Siyasət

Mövlud Çavuşoğlu: "Türkiyə qondarma "erməni soyqırımı"nı tanımır"

24 Aprel 2014 17:07
0 Şərh     Baxış: 449

"Türkiyə qondarma "erməni soyqırımı"nı tanımır, çünki tarixdə ölkə ərazisində yaşayan ermənilərə qarşı heç bir soyqırım olmayıb"

Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Avropa İttifaqı işləri üzrə naziri və danışıqlarda nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu bildirib.

M.Çavuşoğlunun sözlərinə görə, 1915-ci il hadisələrində ermənilərin həlak olduğunu heç kim inkar etmir: "Lakin unutmaq olmaz ki, ermənilərlə yanaşı, türklər, ərəblər və kürdlər də həlak olublar".

Ötən gün Türkiyə Nazirlər Kabineti 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb. Sülh mesajında tarixdə baş vermiş hadisələrin əsiri olmamağın və ortaq gələcəyin qurulması üçün zəmin yaratmağın vacibliyi bildirilib. Mesajda 1915-ci il hadisələrinin, sadəcə, ermənilər üçün deyil, eyni zamanda ölkədə yaşayan ərəblər, kürdlər və digər etnik millətlər üçün ağır bir dövr olduğu bildirilir: "Lakin 1915-ci il hadisələrindən siyasi təzyiq aləti kimi Türkiyə əleyhinə istifadə edilməsi qeyri-mümkündür. 1915-ci il hadisələri hamımızın ortaq acısıdır".

Yayımlanan mesajda o da qeyd olunur ki, Türkiyə 1915-ci il hadisələrinin araşdırılması üçün ortaq tarixi komissiyanın yaradılmasını dəstəkləyir və 1915-ci il hadisələrində ölən vətəndaşların, o cümlədən ermənilərin ailə üzvlərinə Türkiyə adından başsağlığı verilir.

Qeyd edək ki, Ermənistan hər il aprelin 24-də qondarma "erməni soyqırımı"nı qeyd edir. Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri qondarma "soyqırım"ı tanıyıblar.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.