraq, Xızının sosial-iqtisadi inkişafı üçün bütün lazımi tədbirlər görülür. Biz bu tədbirləri ardıcıllıqla görürük ki, bütün insanları narahat edən məsələlər öz həllini tapsın. Magistral yoldan Xızıya gözəl bir yol çəkilib. Bu yol əvvəlki dövrdə o qədər də yaxşı vəziyyətdə deyildi. İndi ən gözəl standartlara uyğundur. Burada digər yol layihələri icra edilir. Bu yaxınlarda kənd yollarının tikintisi üçün əlavə vəsait ayrılmışdır. Altıağac kəndinə qədər gedən yol əsaslı şəkildə tikiləcəkdir. Digər yol layihələri indi həllini gözləyir və o məsələlər də həll olunacaqdır. Şurabad kənd yolu da tikilməlidir. Bu məqsədlər üçün də vəsait ayrılacaq. Yəni, yol infrastrukturu əsasdır və indi ölkəmizin bütün yerlərində kənd yolları prioritet kimi gündəlikdədir. Yol olanda əlbəttə ki, rahatlıq da, inkişaf da olur. Xızının turizm potensialı çox böyükdür. Burada çox gözəl təbii şərait var - gözəl dağlar, təmiz hava. Bu gün mənə yeni layihə təqdim olundu. Gözəl otelin tikintisi nəzərdə tutulur. Yəni, bu sahədə əlavə tədbirlərin görülməsi əlbəttə ki, rayonun iqtisadi potensialını artıracaqdır. Çünki ilk növbədə yol olmalıdır, infrastruktur layihələri icra edilməlidir. Hər rayon üçün onun spesifikasına uyğun olaraq iqtisadi inkişaf planı da nəzərdə tutulur, o cümlədən Xızı üçün. Bildiyiniz kimi, üçüncü regional inkişaf proqramında Xızı rayonunun inkişafı üçün bütün lazımi tədbirlər nəzərə alınıb.

Keçən dəfə burada olarkən biz xəstəxananın açılışını qeyd etmişik. Bu, çox gözəl tibb ocağıdır. Həm gözəldir, həm də ki, orada quraşdırılan bütün avadanlıq dünya klinikalarından geri qalmır. Hesab edirəm ki, bu da insanların sağlamlığına çox böyük töhfədir.

Xızı rayonunda kənd təsərrüfatının inkişafı üçün çox önəmli addım atılmışdır. Suvarma layihəsinə start verildi və bu layihə Taxtakörpü su anbarının tikintisindən sonra mümkün olmuşdur. Taxtakörpü su anbarının tikintisi ölkədə son vaxtlar qeyri-neft sektorunda infrastruktur layihələri arasında bəlkə də ən böyüyüdür, kənd təsərrüfatının inkişafı üçün xüsusi əhəmiyyətə malikdir. Samur-Abşeron kanalı, Taxtakörpü su anbarı, elektrik stansiyası, Taxtakörpü-Ceyranbatan kanalı - bu layihələr artıq icra edilibdir. Beləliklə, biz Samur çayının sularından istənilən həcmdə istifadə edirik. İndi isə biz artıq bu kanal üzərində yerləşən rayonların kənd təsərrüfatına da ciddi diqqət göstəririk.
Siyəzən, Şabran və Xızı rayonlarında böyük həcmdə yeni torpaq sahələri dövriyyəyə buraxılacaqdır. Xızı rayonunda isə doqquz min hektar torpaq su ilə təmin ediləcəkdir. Hazırda Xızı rayonunda suvarılan torpaqların sahəsi üç min hektardır. Yəni, indikindən üç dəfə çox torpaq suvarılacaqdır. Beləliklə, fermerlər üçün əlavə imkanlar yaranacaqdır. Fermerlər gərək o torpaqlardan səmərəli şəkildə istifadə etsinlər. Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, yerli icra hakimiyyəti birlikdə bu işlərlə məşğul olmalıdırlar ki, biz bu torpaqlarda əkiləcək məhsulların nomenklaturasını müəyyən edək.
Yəni, bu, kənd təsərrüfatının inkişafı üçün çox böyük layihədir, böyük töhfədir. Əminəm ki, yaxın vaxtlarda - bir il ərzində artıq bütün lazımi şəbəkə qurulacaqdır. İndi boru xətləri və kanallar tikilməlidir ki, hazırda səhraya bənzəyən o torpaqlar artıq gülüstana çevrilsin.
Bax, budur bizim konkret gördüyümüz işlər. Xızı rayonunun gələcək inkişaf ilə bağlı, əlbəttə ki, əlavə tədbirlər görüləcəkdir. Mən bilirəm ki, problemlər də vardır. Onların arasında birinci problem içməli su problemidir. Bildiyiniz kimi, indi ölkə üzrə bu problem tədricən öz həllini tapır. Əminəm ki, üçüncü regional inkişaf proqramının icrası nəticəsində bizim bütün şəhərlərimizdə içməli su layihələri təmin ediləcəkdir, o cümlədən Xızı rayonunda.
Bilirəm ki, mənbənin müəyyən edilməsi ilə bağlı müxtəlif çətinliklər vardır. O məsələ də öz həllini tapacaqdır. Yəni, Xızı rayonuna da təmiz, içməli su gətiriləcəkdir. Çünki biz indi bu layihələrə böyük diqqət göstəririk. Artıq son vaxtlar bir neçə şəhərə təmiz içməli su gətirilibdir. Eyni zamanda, kanalizasiya layihələri də bərabər aparılır, o cümlədən Xızıda da bu məsələ öz həllini tapacaqdır.

Yəni, son vaxtlar aparılan işlər onu göstərir ki, biz bütün problemləri ardıcıllıqla həll edirik və həll edəcəyik. Misal üçün, bu gün Xızıda qazlaşma doxsan faiz təşkil edir. Amma vaxtilə burada qaz yox idi, yollar yox idi. Yollar tikilibdir. Xəstəxana yox idi, xəstəxana tikilibdir. İndi içməli su layihəsi də icra ediləndən sonra demək olar ki, əsas infrastruktur məsələləri həll olunacaqdır.

Suvarma layihəsinə start verildi. Fermerlərə güzəştli şərtlərlə kreditlər verilir. Təkcə o qalıb ki, insanlar bu imkanlardan səmərəli şəkildə istifadə etsinlər, işləsinlər və öz əməyi ilə ölkəmizi daha da möhkəmləndirsinlər. Bizim ümumi inkişafımız göz qabağındadır. Azərbaycan öz sürətli inkişaf dövrünü yaşayır və ölkədə böyük quruculuq işləri aparılır.
İqtisadiyyatımız artır, sosial məsələlər həll olunur. Ölkədə sabitlik və vətəndaş həmrəyliyi hökm sürür. Bir sözlə, bu gün Azərbaycan məhz görülən işlərə görə dünya miqyasında diqqət mərkəzinə çevrilib. Biz bu işləri ardıcıllıqla görürük. Hər bir istiqamət üzrə bu işlər konkret proqram əsasında aparılır, o cümlədən rayonların inkişafı və Xızı rayonunun gələcək inkişafı ilə bağlı bizdə heç bir şübhə yoxdur. Daha da böyük işlər görüləcəkdir, insanlar daha da yaxşı yaşayacaqlar.

Əminəm ki, dediyim məsələlərin reallaşması nəticəsində biz hələ sizinlə çox görüşəcəyik. Çünki gələcəkdə burada yenə də böyük açılışlar olacaqdır.
Sizi bir daha salamlayıram. Sizə ən xoş arzularımı çatdırıram.


X X X

Azərbaycan Prezidenti İlham Əliyevə rayon sakinlərinin təşəkkürünü çatdıran Əməkdar Müəllim Xatirə Şahgəldiyeva dedi:
- Möhtərəm cənab Prezident, Sizi xızılılar adından salamlayıram. Xızı torpağına xoş gəlmisiniz.
Biz müstəqil Azərbaycan dövlətinin bugünkü inkişafına görə hər birimizin borclu olduğu dahi şəxsiyyətin - Heydər Əliyevin adını daşıyan möhtəşəm Mərkəzin açılışına toplaşmışıq. Hər bir azərbaycanlı çox gözəl bilir ki, Heydər Əliyev Vətənimizin, insanlarımızın gələcəyi naminə çalışıb, ömrünü Vətəninə, xalqına həsr edib. Heydər Əliyevin cəsarəti, uzaqgörənliyi, müdrikliyi nəticəsində Azərbaycan ayağa qalxdı, möhkəmləndi, müstəqil bir dövlət kimi özünü qoruyub saxlaya bildi, iqtisadiyyatını gücləndirdi. Elə o dövrdən bu günədək Azərbaycan bu yolla sürətlə inkişaf edir, irəliləyir.
Qarşımızdakı bu əzəmətli Mərkəzdə müxtəlif dərnəklər yaradılmışdır. Biz inanırıq ki, gənclərimiz bu dərnəklərdə müsbət yönümdə təhsil, tərbiyə alacaqlar. Onlar maraq və istəklərinə uyğun məşğuliyyət tapacaq, bir-birləri ilə informasiya, fikir mübadiləsi edəcəklər.
Yaratdığınız bu şəraitə görə Sizə ictimaiyyətimiz adından minnətdarlığımızı bildiririk. Ən başlıcası isə bu Mərkəzdə gənclərimiz Heydər Əliyevin nümunəsində Vətəni sevməyi, ona sədaqətlə xidmət etməyi öyrənəcəklər. Biz fəxr edirik ki, Ulu Öndərimizin qurub yaratdığı müstəqil Azərbaycan dövlətinin sükanı bu gün etibarlı əllərdə - Sizin əllərinizdədir. Sizin rəhbərliyinizlə ölkəmiz bu gün çox güclü, özü-özünü hər cəhətdən təmin edə bilən qüdrətli dövlətə çevrilib. Onun səsi mötəbər beynəlxalq kürsülərdən gəlir. O öz sözünü hər bir məqamda, hər bir şəraitdə açıq deyə bilir. Dünyanın aparıcı dövlətləri onunla - bizim dövlətimizlə hesablaşır. Bu, bir həqiqətdir. Biz bununla qürur duyuruq. İnanırıq ki, gələcəkdə də Sizin rəhbərliyiniz altında ölkəmiz yeni-yeni zirvələr fəth edəcəkdir.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanımla birgə Sizin çiyin-çiyinə gördüyünüz işləri sözlə ifadə etmək qeyri-mümkündür. Cəmiyyətimiz, insanlarımız, xüsusilə gənclərimizin sağlam, savadlı, istedadlı olmaları, hərtərəfli inkişaf etmələri üçün çox önəmli layihələr həyata keçirir, çox gözəl şərait yaradırsınız. Ulu Öndər, Siz, Mehriban xanım, hətta Sizin övladınız Leyla xanım da dövlətə sədaqətin, dövləti sevməyin nümunəsisiniz. Cənab Prezident, Siz həm gənclərimizə, həm də bütün dünyaya Vətənə sədaqətli olmağı nümayiş etdirirsiniz.

Möhtərəm cənab Prezident, heç bir şübhə yoxdur ki, Sizin bəyan etdiyiniz kimi, bizim gözəl Vətənimizin ərazi bütövlüyü bərpa olunacaq, işğaldan əzab çəkən soydaşlarımız öz ata-baba torpaqlarına qayıdacaqlar. Sizin kimi mərd, cəsarətli, rəşadətli Prezidentimizlə biz buna mütləq nail olacağıq. O müqəddəs günü biz Sizinlə səbirsizliklə gözləyirik.
Möhtərəm cənab Prezident, məktəbimdə, evimdə, ailəmdə, rayonumda baş verən dəyişikliklərin canlı şahidiyəm. Heç xəyalıma belə gətirə bilməzdim ki, 10-15 il bundan əvvəlki, sanki hamı tərəfindən unudulmuş, Bakıya yaxın olsa da ucqar sayılan Xızı bu gün belə gözəl, müasir, abad bir şəhərə çevriləcəkdir. Mənim doğma rayonum gündən-günə sürətlə inkişaf edir, yollar, parklar salınır, yeni evlər tikilir, misli görülməmiş quruculuq, abadlıq işləri aparılır.

Cənab Prezident, bu gün hər bir azərbaycanlı öz qüdrətli ölkəsində rahat yaşayır. Gələcəyimizə isə möhkəm bir əminlik vardır. Çünki Siz həmişə Azərbaycanı irəliyə, yeni-yeni zirvələrə aparırsınız. Xalq Sizə inanır, arxanızca gedir və hər zaman gedəcəkdir. Allah Sizi qorusun!


---------
17:19


Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, iyulun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xızı rayonuna səfəri çərçivəsində Taxtakörpü-Ceyranbatan kanalından suyun yeni suvarılan torpaqlara verilməsi üçün suburaxıcı qurğunun təməlinin qoyulması mərasimində iştirak edib.

Başlanğıcını Azərbaycan ilə Rusiya sərhədində Samur çayından götürən və uzunluğu 182 kilometr olan Samur-Abşeron kanalı hazırda respublikanın şimal bölgəsi rayonlarının 150 min hektara yaxın torpaq sahəsini suvarma suyu və Bakı, Sumqayıt şəhərlərini, habelə Abşeron yarımadasını içməli, suvarma və texniki su ilə təmin edən irimiqyaslı kompleks su təsərrüfatı obyektidir.

"Samur-Abşeron suvarma sisteminin yenidən qurulması" layihəsinə daxil olan Vəlvələçay-Taxtakörpü və Taxtakörpü-Ceyranbatan kanallarının, Taxtakörpü su anbarının Su Elektrik Stansiyası ilə birlikdə tikintilərinin beynəlxalq maliyyə qurumlarının krediti və Dövlət Neft Fondunun vəsaiti hesabına 2013-cü ildə başa çatdırılması respublikamızın şimal bölgəsi rayonlarında və Abşeron yarımadasında 150 min hektara yaxın mövcud əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına və 30 min hektar yeni torpaq sahələrini suvarma suyu ilə təmin etməklə onların kənd təsərrüfatı dövriyyəsinə cəlb olunmasına şərait yaradıb. Buna görə də Prezident İlham Əliyevin tapşırığına əsasən həmin layihənin icrası davam etdirilir.

Dövlətimizin başçısı Samur-Abşeron kanalını qidalandırmaq üçün şimal çaylarında sugötürücü və nəqletmə qurğularının tikintisi, Şabran, Siyəzən, Xızı rayonları üzrə suvarılacaq torpaq sahələrinin planı, Samur-Abşeron suvarma sistemi zonasında həmin rayonlardakı mövcud suvarılan torpaqlarda su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi, həmçinin Samur-Abşeron kanalı sistemi üzrə mövcud və yeni suvarılan torpaqların planı ilə tanış oldu.

"Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə Prezident İlham Əliyevə məlumat verdi ki, Taxtakörpü su anbarının istifadəyə verilməsi ilə əlaqədar layihə zonasında yerləşən rayonlarda yeni suvarılan torpaqların müəyyənləşdirilməsi ilə bağlı dövlətimizin başçısının verdiyi tapşırıqların icrasına əsasən aparılan araşdırmalar nəticəsində "Samur-Abşeron suvarma sisteminin yenidən qurulması" layihəsi zonasında 30 min 153 hektar, o cümlədən Şabran rayonunda 13 min 678, Siyəzən rayonunda 7 min 962 və Xızı rayonunda 8 min 513 hektar yeni suvarılan torpaq sahələri müəyyən edilib.

Beynəlxalq məsləhətçilər tərəfindən "Samur-Abşeron suvarma sisteminin yenidən qurulması" layihəsinin davamı olaraq Xızı, Siyəzən və Şabran rayonlarında yeni suvarılan torpaqların istifadəyə verilməsi üçün mütərəqqi suvarma texnikasının tətbiqi ilə meliorativ tədbirlərin, eləcə də mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılmasının layihə sənədləri hazırlanıb. Birinci növbədə Xızı rayonunun inzibati ərazisi üzrə yeni suvarılan torpaqların istifadəyə verilməsi üçün meliorativ tədbirlərin layihə sənədləri tamamlanaraq tikintiyə hazırlıq işlərinə başlanılıb. Siyəzən rayonu üzrə layihə sənədlərinin hazırlanması başa çatmaq ərəfəsindədir. Şabran rayonunda isə bu işlər davam etdirilir.
Layihəyə əsasən Xızı rayonu üzrə yeni suvarılan torpaq sahələri dəqiqləşdirilərək, onun 9609 hektar və su təminatı yaxşılaşdırılacaq mövcud əkin sahələri 2970 hektar olmaqla cəmi 12 min 579 hektar müəyyən edilib. Layihədə yeni inşa olunmuş Taxtakörpü-Ceyranbatan kanalından suvarma suyunun mövcud və yeni suvarılan torpaq sahələrinə verilməsi üçün ümumi uzunluğu 261,4 kilometr, o cümlədən 194,5 kilometr qapalı və 66,9 kilometr açıq suvarma şəbəkələrinin tikintisi nəzərdə tutulur. Torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədilə 630 hektar sahədə qapalı drenaj şəbəkəsi layihələndirilib.

Bildirildi ki, cari ildə Dövlət Neft Fondundan "Samur-Abşeron suvarma sisteminin yenidən qurulması" layihəsinə ayrılmış vəsait hesabına Xızı və Siyəzən rayonlarında yeni suvarılan torpaqlarda meliorativ tədbirlərin aparılmasına başlanılıb. Birinci mərhələdə Xızı rayonunun 3396 hektar yeni suvarılacaq torpaq sahələrində bu işlərin tamamlanması nəzərdə tutulur.
Eyni zamanda, Dövlət Neft Fondunun vəsaiti hesabına Samur-Abşeron kanalının 50-ci kilometrliyində yerləşən Qusarçay, Qudyalçay, Quruçay, Ağçay, Qaraçay və Caqacuqçay şimal çaylarından sugötürücü və nəqledici kanalların tikintisinin layihə sənədləri hazırlanaraq cari ildə Qusarçay və digər iki çayda tikinti işlərinə başlanıb. Bu tədbirin başa çatması ilə Samur-Abşeron kanalına orta sulu illərdə əlavə 322 milyon kubmetrdən çox suyun verilməsinə, bununla da bu çayların zonasında yerləşən mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılmasına imkan yaranacaq.

Prezident İlham Əliyev Taxtakörpü-Ceyranbatan kanalından suvarma suyunun yeni suvarılan torpaqlara verilməsi üçün suburaxıcı qurğunun təməlini qoydu.

Dövlətimizin başçısı bölgə üçün çox mühüm əhəmiyyət kəsb edən layihənin yüksək səviyyədə icrası ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

---------
15:35


Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, iyulun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xızı şəhərində inşa edilmiş 25 fərdi evdə yaradılan şəraitlə tanış olub.

Azərbaycan yeganə ölkələrdəndir ki, təbii fəlakətlər zamanı evləri dağılmış insanlara dövlət vəsaiti hesabına yeni mənzillər tikilir. Xızı şəhərində də müxtəlif təbii proseslər zamanı 25 fərdi ev qəzalı vəziyyətə düşmüşdü. Dövlətimizin başçısının göstərişinə əsasən həmin evlərin sahibləri üçün dövlət vəsaiti hesabına yeni evlər inşa olunub. Bu işlər qısa zamanda, həm də yüksək keyfiyyətlə həyata keçirilib. Belə tədbirlər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mərkəzində insan amilinin durduğuna daha bir əyani misal, "Mən hər bir azərbaycanlının prezidenti olacağam", - deyən dövlətimizin başçısının fəaliyyətinin real nəticələridir. Həyata keçirilən bu layihələr Azərbaycan dövlətinin ilk növbədə vətəndaşların sosial-rifah halının və mənzil-məişət şəraitinin yaxşılaşdırılması naminə gördüyü işlər sırasındandır. Bu, həm də Azərbaycanın iqtisadi gücünü və potensialını nümayiş etdirir.

Bildirildi ki, bu yeni massivin sakinlərinin əvvəlki evləri rayonda müxtəlif illərdə baş vermiş ekzogen proseslər, o cümlədən qeyri-normal yağıntı, torpaq sürüşməsi, çökmə nəticəsində yaşayış üçün yarasız vəziyyətə düşüb. İkimərtəbəli evlərdə hər cür şərait yaradılıb. Dördotaqlı evlərin hər birinin 7 sot həyətyanı torpaq sahəsi var. Yeni massiv bütün infrastrukturla təchiz edilib. Ərazidə geniş abadlıq işləri görülüb, istirahət guşəsi və uşaq əyləncə meydançası yaradılıb.
---------
15:23


Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, iyulun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xızıya səfəri çərçivəsində Cəfər Cabbarlı parkında yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

İqtisadiyyatın güclənməsi nəticəsində əldə edilən gəlirlər hesabına regionların sosial-iqtisadi tərəqqisinə yönəldilən tədbirlərin sayı xeyli artıb. Bu tədbirlər sırasında yeni park, xiyaban və istirahət mərkəzlərinin salınmasına və ya günün tələbləri səviyyəsində yenidən qurulmasına xüsusi diqqət yetirilir. Müasir səviyyədə yenidən qurulan parklardan biri də Xızıdakı Cəfər Cabbarlı parkıdır. Bu istirahət məkanının yenidən qurulması sosial məna daşımaqla yanaşı, həm də mənəvi əhəmiyyətə malikdir. Bu park həm də Xızıda doğulmuş Azərbaycanın görkəmli dramaturqu Cəfər Cabbarlının xatirəsinə olan ehtiramı nümayiş etdirir. Bu tədbirlər bir daha sübut edir ki, Azərbaycan dövləti görkəmli şəxsiyyətlərinin xatirəsinə daim böyük hörmətlə yanaşır, onların fəaliyyətlərini gələcək nəsillərə çatdırmaq və gələcək nəsillərdə dünya səviyyəli azərbaycanlıların xatirəsinə sevgi aşılamaq üçün tarixi işlər görür.

Dövlətimizin başçısı Cəfər Cabbarlının parkda ucaldılmış abidəsi önünə gül dəstəsi qoydu.
Azərbaycan Prezidentinə parkda aparılan abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verildi. Bildirildi ki, ümumi sahəsi 5800 kvadratmetr olan parkda sakinlərin istirahəti üçün hərtərəfli şərait yaradılıb, geniş yaşıllıq zolağı salınıb. Parkda aparılan yenidənqurma işləri zamanı ən xırda detallar da nəzərə alınıb. Bunun nəticəsidir ki, park Xızının ən gözəl və görkəmli yerlərindən birinə çevrilib. Burada yaradılan şərait həm də ümumilikdə rayonda aparılan abadlıq-quruculuq işlərinin həcmini aydın göstərir. Azərbaycan teatr sənətinin inkişafında böyük xidmətləri olmuş, görkəmli dramaturq Cəfər Cabbarlının adını daşıyan bu parkda yaradılan şərait istər rayon sakinlərinin, istərsə də Xızıya gələn qonaqların istirahətinin mənalı təşkili üçün geniş imkanlar açır.

----------
14:52


Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, iyulun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xızı Rayon İcra Hakimiyyətinin yeni binasında yaradılan şəraitlə tanış olub.

Prezident İlham Əliyevin sərəncamları və tapşırıqları əsasında regionlarda həyata keçirilən quruculuq işləri hər bir bölgənin inkişaf strategiyasına uyğun aparılır. Yeni tikilən binalar bölgələrin simasını daha da gözəlləşdirir. İndi bütün regionlarda səngiməyən abadlıq-quruculuq işləri ölkəmizin kompleks inkişafını təmin edir. Bu sırada Xızı rayonunda görülən işlər də diqqəti cəlb edir. Rayon icra hakimiyyəti üçün yeni tikilən binada yaradılan şərait ölkədə dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsinin daim diqqət mərkəzində olduğunu təsdiqləyir. Bundan başqa, müasir memarlıq üslubunda inşa olunan həmin bina rayonun görkəminə də xüsusi gözəllik verir. Bina bütün lazımi avadanlıq və sistemlərlə təchiz edilib. Otaqların hamısı müasir tələblər səviyyəsində qurulub.

Dövlətimizin başçısına məlumat verildi ki, binanın inşasına 2013-cü ilin aprelində başlanılıb və bu ilin iyulunda başa çatdırılıb. Foyedə ümummilli lider Heydər Əliyevin büstü qoyulub. Binada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizin tərəqqisi naminə çoxşaxəli fəaliyyətlərini əks etdirən fotoguşələr yaradılıb. Fotoguşələrdə, həmçinin Prezident İlham Əliyevin müxtəlif illərdə Xızı rayonunda keçirilən tədbirlərdə iştirakını əks etdirən şəkillər böyük maraq doğurur.

Dövlətimizin başçısı otaqlarda yaradılan şəraitlə də tanış oldu. Otaqların hamısı müasir tələblər səviyyəsində qurulub. Burada müasir idarəetmə metodlarından istifadə etmək üçün bütün texniki imkanlar yaradılıb. Bu da icra strukturunun işinin daha mükəmməl qurulmasına, rayon icra hakimiyyəti əməkdaşlarının səmərəli fəaliyyətinə geniş imkan yaradır. Operativ idarəetmə otağı vasitəsilə sakinlər inzibati binaya gəlmədən onları narahat edən problemlərlə əlaqədar icra hakimiyyətinin məsul şəxsləri ilə birbaşa videoəlaqə yarada biləcəklər. Artıq rayonun bütün icra nümayəndəlikləri şəbəkəyə qoşulub.

Akt zalında tədbirləri yüksək səviyyədə keçirmək üçün hər cür şərait yaradılıb. Binada kitabxana, iclas və konfrans zalları, inzibati və digər otaqlar vardır. İcra hakimiyyətinin binası, eyni zamanda, şəhərin simasına yeni görkəm verir. Binanın yerləşdiyi ərazidə geniş yaşıllaşdırma işləri aparılıb, müasir işıqlandırma sistemi quraşdırılıb.
Prezident İlham Əliyev əhaliyə yüksək xidmət göstərilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verdi.


---------
14:38

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, iyulun 22-də Xızıda Heydər Əliyev Mərkəzi açılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Azərbaycan dövlətçiliyinin möhkəm əsaslar üzərində qurulmasında, respublikamızın hərtərəfli inkişafında müstəsna xidmətləri olan ümummilli lider Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə ölkəmizin bütün bölgələrində, o cümlədən Xızıda mühüm işlər görülür və vacib layihələr reallaşdırılır. Rayonun mərkəzində yeni tikilən Heydər Əliyev Mərkəzi Ümummilli Liderin xatirəsinə dərin ehtiramın nümunəsidir. Mərkəzdə Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar və eksponatlar toplanıb. Burada Heydər Əliyevin Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi, bu böyük şəxsiyyətin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində müstəqilliyin ilk illərində ölkəmizdə vətəndaş müharibəsinin qarşısının alınması, iqtisadiyyatın ağır böhran vəziyyətindən çıxarılaraq inkişaf yoluna qədəm qoyması, qüdrətli ordu quruculuğu istiqamətində həyata keçirilən mühüm tədbirləri əks etdirən foto, kitab və digər vəsaitlərə geniş yer verilib. Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq fəlsəfəsinin təbliği, Azərbaycan vətəndaşlarının dünyada gedən müasir proseslər çərçivəsində öz vətəni, milləti və xalqının taleyi ilə bağlı genişmiqyaslı layihələrdə iştirakının təmin olunması, onların arzu və niyyətlərini gerçəkləşdirmək əzminin reallaşması baxımından mühüm əhəmiyyət daşıyan Heydər Əliyev Mərkəzi həm də Azərbaycanın müasir reallıqlarını əks etdirir.

Dövlətimizin başçısı Heydər Əliyev Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, Mərkəzin tikintisinə 2013-cü ilin aprelində başlanıb. Binanın ətrafında geniş abadlıq-quruculuq işləri görülüb. Müasir interyeri ilə diqqəti cəlb edən Mərkəzin foyesində Ümummilli Liderin büstü qoyulub. Mərkəzdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə dair tarixi sənədlərə geniş yer verilib. Burada Ümummilli Liderin həyatının uşaqlıq, gənclik və tələbəlik illəri, həmçinin sovet və müstəqillik dövrünə aid müxtəlif fotoları maraqla qarşılanır. Bu fotolarda Ümummilli Liderin istər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə Azərbaycana rəhbərliyinin müxtəlif məqamları əks olunub. Bundan başqa, Mərkəzdə Ümummilli Liderlə bağlı kitablar, sənədlər və digər maraqlı eksponatlar sərgilənir. Binada, həmçinin Prezident İlham Əliyevin Xızıya səfərlərini əks etdirən fotolardan ibarət stend də maraq doğurur. Son illərdə respublikamızda fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində yeni ailə quran gənclərin nikah mərasimlərinin təşkili kimi xoşməramlı tədbirlərə də başlanıb. Qeyd edildi ki, bu Mərkəzdə də vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı və bununla bağlı mərasimlərin təşkili də nəzərdə tutulur.
Mərkəzin tikintisində şəhərsalma memarlığının son nailiyyətlərindən istifadə olunub. Burada sərgi salonu, kafe, istirahət və digər yardımçı otaqlar var. Açıq sərgi salonunda maraqlı rəsm nümunələri sərgilənir. Mərkəzdə elektron kitabxana, kulinariya, xalq sənətkarlığı emalatxanası, musiqi və heykəltəraşlıq dərnəkləri fəaliyyət göstərəcək. Bu dərnəklər gənclərin müxtəlif sənətlərin sirlərinə yiyələnməsinə, onların asudə vaxtının səmərəli təşkilinə geniş imkanlar yaradır. Mərkəzdəki kompyuter otağı, rəsm və dizayn studiyaları, virtual sinif də müasirliyi ilə diqqəti cəlb edir. Burada rayonun ictimai-siyasi həyatında baş verən mühüm hadisələr və əlamətdar günlərlə bağlı tədbirləri yüksək səviyyədə keçirmək üçün hərtərəfli imkan yaradılıb. Mərkəzdəki 230 yerlik akt və kiçik konfrans zallarında ictimai-siyasi və mədəni-kütləvi tədbirlərin, o cümlədən ulu öndər Heydər Əliyevin zəngin irsinin geniş təbliği məqsədilə açıq dərslərin keçirilməsi nəzərdə tutulub. Buraya gələnlər 3D kino zalından, pnevmatik tir zallarından istifadə edə bilərlər.

Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra dövlətimizin başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Əməkdar Müəllim Xatirə Şahgəldiyeva Prezident İlham Əliyevə rayon sakinlərinin təşəkkürünü çatdırdı.

Sonda xatirə şəkli çəkdirildi.

---------
13:52


Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, iyulun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xızı rayonuna səfəri çərçivəsində Heydər Əliyev Parkında aparılan yenidənqurma işləri ilə tanış olub.

Ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası bölgələrin daha da gözəlləşməsi, regionların simasına yeni elementlərin əlavə edilməsi ilə müşayiət olunur. Şəhər və rayonlarımızda aparılan quruculuq işləri çərçivəsində park və xiyabanların salınması və ya yenidən qurulması da diqqətdən kənarda qalmır. Bu sahədə həyata keçirilən işlər çərçivəsində Xızı rayonundakı Heydər Əliyev Parkının yenidən qurulması da xüsusi əhəmiyyət kəsb edir. Rayon mərkəzində yerləşən bu mədəniyyət və istirahət parkının ərazisi tamamilə yenidən qurulub. Xızının mərkəzi hissəsinə xüsusi yaraşıq verən bu park rayon sakinlərinin istirahətinin yüksək səviyyədə təşkilinə xidmət edir.

Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov parkda görülən abadlıq və quruculuq işləri barədə dövlətimizin başçısına məlumat verdi.
Bildirildi ki, rayon sakinlərinin mənalı istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün 3,6 hektar ərazidə salınmış parkda ardıcıl olaraq yenidənqurma və tikinti-quraşdırma işləri aparılır. Yenidənqurma işləri zamanı milli memarlıq üslubu ilə müasirlik tam uzlaşdırılıb, orijinal elementlər və formalarla zənginləşdirilib. Parkın ərazisində çoxlu ağac və dekorativ gül kolları əkilib, çəmənlik salınıb.

Ölkəmizdə aparılan abadlıq-quruculuq işləri əhalinin istirahətinin təşkilində ciddi dəyişikliklərə səbəb olub. Şəhər və rayonlarımızın simasını daha da gözəlləşdirən yeni parkların salınması, həmçinin mövcud parkların yenidən qurulması diqqət mərkəzində saxlanılır. Bu da regionlarda həyata keçirilən quruculuq işlərinin davamlı və kompleks xarakter daşımasına əyani sübutdur.

Prezident İlham Əliyevə Xızı şəhərinin mərkəzi hissəsinin yenidən qurulması layihəsi barədə ətraflı məlumat verildi.
Bildirildi ki, layihədə nəzərdə tutulan "Xızı Grand Hotel" ən yüksək standartlar səviyyəsində inşa olunacaqdır.

---------
11:29


Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, iyulun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xızı rayonuna səfərə gəlib.

Dövlətimizin başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Xızı şəhərinin mərkəzindəki abidəsi önünə gül dəstəsi qoydu.

Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov abidənin ətrafında görülmüş işlər barədə dövlətimizin başçısına məlumat verdi.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

---------
17:19

Taxtakörpü-Ceyranbatan kanalından suyun yeni suvarılan torpaqlara verilməsi üçün suburaxıcı qurğunun təməli qoyulub



---------
15:35

Prezident İlham Əliyev Xızı şəhərində inşa edilmiş 25 fərdi evdə yaradılan şəraitlə tanış olub



---------
15:23

Cəfər Cabbarlı parkında yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanışlıq



----------
14:52

Xızı Rayon İcra Hakimiyyətinin yeni binası istifadəyə verilib



---------
14:38

Xızıda Heydər Əliyev Mərkəzi açılıb



---------
13:52

Prezident İlham Əliyev Xızıdakı Heydər Əliyev Parkında aparılan yenidənqurma işləri ilə tanış olub



----------
13:26

Prezident İlham Əliyev Xızı rayonuna səfərə gəlib

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.