Siyasət

Politoloq: "RSTİ-nin direktoru Reşetnikovun səfir Qriboyedova sui-qəsd və SSRİ-nin dağılması ilə heç bir əlaqəsi olmayıb"

25 Aprel 2014 13:25
Baxış: 460
Rusiya Strateji Tədqiqatlar İnstitutun direktoru, General-leytenant Leonid Reşetnikovun erməni mətbuatına verdiyi müsahibə (http://noev-kovcheg.ru/mag/2014-07/4440.html) Rusiyanın siyasi elitasında əhəmiyyətli yer tutan bəzi dairələrin düşüncə tərzinin ümumiləşdirilmiş modeli kimi qəbul olunmalıdır.

Bu barədə Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq qeyd edib ki, yaşı, hərbi rütbəsi, tutduğu vəzifəsi və RF Prezident Administrasiyasının məsul rəhbərlərindən biri olması L.Reşetnikova başqa yanaşmanı mümkünsüz edir. Onun fikirləri RF rəsmisini tanımaq üçün ən yaxşı bələdçidir: "Digər münaqişəli regionlarla yanaşı Dağlıq Qarabağı da 1917-ci ilin ayağına yazır. Guya Ermənistandan qoparıb Azərbaycana veriblər. L.Reşetnikov "Qarabağ" terminində erməniyə mənsub olan heç nə tapa bilməz. Ona görə ermənilər indi bu regionun adını dəyişib "Artsax" qoyurlar. 1805-ci ildə Qarabağ xanlığı ilə (İbrahimxəlil xan) çar Rusiyası (Knyaz P.D.Sisianov) arasında Kürəkçay müqaviləsi imzalanır. Bundan az sonra Çar Rusiyası ilə İran arasında imzalanmış müqavilələrdə bu torpağın adı Qarabağ kimi rəsmiləşdirilib. Qarabağ və İrəvan xanlıq olub. Çar Rusiyasının İran üzərində müharibəni udması nəticəsində Azərbaycanın bu iki parçası digər ərazilərlə birlikdə Çar Rusiyasının tərkibinə birləşdirilib. Sonradan o xanlıqların ərazisinə İrandan və Osmanlı imperiyasından ermənilər köçürülüb. Ermənilərin köçürülməsini təşkil edən rus səfiri A.S.Qriboyedov idi. İndi ermənilər Reşetnikov kimilərə söykənərək Rusiyanın tarixinə üç barmağın fiqurunu nümayiş etdirirlər. Rusiya Strateji Tədqiqatlar İnstitunun direktorunun rus tarixinin vacib mərhələlərini bilməməsini və ya saxtalaşdırılmasını araşdırmaq bizim işimiz deyil".

M.Əhmədoğlu qeyd edib ki, nədənsə L.Reşetnikov Zəngəzurun Ermənistana verilməsini unudur. Məhz bununla da SSRİ tarixində ilk dəfə olaraq bir xalqın torpağı başqa xalqa verildi: "L.Reşetnikov qətiyyətli şəkildə bildirir ki, bir xalqı digər xalqın tərkibində yaşamağa məcbur etmək olmaz. IQ indeksinin yaratdığı düşüncə tərzinə bax! Çeçen, inquş, ləzgi, tatar və sair nə üçün Rusiyanın tərkibində yaşamalıdır? Ermənilər 300.000 azərbaycanlını Zəngəzurdan və Ermənistan SSR-in digər ərazilərindən deportasiya etdikdən sonra monoetnik dövlətə çevrildilər. Reşetnikovun fikrincə, bu, erməni xalqının üstünlüyüdür. Belə çıxır ki, Rusiyanın tərkibində olan digər xalqların təmsilçiləri də Rusiya ərazisindən yenidən qovulmalıdırlar. Çünki Rusiyanın rəsmi baş strateqi belə düşünür. Demək bunun hazırlayıb hökumətə təqdim etdiyi konsepsiyalarda da bu ideyalar öz əksini tapacaq. Bəlkə ləzgilər, çeçenlər, inquşlar, tatarlar, başqırdlar öz hüquqlarını müdafiəsi, təhlükəsizliklərinin təmini üçün elə indidən bir şey fikirləşsinlər. Ermənilər Arif Məhərrəmovun timsalında ləzgi separatçılığına Avropada tribuna yaratdılar. Reşetnikov öz əməkdaşı Y.Amelinadan bunu soruşa bilər. Hər halda ermənilər Reşetnikov kimilərin düşüncə tərzinə bələd olub bu addımı atıblar".

Politoloqun sözlərinə görə, L.Reşetnikov erməniləri xüsusi missiyası olan xalq hesab edir. Çəkdiyi misallardan nəyə işarə vurduğu aydın görünür: "Bu gün Rusiyadan kapital axınında Rusiyadakı ermənilərin xüsusi rolu var. Reşetnikov bacarırsa bunu öyrənsin. Vaxtilə ermənilər iddia edirdilər ki, Rusiyaya provaslavlığı ermənilər qəbul etdirib. İndi ermənilər hesab edirlər ki, Rusiyada Apostol dini yayılmalıdır. Rusiyadakı provaslavlıq Apostol dini deyil. Ona görə Moskvada böyük Apostol kilsəsi tikiblər. Ora hətta Reşetnikov kimilər də ibadət etmək üçün gedirlər. Ermənilərin missiyası belə şeylərdən ibarətdir".

M.Əhmədoğlu bildirib ki, Reşetnikov publik şəkildə sınaqdan keçməyib:

- Tehranda İran şahı və Britaniya səfirinin planı ilə səfir A.S.Qriboyedovun ermənilərin iştirakı ilə öldürülməsinə

- SSRİ dövründə 70-ci illərdə Moskva metrosunda ermənilərin törətdiyi partlayışa

- 70-80-ci illərdə Sovet pulunu saxtalaşdırmaqla ermənilərin törətdiyi iqtisadi diversiyalara

- SSRİ-nin dağılmasında Ermənilərin Qərbin xüsusi xidmət orqanlarının əlində alət olmasına

- SSRİ-nin dağılmasının bünövrəsinin Dağlıq Qarabağda ermənilər tərəfdən qoyulmasına

- Ermənistan bütün SSRİ respublikaları içərisində ilk olaraq Sovet ordusunu qovmasına

- 1991-ci ilin 17 martında SSRİ-nin qalması üzrə keçirilən referendumda Ermənistanın iştirak etməməsinə

- Rusiyanın hərbi bazasını öz ərazisinə dəvət edib, Rusiyanın adından Ermənistanın qonşularına hədə-qorxu gəlinməsinə

-Cənubi Qafqazın digər dövlətləri ilə Rusiyanın münasibətində ermənilərin gərginlik yaratmasına

- Rus dilinin və mədəniyyətinin ermənilər tərəfindən təhqir olunmasına

- Çərkəz soyqırımının ermənilər tərəfindən tanınmasına

- Şimali Qafqazda gərginliyin yaradılmasını Ermənistan rəhbərliyinin Qərb dövlətlərilə müzakirə etməsinə

- Qərbə hər an qaçmaqla bağlı prezident S.Sərkisyanın mükəmməl plan hazırlamasına

- NATO-nu Rusiyanın üzərinə Ermənistanın ruhlandırmasına

- Moskvada pravoslav dinini aşağılamağa cəhd etməsinə.

M.Əhmədoğlu həmçinin qeyd edib ki, bunlara Rusiya Strateji Tədqiqatlar İnstitutunun direktoru Reşetnikovunheç bir aidiyyəti yoxdur. Buna görə də ermənilər ona inanmamalıdırlar: "General-leytenant Reşetnikovun yadına salaq ki, indi RF Müdafiə Nazirliyi NATO-nu Rusiya ilə KTMT üzrə müttəfiqləri arasında nifaq salmaqda ittiham edir. Bu barədə RF müdafiə nazirinin müavini Anatoli Antonovun və KTMT-nin baş katibi Nikolay Bordyujanın son bir neçə gündəki müsahibələrinə diqqət versə, hər şey aydın olacaq. KTMT və NATO münasibətlərinin kəsişdiyi yeganə dövlət yalnız Ermənistandır".

Politoloqun sözlərinə görə, Rusiya siyasiləri içərisində ermənilərin təsiri altına düşüb Azərbaycanı hədələyənlər az deyil: "Bizim bəzi mətbu orqanları onların fikrini yaysa da, ölkə ictimaiyyətinin əksər hissəsi həmin siyasilərin mövqelərini nəzərə almır. L.Reşetnikov yüksək çinli rəsmi şəxsdir. Biz Azərbaycanda onun fikirlərinə laqeyd qala bilmərik. Görəsən, öz ölkəsində Reşetnikovun bu bəyanatlarına münasibət necədir?!"

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.