Siyasət

Xəyallarını gerçək təki satanlar və onlara nifrət edən xalq

23 İyul 2014 01:00
0 Şərh     Baxış: 1 349

Ermənistanın onillərdən bəri illüziyalar və xəyalların siyasətə inikas etməsinin çox pis fəsadlara səbəb olacağı barədə hələ 1994-cü ildə Yerevandakı mitinqlərdən birində çıxış edən daşnak söyləmişdi.
 

20 il keçib, amma Ermənistanın yürütdüyü siyasətin məzmununda praktiki olaraq heç nə dəyişməyib.
 

Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sarkisyan iqtidarlarını birləşdirən, doğmalaşdıran məqam da arzuların reallıq sayılmasıdır.
 

Həmin xəyallar arasındakı ən böyüyü isə Rusiyanın həmişə və hər yerdə Ermənistanı dəstəkləyəcəyi, dar ayaqda ermənilərin dadına çatacağıdır.
 

Yerevandakı iqtidarlar bunun Rusiya tərəfindən atılacaq təmənnasız addım olacağını söyləyir, Moskva və Yerevanı "qırılmaz tellər"in bağladığını vurğulayırdılar.
 

Dağlıq Qarabağ münaqişəsi zonasında müharibə olduğu illərdə Rusiya Ermənistanı dəstəklədi. Daha doğrusu, Dağlıq Qarabağın ermənilər tərəfindən işğalında və hələ də onların nəzarətində qalmasında Rusiyanın rolu danılmazdır.
 

Bu, belədir və gerçəkdir. Amma Rusiya bütün bunları ermənilərə yardım, dəstək və ya hamilik üçün yox, sırf öz maraqlarının təminatı üçün edib. Triviallıq, primitivizmdir - amma belədir və geosiyasətin ən sadə gedişləri arasında yer alan olaydır.
 

Ermənistanda hakimiyyətdə olan dəstələr isə siyasətdən çox uzaq fərdin belə, asanlıqla anlayacağı həqiqətləri gizlətməyə, ermənilərin çoxdan dərk etdikləri nəsnələri yanlış təqdim etməyə çalışır.
 

Məntiqdən çox uzaq proses, hələ də, davam edir və deyəsən, yaxın illərdə səngiyən deyil.

Argentinanın "Clarin" qəzetinə verdiyi müsahibəsində Ermənistan prezidenti Serj Sarkisyan deyib: "Strateji tərəfdaşımız, müttəfiqimiz Rusiyanın Azərbaycana 2 milyard dollar məbləğində silah və hərbi texnikası satması bizi ciddi narahat edir. Lakin əminəm ki, zərurət yarananda Rusiya Ermənistanla bağlı öhdəliklərini yerinə yetirəcək".
 

Bu əminliyin səbəbi nədir? Cavabı olmayan sualdır.
 

Ermənistanın hakimiyyət dairələrinin açıqlamalarından fərqli olaraq ermənilər Rusiyanın onlara sayğı bəsləməsinə, "zərurət yaranacağı" zaman müttəfiqlik öhdəliklərini dərhal icra edəcəyinə inanmırlar. Onlar hesab edirlər ki, Yerevandakı hakimiyyətin millətə xəyanəti və ölkənin mənafelərini hərraca çıxarması nəticəsində "müttəfiq" Rusiya Ermənistanı aldadır.

Rusiya ermənilərə iqtisadiyyat və maliyyə məsələləri ilə bağlı verdikləri vədlərə də əməl etmir. Avrasiya İqtisadi Birliyinə qatılmaq istəyən Ermənistanın bütün səylərinə rəğmən, ölkənin üzvlük məsələsinin, hələ də, həll olunmaması göz qabağındadır.
 

Rusiya və Ermənistanın hakimiyyət dairələrin qarşılıqlı vədləri, danışıqları və bəyanatları strateji müttəfiqlik, sarsılmaz tərəfdaşlıq və faydalı işbirliyindən bəhs edir.
 

Bunlar sözlərdir.
 

Əməllər isə fərqlidir.
 

Rusiya illərdir ki, Ermənistanı hərbi, siyasi, iqtisadi və maliyyə sahələrində şantaj edir.

Serj Sarkisyan iqtidarı Moskvanın tələblərindən və əmrlərindən qurtulmaqda maraqlı olmadığından situasiyanın dəyişməsini istəmir.
 

Tam əksinə, o, hakimiyyətdə qalacağı müddətin sürəyini artırmaq məqsədilə Ermənistanın Rusiyadan aldığı göstərişlər əsasında hərəkət etməsinin bundan sonra davam etməsi üçün əlindən gələni edir.
 

Yerevandakı müxalifət situasiyadan bəhrələnmək və iqtidara qarşı daha kəskin mübarizə aparmaq üçün yaranmış şansları dəyərləndirmək əvəzinə əvvəlki səhvlərini təkrarlayır. Halbuki, Avropa Birliyi və ABŞ-ın S.Sarkisyan rejiminə təzyiqlərinin artdığı bir dövrdə protest elektoratının qüvvəsindən istifadə etməklə məqsədlərə doğru əhəmiyyətli addım atmaq olardı.
 

Ermənilər hakimiyyətlərindən narazıdırlar. Daha doğrusu, onlar S.Sarkisyanın başçılıq etdiyi kriminal-oliqarxik sistemə nifrət edirlər. Amma müxalifət kütləni küçələrə çıxararaq narazılığın potensialından soyuqqanlıqla faydalana bilmədiyi üçün genişmiqyaslı siyasi mübarizəni spontan qərarlar, tələblər və şərtlərlə əvəzləyib.
 

Sabiq prezident Levon Ter-Petrosyanın başçılıq etdiyi Erməni Milli Konqresi təxminən 4 il davam edən demaqogiyasını, hələ də, əməli işə çevirə bilmədiyindən digər keçmiş dövlət başçısı Robert Köçəryanın proseslərə təsir imkanlarını zərrə qədər zəiflədə bilmir.
 

R.Köçəryan da rəqib qismində EMK və daşnakları gördüyündən, onların qüvvələrinin artmasına yol verməməyə çalışır.
 

Qarşılıqlı zərbələr, didişmələr və mübarizə müxalifət düşərgəsindəki dağınıqlığı artırdığından udan hələlik Serj Sarkisyandır.
 

O, daxili siyasətdə potensial rəqiblərini və faktiki düşmənləri uğursuzluğa düçar etmək üçün variantları dəyişir, təzyiq vasitələrini daha fərqli edir və ən başlıcası - Rusiyanın dəstəyini itirməmək üçün öhdəlikləri ilə vədlərini yerinə yetirir.
 

Təbii ki, o vədlər erməni xalqı yox, Rusiya qarşısındakı mükəlləfiyyətlərdir.
 

Cənubi Qafqazda iqtisadi, hərbi və siyasi baxımdan ən zəif dövlətə dönmüş Ermənistanın perspektivlərinin yalnız Rusiya ilə bağlı olduğunu bəyan edən S.Sarkisyan dediklərinin gerçək olmadığını bilir.
 

Amma ona həqiqət gərək deyil ki...

Elçin Alıoğlu

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.