Siyasət

Prezident İlham Əliyev Praqada Aİ-nın sammitində Ermənistan prezidenti Serj Sarkisyana tutarlı cavab verib - YENİLƏNİB - FOTO

25 Aprel 2014 18:19
Baxış: 4 420
25.04.2014
18:19


Aprelin 24-də Praqada dövlət və hökumət başçılarının iştirakı ilə "Şərq tərəfdaşlığı" proqramının 5 illiyinə həsr olunan sammit keçirilib. AzərTAc-a daxil olan məlumata görə, Ermənistan prezidenti Serj Sarkisyan Zirvə görüşünün plenar iclasında öz çıxışını bütünlükdə qondarma "erməni soyqırımı" ilə bağlı mülahizələrə həsr edib. Türkiyənin Sammitdə təmsil olunmamasından sui-istifadə edən Ermənistan prezidenti bununla da Sammitin plenar iclasının mövzusundan tamamilə kənara çıxaraq qondarma "soyqırımı" məsələsini qabardıb və Türkiyəni əsas tənqid hədəfi kimi seçib. Serj Sarkisyan bir tərəfdən Türkiyəni qondarma "soyqırımı" ilə bağlı konstruktiv mövqe tutmamaqda, digər tərədən isə Ermənistanla sərhədlərini açmamaqda əsassız olaraq ittiham edib və bu ölkənin Avropa İttifaqına üzvlüyünün yolverilməz olduğunu deyib. Ermənistan prezidenti çıxışında hər cəhdlə inandırmağa çalışıb ki, Avropa ictimaiyyəti qondarma "soyqırımı" ilə bağlı daha təsirli mövqe tutmalıdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev plenar iclasda çıxış edərək demişdir:

- Təşəkkür edirəm, cənab Prezident. İlk növbədə Prezident Zemana dəvətə və bu əhəmiyyətli tədbiri təşkil etdiyinə, qonaqpərvərliyə görə təşəkkür etmək istərdim. Gözəl Praqa şəhərində yenidən olmağımdan və dialoqumuzu davam etdirməkdən çox məmnunam. Bildirmək istərdim ki, biz Avropa təsisatları ilə daha yaxından əlaqə qurmağımız baxımından son 5 ili çox əhəmiyyətli hesab edirik. Bu 5 il ərzində ölkəmizdə siyasi, iqtisadi və digər sahələrdə islahatlar həyata keçirmişik. Avropa İttifaqının üzvü olan dövlətlərlə əlaqələrimiz çox geniş və konstruktiv olmuşdur. Bu əlaqələrin mahiyyəti, əlbəttə ki, müsbət istiqamətdə dəyişir. Biz siyasi islahatlara böyük əhəmiyyət veririk və bu baxımdan Avropa İttifaqı ilə əməkdaşlığımızı önəmli hesab edirik. Demokratik inkişaf, insan hüquqlarının qorunması, qanunun aliliyinin və fundamental azadlıqların təmin olunması bizim əsas prioritetlərimizdəndir. Biz ölkəmizi müasirləşdiririk. Müasir iqtisadi sistem müasir siyasi sistemlə tamamlanmalıdır. Bu baxımdan Avropa İttifaqının nümunəsi yaxşı nümunədir. İqtisadi sahədə biz çox işlər görmüşük. Əsasən iqtisadi islahatlar nəticəsində və sizə deyə bilərəm ki, Azərbaycan iqtisadiyyatı son on ildə dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatı olmuş, 3 dəfədən çox artmışdır. Biz yoxsulluğu, işsizliyi aradan qaldıra bilmişik. Yoxsulluq Azərbaycanda 5 faiz təşkil edir. Xarici borcumuz ümumi daxili məhsulun cəmi 8 faizini təşkil edir. Davos Dünya İqtisadi Forumuna əsasən Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə dünyada 39-cu yerdədir. Avropa təsisatları ilə əməkdaşlığımız genişdir, siyasi, iqtisadi, ticarət sahələrini, siyasi islahatlar və əlbəttə ki, enerji təhlükəsizliyi məsələlərini əhatə edir. 2011-ci il bu baxımdan əhəmiyyətli olmuşdur. Həmin vaxt prezident Barrozu və mən Bakıda sıx əməkdaşlıq üçün imkan yaradan enerji sahəsində strateji tərəfdaşlıq memorandumu imzaladıq. Bu qısa vaxt ərzində biz böyük uğurlar əldə edə bildik. Xüsusilə Vilnüs Sammitindən 1 ay sonra 45 milyard dollar dəyərində Avropanın ən böyük infrastruktur layihəsi hesab olunan XXI əsrin sazişini imzaladıq. Əsas investisiya Azərbaycan və bizim tərəfdaşlarımız tərəfindən qoyulacaq. Nəhəng qaz yatağı olan Şah Dənizin işlənməsi, Trans-Anadolu və Trans-Adriatik qaz boru kəmərlərinin tikintisi Avropanın enerji xəritəsini dəyişdirəcəkdir. Bununla da, qarşıdan gələn 4-5 il ərzində Avropa üçün yeni qaz mənbəyi açılacaqdır. Düşünürəm ki, Avropa ilə Azərbaycan arasında güclü tərəfdaşlıq elə davam etdirilməlidir ki, biz qarşılıqlı faydalı olan vacib layihələri həyata keçirə bilək.

Bu gün təəssüf ki, Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm. Türkiyə ilə Ermənistan sərhədi Azərbaycanın Kəlbəcər rayonunun 1993-cü ilin aprelində işğalından sonra bağlanıb. Bundan əvvəl isə bütün azərbaycanlılar Dağlıq Qarabağdan qovulub, Dağlıq Qarabağ əhalisinin 30 faizi azərbaycanlılar idi. Kəlbəcərdən əvvəl 1992-ci ildə ermənilər Şuşanı və Laçını işğal etdilər. Daha sonra Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl- Dağlıq Qarabağın inzibati sərhədlərindən kənarda olan ümumilikdə Azərbaycanın 7 rayonunu işğal etdilər ki, bu da Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinin 20 faizini təşkil edir. Bizim əhali etnik təmizləməyə məruz qalıb və bu işğal BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, Avropa Parlamentinin qətnaməsi və Avropa Şurası Parlament Assambleyasının qətnaməsinə baxmayaraq bu günədək davam edir. Ermənistan bu qətnamələrə məhəl qoymur və nə tarixən, nə də beynəlxalq hüququn normalarına əsasən onlara aid olmayan ərazinin işğalını davam etdirir. Eyni zamanda, onlar Azərbaycanı qeyri-konstruktiv yanaşmada günahlandırmaqda davam edirlər. Bizim torpaqlarımız işğal altındadır. Helsinki Yekun Aktında ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə prinsipləri çox aydın əks olunub. Öz müqəddəratını təyinetmə ölkələrin ərazi bütövlüyünün pozulması hesabına əldə olunmamalıdır. Üstəgəl ermənilər artıq öz müqəddəratını təyin ediblər, onların müstəqil Ermənistan dövləti var. Təsəvvür edin, əgər ermənilər hər yaşadıqları yerdə öz müqəddəratını təyin etməyi davam etdirsələr, nə baş verər. Onlar burada- Çex Respublikasında, Gürcüstanda, Rusiyada, Amerikada, yaşadıqları istənilən yerdə eyni yanaşma göstərə bilərlər. Onların öz dövləti var, onlar öz müqəddəratını təyin edib. Münaqişənin tez bir zamanda həlli Azərbaycanın marağındadır. Mən əminəm ki, bu, həmçinin Ermənistan xalqının marağındadır, Cənubi Qafqazda əməkdaşlıq baxımından da maraq dairəsindədir.

Türkiyə-Ermənistan əlaqələrinə gəldikdə, Baş nazir Ərdoğan bir neçə il öncə bəyanatla çıxış edərək Ermənistanın rəhbərliyinə bütün arxivləri açmağı təklif etmişdi ki, tarixçilər iki xalq arasındakı münasibətlərin tarixi məqamlarını nəzərdən keçirsinlər. Ancaq bu təklif adekvat cavabla qarşılanmadı. Dünən isə Baş nazir Ərdoğan erməni əsilli insanlara başsağlığı verdi, ancaq təəssüf ki, buna da Ermənistan tərəfindən müvafiq reaksiya verilmədi. Baxmayaraq mən bilirəm ki, Birləşmiş Ştatlar və Avropa İttifaqı Türkiyə Baş nazirinin mövqeyini yüksək qiymətləndirdilər, ancaq görünür, bu, Ermənistan hökuməti üçün kifayət deyil. Bu, aydın göstərir ki, regionda sülh istəməyən kimdir. Biz sülh istəyirik, biz ərazilərimizin geri qaytarılmasını istəyirik. Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmağa başlamalıdır. Bunu etmək çox asandır. Yalnız Ermənistan tərəfindən siyasi iradə olmalıdır.

Nəhayət, sonuncu məsələ, Azərbaycan xalqı bir sual verir: Niyə Ermənistana sanksiyalar qoyulmur? Niyə Avropa Şurasındakı Ermənistan nümayəndə heyəti səsvermə və söz hüququndan məhrum edilmir? Onlar digər bir ölkənin ərazilərini işğal ediblər, beynəlxalq hüquq normalarını pozurlar, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini kobud şəkildə pozurlar və heç bir sanksiya tətbiq edilmir, heç bir cəza verilmir. Qanunsuz, kriminal Dağlıq Qarabağ rejiminin qondarma nümayəndələri Avropa paytaxtlarına vizalar alırlar. Bu dözülməzdir və buna son qoyulmalıdır.

--------
00:06


AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Praqada Çex Respublikasının Prezidenti Miloş Zeman ilə görüşmüşdür.

Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olundu. "Şərq tərəfdaşlığı" Proqramının Praqada keçirilən Sammitində səmərəli müzakirələrin aparıldığı qeyd edildi.

Söhbət zamanı Azərbaycan ilə Çexiya arasında müxtəlif sahələrdə, xüsusilə sərmayə qoyuluşu, infrastruktur layihələrinin həyata keçirilməsi, təhsil, nəqliyyat və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı. Azərbaycan-Çexiya hökumətlərarası birgə komissiyanın işinin gücləndirilməsinin, Çexiya şirkətlərinin Azərbaycanda fəaliyyətinin genişləndirilməsinin önəmi vurğulandı.

----------------
24.04.2014
22:37


AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Praqada Moldova Respublikasının Prezidenti Nikolae Timofti ilə görüşmüşdür.

Görüşdə Azərbaycan ilə Moldova arasında ikitərəfli münasibətlərin səviyyəsindən məmnunluq ifadə olundu. Ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti vurğulandı, iqtisadi və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsinin önəmi qeyd edildi.

Söhbət zamanı Avropa İttifaqı ilə ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

X X X

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, aprelin 24-də Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Polşa Respublikasının Prezidenti Bronislav Komorovskinin görüşü olmuşdur.

Görüşdə Azərbaycan ilə Polşa arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğu vurğulandı və bu əlaqələrin inkişaf etdirilməsinin önəmi qeyd edildi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparıldı. Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın perspektivləri müzakirə edildi.

Polşa Prezidenti Bronislav Komorovski dövlətimizin başçısını ölkəsinə səfərə dəvət etdi.

X X X

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Praqada Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili ilə görüşmüşdür.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafından razılıq bildirildi, yüksək səviyyəli regional əməkdaşlığın bu əlaqələrə töhfə verdiyi qeyd olundu. Enerji sahəsində əməkdaşlığın uğurlu olduğu vurğulandı. Azərbaycan ilə Gürcüstan arasında turizm, mədəniyyət, təhsil, idman və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün yaxşı potensialın mövcudluğu qeyd edildi.

Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili Prezident İlham Əliyevi ölkəsinə səfərə dəvət etdi.

---------
19:50


AzərTAc xəbər verir ki, aprelin 24-də Çex Respublikasının paytaxtı Praqa şəhərində Avropa İttifaqının "Şərq tərəfdaşlığı" Proqramının növbəti Sammiti işə başlamışdır.

Bu Sammit "Şərq tərəfdaşlığı"nın 2009-cu ildə keçirilmiş Praqa Sammitinin beşinci ildönümünə həsr olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə iştirak etmişdir.

Sammit Praqa qəsrində dövlət və hökumət başçılarının rəsmi qarşılanma mərasimi ilə başladı.
İştirakçı ölkələrin dövlət bayraqlarının dalğalandığı meydanda dövlət və hökumət başçılarının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Çexiya Prezidenti Miloş Zeman Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.

Azərbaycan Respublikasının dövlət himni səsləndi.

Sonra dövlət və hökumət başçıları birgə foto çəkdirdilər.

Daha sonra Sammitin birinci iclası keçirildi.

Prezident İlham Əliyev iclasda iştirak etdi.

Çex Respublikasının Prezidenti Miloş Zeman Sammiti açaraq iştirakçı ölkələrin dövlət və hökumət başçılarını salamladı. O, "Şərq tərəfdaşlığı" Proqramının ötən beş ildə böyük inkişaf yolu keçdiyini dedi, bu istiqamətdə görülən tədbirlərin iştirakçı ölkələri Avropa dəyərlərinə və meyarlarına daha da yaxınlaşdırdığını vurğuladı.

Çexiya dövlətinin başçısı qarşıda duran vəzifələrdən danışarkən əmin olduğunu bildirdi ki, ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq əlaqələri bundan sonra da davam etdiriləcəkdir.
Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle "Şərq tərəfdaşlığı" Proqramının beşinci ildönümü münasibətilə təbriklərini çatdırdı. Komissar bu görüşün 2013-cü ildə Vilnüsdə keçirilmiş "Şərq tərəfdaşlığı" Sammiti ilə gələn il Riqada təşkil ediləcək növbəti Zirvə görüşü arasında bir bağlantı olduğunu diqqətə çatdırdı.
Sonra müzakirələr başladı.

"Şərq tərəfdaşlığı" Proqramı Avropa İttifaqının yeni layihələrindən biri hesab olunur. Proqram 2008-ci ilin mayında Avropa İttifaqının üzvləri olan Polşa və İsveç tərəfindən irəli sürülmüşdür. Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və Ermənistanı əhatə edən "Şərq tərəfdaşlığı" Avropa İttifaqının qonşuluq siyasəti çərçivəsində MDB dövlətləri ilə münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş təşəbbüsüdür. Bu proqram Avropa İttifaqına daha da yaxınlaşmağı, sabitlik, yaxşı idarəçilik və iqtisadi inkişafı təşviq etməyi nəzərdə tutur, demokratiya, qanunun aliliyi, insan hüquqlarına və əsas azadlıqlara hörmət, bazar iqtisadiyyatı və davamlı inkişaf kimi ümumi dəyərlərə əsaslanır.

"Şərq tərəfdaşlığı" Sammiti ilk dəfə 2009-cu ilin mayında Praqada keçirilmişdir. İkinci Sammit 2011-ci ilin sentyabrında Varşavada, üçüncüsü isə ötən ilin noyabrında Vilnüsdə təşkil edilmişdir.

X X X

Aprelin 24-də Çex Respublikasının Prezidenti Miloş Zemanın adından "Şərq tərəfdaşlığı" Proqramının qəbul edilməsinin beş illiyinə həsr olunmuş Sammitdə iştirak etmək üçün Praqada səfərdə olan dövlət və hökumət başçılarının şərəfinə nahar verilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev naharda iştirak etmişdir.

Sonra konsert proqramı olmuşdur.


----------------
23.04.2014
21:42


AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 23-də Çex Respublikasının Deputatlar Palatasının sədri, Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Yan Hamaçek ilə görüşmüşdür.

Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olundu. Parlamentlərarası əlaqələrin daha da genişlənməsinin Azərbaycan-Çexiya əməkdaşlığının inkişafına töhfə verdiyi bildirildi.

Söhbət zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı.

---------
20:57

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 23-də Çex Respublikasına işgüzar səfərə gəlmişdir.

Azərbaycanın və Çexiyanın dövlət bayraqlarının dalğalandığı Praqanın Hökumət Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya gül dəstəsi təqdim olundu.


Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

----------------
25.04.2014
00:06


Azərbaycan Prezidenti İlham Əliyev Praqada Çexiya Prezidenti Miloş Zeman ilə görüşmüşdür



----------------
24.04.2014
22:37

Praqada Avropa İttifaqının "Şərq tərəfdaşlığı" Proqramının növbəti Sammiti işə başlamışdır



Azərbaycan Prezidenti İlham Əliyev Praqada Moldova Prezidenti Nikolae Timofti ilə görüşmüşdür



Praqada Azərbaycan Prezidenti İlham Əliyevin və Polşa Prezidenti Bronislav Komorovskinin görüşü olmuşdur



Azərbaycan Prezidenti İlham Əliyev Praqada Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili ilə görüşmüşdür




----------------
23.04.2014
21:42

Prezident İlham Əliyev Çexiya Deputatlar Palatasının sədri, Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Yan Hamaçek ilə görüşmüşdür



---------
20:57

Azərbaycan Prezidenti İlham Əliyev Çexiyaya işgüzar səfərə gəlmişdir


 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.