Siyasət

Şərqşünaslıq İnstitutu: "Ermənilərin qətlə yetirilməsi ilə bağlı uydurma rəqəmlər 1,5 milyon nəfərə çatdırılıb"

23 Aprel 2014 18:20
0 Şərh     Baxış: 464
"1915-ci ildəki qondarma "erməni soyqırımı"ndan sonra illər keçdikcə ermənilərin qətlə yetirilməsi ilə bağlı uydurma rəqəmlər şişirdilərək 1,5 milyon nəfərə çatdırılıb. Ancaq Britaniya ensiklopediyasında Birinci Dünya müharibəsi ərəfəsində Türkiyədə yaşayan ermənilərin sayının cəmi 1,3 milyon nəfər olduğu diqqətə çatdırılıb. Bu faktın özü ermənilərin gətirdikləri faktların həqiqətəuyğun olmadığını təsdiqləyir".

Trend-in məlumatına görə, bunu "Qondarma "erməni soyqırımı" və tarixi həqiqətlər" mövzusunda keçirilən elmi sessiyada çıxış edən AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun "Türkiyə tarixi və iqtisadiyyatı" şöbəsinin baş elmi işçisi, iqtisadiyyat üzrə elmlər doktoru İnqilab Əlibəyov deyib.

Məruzəçi çıxışında qondarma "erməni soyqırımı"nın uydurma olduğunu konkret faktlarla diqqətə çatdırıb. O qeyd edib ki, əslində, ermənilərin Türkiyədə kütləvi dəfninə aid heç bir faktı üzə çıxara bilməyiblər. Bu da onların söylədiklərinin heç bir əsasının olmadığını göstərir. İ.Əlibəyov bütün bu məsələlərin tarixçilərin, elm adamlarının iştirakı ilə həllini tapmalı olduğunu bildirib.

Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, professor Gövhər Baxşəliyeva qeyd edib ki, qonşu xalqın qondarma "erməni soyqırımı"nı dünya xalqlarına həqiqət kimi tanıtdırmaq üçün geniş miqyaslı fəaliyyət apardığı bir zamanda Azərbaycan xalqı əsl həqiqətləri, "erməni soyqırımı"nın uydurma olduğunu, əsl həqiqətin ermənilərin ötən əsrin müxtəlif dövrlərində azərbaycanlılara qarşı soyqırımı, talanları həyata keçirməsi olduğunu dünyaya ictimaiyyətinə çatdırmalıdır. G.Baxşəliyeva bütün bu həqiqətləri üzə çıxaran faktları aşkarlayaraq geniş ictimaiyyətə çatdırmaq sahəsində Şərqşünaslıq İnstitutunda aparılan işlərdən danışıb.

O, Arazın hər iki tayında ermənilərin törətdiyi soyqırımlar barədə həqiqətlərdən bəhs edən və İranda nəşr olunan kitabların tərcümə edildiyini, Bakıda, Qubada, Şamaxıda 1918-ci ildə törədilən soyqırımı, talanlarla bağlı rəsmi sənədlərin aşkarlanaraq kitab şəklində bir neçə dildə dünya ictimaiyyətinə çatdırıldığını bildirib və bu sahədə işlərin yenə də davam etdirildiyini vurğulayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.