Siyasət

Bir ziyalı ömrünün manifesti...

25 Aprel 2014 12:25
Baxış: 1 164
Aprelin 26-da böyük pedaqoq, alim, istedadlı yazıçı, xeyirxah insan, əsl vətəndaş Mir Cəlal Paşayevin anadan olmasından 106 il ötür
Nə qədər ki, yer üzündə xeyirxah, əməlisaleh insanlar, millətinin işıqlı sabahı naminə ömrünü şam kimi əridən alimlər, ziyalılar var, o daim xatırlanaraq, yad ediləcəkdir.

Böyük zəhməti, parlaq istedadı, həmişə ürəyində gəzdirdiyi mərhəmət və xeyirxahlıq hissi onu daim yüksəklərə səsləmişdir. Hansı vəzifəni icra etməsindən asılı olmayaraq onun məramı, məqsədi, amalı bütünlükdə mənsub olduğu millətə xidmət etməklə keçmişdir.

XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayev məhz belə nurlu şəxsiyyətlərdən biri kimi xalqımızın yaddaşında özünə əbədiyaşarlıq qazanmışdır.

Mir Cəlal Əli oğlu Paşayev 1908-ci il aprelin 26-da Cənubi Azərbaycanın Ərdəbil vilayətində yoxsul kəndli ailəsində dünyaya göz açmışdır. Kiçik yaşlarında atası Gəncəyə köçdüyündən uşaqlığını burada keçirmişdir. Mir Cəlal 10 yaşında ikən atası vəfat etmiş, o, böyük qardaşının himayəsində yaşamışdır.

Əzablı ömür qisməti dünyaya gəldiyi ilk illərdən onu izləməyə başlasa da, Ulu Tanrının mərhəməti sayəsində Mir Cəlal Paşayev çox çətinliklərə sinə gərərək, öz yolu ilə inadla, inamla irəliləmişdir. O, 1918-1919-cu illərdə Xeyriyyə Cəmiyyətinin köməyi ilə ibtidai təhsil almış və Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Gəncə Darülmüəllimliyinə daxil olmuşdur. Tələbə təşkilatının, sonra isə şəhər tələbə həmkarlar təşkilatının sədri seçilmişdir.

Mir Cəlal Paşayev Kazan Şərq Pedaqoji İnstitutunun ədəbiyyat şöbəsində, Azərbaycan SSR Elmlər Akademiyasının aspiranturasında təhsilini davam etdirməklə yanaşı, müəllimlik etmiş və millətinin övladlarına xalqının ədəbiyyatını, mədəniyyətini, zəngin keçmişini mənimsətmişdir. Bu mənada Mir Cəlal Paşayevin XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafındakı xidmətləri misilsizdir.

Yazıçı kimi 1928-ci ildə ədəbiyyata gələn Mir Cəlal, elə həmin ildə də ilk tədqiqat əsərini yazmışdır. Sözün gücünə güvənib, onun böyüklüyünə baş əyən sənətkarın könüllərə yanğı salmış "Bir gəncin manifesti" əsəri, zəmanənin güzgüsü olan hekayələri klassik bədii nümunələr kimi ədəbiyyat tariximizin səhifələrində müəllifinə əbədiyaşarlıq qazandırmışdır. Onun böyük zəhmətinin bəhrəsi olan "Füzuli sənətkarlığı", "XX əsr Azərbaycan ədəbiyyatı", "Azərbaycanda ədəbi məktəblər (1905-1917)", "Ədəbiyyatşünaslığın əsasları" kimi fundamental əsərləri ədəbiyyatşünaslıq elminin qiymətli mənbələrindəndir.

Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) sevimli müəllimi, nüfuzlu professoru kimi xatirələrdə daim yaşayan Mir Cəlal Paşayev həqiqət, düzlük, səmimiyyət aşiqi, ailəsini, övladlarını sevən, qoruyan şəxsiyyət olmuşdur. Onun bu kəlamı indi də dillər əzbəridir: "Həyatımda yaratdığım ən böyük əsər ailəmdir".

XX əsrin 20-30-cu illərində ədəbi aləmdə əvvəlcə şeir, sonra isə oçerk və hekayələri ilə görünən Mir Cəlal, az sonra istedadlı və orijinal yaradıcılıq üslubu olan yazıçı kimi tanınmışdır. Səməd Vurğun, Süleyman Rəhimov, Süleyman Rüstəm, Mehdi Hüseyn kimi görkəmli söz ustadları ilə bir dövrdə yaşayan Mir Cəlal öz yazı üslubu ilə həmkarlarından fərqlənərək Azərbaycan ədəbiyyatına yeni nəfəs gətirmişdir. XX əsr Azərbaycan ədəbiyyatının bir sıra nailiyyətləri bilavasitə Mir Cəlal Paşayevin adı ilə bağlıdır. O, ədəbi-bədii, ictimai-fəlsəfi yaradıcılığı ilə ədəbiyyatımızda əsaslı dönüş yaradan mütəfəkkir yazıçılardan biri olmuşdur. Əlli illik yaradıcılıq fəaliyyətində o, görkəmli nasir kimi Azərbaycan ədəbiyyatı tarixində öz layiqli və şərəfli yerini tutmuşdur.

Qəti əminliklə deyə bilərik ki, təkcə "Bir gəncin manifesti" əsərinə görə Mir Cəlal klassik sənətkarlar sırasında dayanmaq haqqını qazanmışdır. Bu əsər çapdan çıxanda onun heç 30 yaşı yox idi. 1928-ci ildə mətbuatda ilk şeirləri ("Dənizin cinayəti", "Ananın vəsiyyəti", "Müxbir") çap olunmuşdur. Lakin o, bundan sonra, daha doğrusu, 1930-cu ildən etibarən hekayələr yazmışdır. O dövrün "Şərq qadını", "Gənc işçi", "İnqilab və mədəniyyət", "Ədəbiyyat qəzeti" kimi nüfuzlu nəşrlərində "Doktor Cinayətov", "İfşa", "Mərkəz adamı", "Naxələf", "Bostan oğrusu", "Qüdrət nümayişi", "İstifadə", "Dəzgah qızı", "Heyrət" və digər hekayələrini çap etdirmişdir. 1932-ci ildə "Sağlam yollarda", 1935-ci ildə "Boy" adlı ilk oçerklər və novellalar kitabları işıq üzü görmüşdür.

Mir Cəlalın bütövlükdə yaradıcılıq dünyası ilə tanışlıqdan sonra belə qənaətə gəlmək olur ki, həyati məsələləri, milli folklorun, xalq təfəkkürünün işığını, milli mənəvi dəyərlərin klassik ənənələrə uyğun inkişafını və bu istiqamətdə yaranan problemləri, xalq həyatının real görüntüsünü nəsr dilində aydın, qabarıq şəkildə vermək mümkündür. Necə ki, Sabiri oxuyanda şeirin, Mirzə Cəlili oxuyanda satira və yumorun gücünü duyursan, Mir Cəlal hekayələrini oxuyanda da eyni hissləri keçirirsən.

Mir Cəlalın ilk irihəcmli əsəri - "Dirilən adam" romanı 1935-ci ildə ayrıca kitab kimi nəşr olunmuşdur. Hələ yarım əsr bundan əvvəl akademik Məmməd Arif yazmışdır: "Mir Cəlal "Dirilən adam"la diqqətli bir realist yazıçı olduğunu göstərmişdir".

İlk dəfə 1937-39-cu illərdə hissə-hissə "Revolyusiya və kultura" jurnalında nəşr olunan "Bir gəncin manifesti" isə yazıçının həyatında böyük bir dönüş yaratmış, ədəbi zirvəyə aparan yoluna cığır açmış və müəllifə böyük oxucu auditoriyası qazandırmışdır. 1940-cı ildə "Uşaqgəncnəşr"də kitab halında kütləvi tirajla buraxılan bu əsər oxucu tələbatına görə sonrakı illərdə də təkrar çap edilmişdir. "Bir gəncin manifesti" bu gün də qəlbləri riqqətə gətirir. Doqquz dəfə müxtəlif illərdə ayrıca kitab halında nəşr olunmuş bu əsər Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda da sevilir.

Mir Cəlalın "Dirilən adam", "Yolumuz hayanadır" romanlarında keçmiş, "Açıq kitab", "Yaşıdlarım", "Təzə şəhər" romanlarında isə müasir həyat lövhələrinin bədii təsviri ustalıqla qələmə alınmışdır. Yazıçının "İnsanlıq fəlsəfəsi" (1961) kitabında toplanmış hekayələri də böyük tərbiyəvi-əxlaqi əhəmiyyətə malikdir. "İnsanlıq fəlsəfəsi", "Subaylıq fəlsəfəsi", "Təzə toyun nəzakət qaydaları", "Vicdan mühakiməsi", "Vicdan əzabı", "Hesab dostları", "Təsadüf, ya zərurət", "Qocaların uşaq söhbəti" və digər hekayələrində isə real həyat lövhələri, fəlsəfi düşüncələr əks olunmuşdur.

Mir Cəlalın bədii yaradıcılıq nümunələri dəfələrlə nəşr olunmuşdur. Böyük ədibin "Seçilmiş əsərləri" (2 cilddə, 1956-57), "Seçilmiş əsərləri" (4 cilddə, 1967-68), "Seçilmiş əsərləri" (2 cilddə, 1986-87), hekayə və povestlərdən ibarət "Şəfəqdən qalxanlar" (1972), "Dağlar dilə gəldi" (1978), "Ləyaqət", hekayələrdən ibarət "Bostan oğrusu" (1937), "Gözün aydın" (1939), "Vətən" (1944), "Həyat hekayələri" (1945), "Sadə hekayələr" (1955), "Xatirə hekayələri" (1962), "Gülbəsləyən qız" (1965), "Silah qardaşları" (1974) və digər kitabları bu qəbildəndir. Ümumiyyətlə, indiyədək yazıçının 70-dən çox kitabı nəşr olunmuşdur.

XX əsrin ədəbi-elmi fikrinin korifeylərindən sayılan Mir Cəlal Paşayev çağdaş Azərbaycan tarixində ədəbiyyatşünas-nəzəriyyəçi alim kimi də xüsusi yer tutmuşdur. Filologiya fakültəsi tələbələrinin birinci kursda istifadə etdikləri "Ədəbiyyatşünaslığın əsasları" dərsliyi sonralar da mütəxəssislərin masaüstü kitabı olmuşdur. Mir Cəlal Paşayev 1936-cı ildən ömrünün sonunadək dərs dediyi universitetin auditoriyalarında bu fəndən mühazirələr oxumuşdur.
Mir Cəlal Paşayev 1940-cı ildə "Füzulinin poetik xüsusiyyətləri" dissertasiya əsərinə görə filologiya elmləri namizədi, 1947-ci ildə isə "Azərbaycanda ədəbi məktəblər" əsərinə görə filologiya elmləri doktoru alimlik dərəcələrini almışdır. Füzuli poeziyasının qüdrətinə heyran olan, ümumiyyətlə, klassik ədəbiyyata qəlbən bağlı olan görkəmli alim 1958-ci ildə bu mövzuya yenidən müraciət edərək "Füzuli sənətkarlığı" adlı monoqrafiyasını nəşr etdirmişdir. Professor Qara Namazov deyir ki, Mir Cəlalın "Füzuli sənətkarlığı" monoqrafiyası Füzuli ədəbi irsini öyrənmək, mənimsəmək və dərk etmək üçün elmi açardır. Əsər 1994-cü ildə təkrar nəşr olunmuşdur.

"Azərbaycanda ədəbi məktəblər (1905-1917)" əsərində isə Mir Cəlal Paşayev XX əsrin əvvəllərində inqilabi-demokratik meyllərlə əlaqədar baş verən ictimai-siyasi hadisələr kontekstində Azərbaycanda realizm, romantizm ədəbi məktəbləri, maarifçi-didaktik yazıçılar və xırda məişət dramları haqqında müfəssəl tədqiqatlar aparmış, əhatəli elmi nəticələr əldə etmişdir.

Mir Cəlal Paşayevin tanınmış tədqiqatçı Firudin Hüseynov ilə birgə yazdığı "XX əsr Azərbaycan ədəbiyyatı" əsəri 40 ilə yaxındır ki, ali məktəblərdə dərslik kimi istifadə olunur. Bu dərslikdə XX əsrin böyük ədəbi şəxsiyyətləri, onların yaradıcılığı, ədəbi mühitə gətirdikləri yeniliklər haqqında əhatəli elmi fikirlər tam dolğunluğu ilə əksini tapmışdır.
Mir Cəlal Paşayev böyük şəxsiyyətlərin həyat və yaradıcılıqlarını, dövrün ictimai-siyasi, ədəbi-mədəni mühitini öyrənməklə, tədqiq etməklə özü də uca zirvələrə qalxmış, əsl şəxsiyyət kimi müdrikləşmişdir.

Əməkdar Elm Xadimi Mir Cəlal Paşayev XX əsr ədəbiyyat, ədəbiyyatşünaslıq tarixində elə bir cığır açmışdır ki, bu, çağdaş təfəkkürümüzün də əsas sütunu olaraq qalacaqdır.
1978-ci il sentyabrın 28-də əbədiyyətə qovuşmuş, böyük şəxsiyyət kimi tarixləşmiş, gözəl müəllim, görkəmli yazıçı, istedadlı ədəbiyyatşünas Mir Cəlal Paşayevin xatirəsi daim qəlblərdə yaşayacaq, ədəbiyyatımızın, ədəbiyyatşünaslığımızın əbədi mövzusu olaraq qalacaqdır.

Müdriklər deyiblər ki, kamil insan, alim, yazıçı dünyanı təkcə izah etmir, eyni zamanda, onu dəyişdirir, insanların şüuruna, baxışlarına təsir edə bilir. Bu mənada Mir Cəlal Paşayevin çoxşaxəli yaradıcılığı nəinki müasirlərinə, eyni zamanda özündən sonra gələn nəsillərə də əsl örnək olmuşdur.

Təsadüfi deyildir ki, bu gün təkcə Azərbaycanda deyil, onun sərhədlərindən kənarda da görkəmli ədibin həyat və yaradıcılığı geniş şəkildə öyrənilir və əsərləri müxtəlif dillərdə nəşr edilərək maraqla oxunur.

Azərbaycan Respublikası Prezidentinin "UNESCO-nun 2008-2009-cu illərdə görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd edilməsi proqramına Azərbaycanla bağlı daxil olmuş yubileylərin keçirilməsi haqqında" 2008-ci il 31 yanvar tarixli Sərəncamına əsasən, yazıçı Mir Cəlal Paşayevin yubiley mərasimi təntənə ilə qeyd edilmişdir. Parisdə, UNESCO-nun iqamətgahında XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, alim, pedaqoq Mir Cəlal Paşayevin 100 illiyinə həsr olunmuş mərasim keçirilmişdir.

XX əsr Azərbaycan ədəbiyyatı və elminin inkişafında müstəsna xidmətləri olmuş Mir Cəlal Paşayevin 100 illiyinin UNESCO səviyyəsində qeyd edilməsi, ilk növbədə, Azərbaycan elminə, mədəniyyətinə və ədəbiyyatına dünya miqyasında verilən dəyərin təzahürüdür.

İllər ötdükcə Mir Cəlal Paşayevin təkcə elmi irsi tədqiq edilmir, onun həm də xeyirxahlığı, böyük və əlçatmaz müəllimliyi, bəşəriliyi heyranlıqla qarşılanır və sevilə-sevilə qəlblərdə özünə ucalıq abidəsi qurur. Ədibin bu zirvədəki yeri daim qalacaq və onun mərhəmət sevgisi dünya durduqca yaşayacaqdır.

AzərTAc

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.