Siyasət

Moskva konfransı Xəzəri bölə bildimi?

23 Aprel 2014 17:25
0 Şərh     Baxış: 342

Xəzərin statusu haqqında Konvensiyanın bir sıra prinsipial məqamları üzrə ümumi razılaşma əldə olunub

Dünən Moskvada Beynəlxalq Ticarət Mərkəzində Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin konfransı keçirilib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Qazaxıstanın xarici işlər naziri Erlan İdrisov, Türkmənistanın xarici işlər naziri Rəşid Meredov və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin iştirak etdiyi görüş bir sıra qərarlarla yadda qalıb.

"Xəzəryanı dövlətlərin XİN rəhbərləri Xəzərin hüquqi statusunun əsasını təşkil edəcək xeyli sayda prinsiplər razılaşdırıblar" - deyə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib. "Bizim Həştərxan sammitinə kimi konvensiya üzərində işləri başa çatdırmaq planlarımız olmayıb. Sammitə kimi bir sıra sənədlər, o cümlədən Xəzərin hüquqi statusuna dair Konvensiyada əks olunması nəzərdə tutulan sənəd hazırlanacaq. Biz həmin konvensiyanın müvafiq maddələrinin əsasının təşkil edəcək xeyli sayda prinsipləri razılaşdırmışıq" deyə XİN rəhbəri əlavə edib. Nazir izah edib ki, bunlara, o cümlədən, "dəniz sahələrinin ayrılması, yox olmaq təhlükəsi altında olan nərə balıqlarının çoxalmasının saxlanılması üzrə tədbirlər" daxildir. XİN rəhbəri onu da əlavə edib ki, nazirlərin hamısı bir-birlərinin maraqları nəzərə alınmaqla bərabərhüquqluluq prinsiplərinə sadiq olduqlarını təsdiqləyiblər.

Rusiya problemlərin müzakirəsi üçün yeni meydanların yaradılmasına tərəfdardır

S.Lavrov onu da deyib ki, Rusiya Xəzərin problemlərinin müzakirəsi üçün yeni meydanların yaradılmasına tərəfdardır. XİN rəhbəri xatırladıb ki, "2010-cu ildə Bakıda keçirilən 3-cü Xəzər sammitinin yekunları üzrə prezidentlərimiz Xəzərin statusu sahəsində qarşıya bir sıra konkret vəzifələr qoyublar - akvatoriyaların delimitasiyasının parametrlərini hazırlamaq, Xəzərin təhlükəsizliyi, balıqçılıq və nərəkimilərin populyasiya vəziyyəti, onların ovuna moratorium mexanizmini yaratmaq və uyğun olan profil komissiyasının statusunu yüksəltmək sahəsində əməkdaşlıq haqqında sazişlərin reallaşdırılmasına başlamaq". Lavrov əlavə edib ki, bu vəzifələrin reallaşdırılmasının gedişinin müzakirəsi, göstərilən səylərin əsas istiqamətlərinin qeyd edilməsi planlaşdırılır: "Lakin artıq aydındır ki, hamı üçün ümumi Transxəzər gündəliyi qarşılıqlı fəaliyyətin sonrakı mexanizminin möhkəmləndirilməsi ehtiyacını və ola bilər ki, işlərin təsirliliyinin artırılmasının xeyrinə yeni meydanların yaradılmasını diktə edir".

Elmar Məmmədyarovun fikrincə, əhəmiyyətli iş görülüb

Öz növbəsində, XİN rəhbəri Elmar Məmmədyarov bildirib ki, Azərbaycan əməkdaşlığın bütün sahələrinə, o cümlədən Xəzər dənizinin hüquqi statusuna dair məsələlərin Xəzəryanı dövlətlərin suveren hüquqlarına hörmət ruhunda, qarşılıqlı tərəfdaşlıq, sülh vasitələri və danışıqlar yolu ilə həllinə sadiqliyini bir daha təsdiq edir. Nazir qeyd edib ki, bu ilin payızında Həştərxanda nəzərdə tutulan gündəliyin tam hazırlanması və Xəzəryanı dövlətlərin ölkə başçılarının sammitində yekun sənədlərin qəbulu Xəzər probleminin təməl prinsiplərinin razılaşdırılmasına dair nəzərəçarpacaq dərəcədə irəliləyişə zəmin yaradacaq və Xəzəryanı dövlətlərin əməkdaşlığı üçün mövcud bazanı möhkəmləndirəcək. XİN rəhbərinin sözlərinə görə, Xəzər regionu dövlətlərinin əməkdaşlığı üçün hüquqi bazanın möhkəmləndirilməsi məqsədilə əhəmiyyətli iş görülüb: "Hazırda Xəzər dənizinin hidrometeorologiyası sahəsində əməkdaşlıq haqqında saziş hazırlanıb və imzalanmağa hazırdır. Bununla yanaşı, Xəzər dənizində fövqəladə vəziyyətlərdən xəbərdarlıq və onların aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında saziş razılaşdırılıb. Həmçinin Xəzər dənizinin bioloji resurslarının qorunub saxlanması və rasional istifadəsi haqqında sazişin son uyğunlaşdırması üzərində ekspertlərin işi davam edir".

Nazir onu da deyib ki, Xəzər dənizi əksər beynəlxalq və regional layihələrdə birləşdirici həlqə rolunda çıxış edir. Bakı-Supsa, Bakı-Tiflis-Ceyhan neft kəmərləri, habelə Bakı-Tiflis-Ərzurum qaz kəməri və Bakı-Tiflis-Qars dəmir yolu xətti kimi layihələrin uğuru dünyanın enerji təhlükəsizliyi və Xəzər regionu ölkələrinin iqtisadi inkişafına xidmət edir.

E.Məmmədyarov Xəzərdə regional sabitlik, təhlükəsizlik, iqtisadi və elmi-araşdırma kimi sahələrdə tərəflər arasında qarşılıqlı etimadın vacibliyini xüsusi qeyd edib. "Xəzər dənizində hərbi qüvvələrin mövcudluğu və hərbi fəaliyyət bütün sahilyanı ölkələr üçün bərabər təhlükəsizlik şəraitinin təmin edilməsi prinsipinə əsaslanmalıdır. Bu, region dövlətləri arasında qarşılıqlı etimadın möhkəmlənməsinə, habelə Xəzər dənizinin dostluq və əməkdaşlıq zonasına çevrilməsinə xidmət edəcək" - deyə o vurğulayıb. E.Məmmədyarov Azərbaycan tərəfinin ticarət gəmiçiliyi rejimi, gəmilərin digər ölkələrin ərazi zonalarından sərbəst keçməsi, habelə Xəzər dənizinin dibi ilə boru xətlərinin çəkilməsi hüququ ilə bağlı məsələlərin beynəlxalq dəniz hüququ normalarına uyğun olaraq danışıqlar prosesi çərçivəsində həllinə ümid etdiyini qeyd edib. "Şübhəsiz ki, region ölkələrinin investisiya iqliminin yaxşılaşdırılması, enerji ehtiyatlarının hasilatı, təhlükəsiz kommunikasiyaların yaradılması, habelə Xəzər dənizi regionunda təhlükəsizlik və sabitliyin təminatında maraqlı olmaları bizdən bütün açıq qalan məsələlərdə anlaşmanın əldə edilməsi üçün əlavə səylər tələb edir" - deyə o vurğulayıb.

Xələf Xələfov: "Yekun sənəd üzrə ümumi razılaşma əldə olunub"

"Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü çox məhsuldar keçdi. Danışıqlarda, xüsusilə də bu ilin payızında keçiriləcək Həştərxan sammiti ilə əlaqədar çox böyük irəliləyişlər oldu". Bunu isə jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Nazir müavini bildirib ki, Həştərxan sammitinin yekun sənədinin bir sıra prinsipial məqamları üzrə ümumi razılaşma əldə olunub: "Bəzi məsələlər isə yenə də razılaşdırılmamış qaldı. Ekspertlər bu məsələlərin həlli istiqamətində işlərini davam etdirəcəklər. Həştərxan sammitinin payızda keçirilməsi nəzərdə tutulur. Sammitə qədər işçi qrupu fəaliyyətini davam etdirəcək. İki görüşün keçirilməsi nəzərdə tutulub. Bu görüşlər Tehranda və Həştərxanda keçiriləcək. Ümid var ki, bu görüşlərdə gündəlikdə duran məsələlərlə bağlı razılaşdırılmalar başa çatdırılacaq. Burada söhbət sammitin yekun nəticələri barədə dövlət başçıları tərəfindən qəbul olunacaq sənəddən gedir. Hidrometeorologiya sahəsi üzrə saziş layihəsi, nərə balıqlarının ovlanmasına moratorium qoyulması, fövqəladə halların aradan qaldırılmasına dair hökumətlərarası sazişin razılaşdırılması gündəlikdə qalmaqdadır. Sammitə qədər ekspertlər gərək bu işləri yekunlaşdırsınlar". X.Xələfovun sözlərinə görə, Həştərxan sammitində imzalanacaq yekun sənədin müddəalarının əksər hissəsi razılaşdırılıb, qalan məsələlər üzrə ekspertlər müzakirələri davam etdirəcəklər.

Jurnalistlərin sualına cavab olaraq X.Xələfov deyib ki, Azərbaycanla Türkmənistan arasında Xəzər dənizində mübahisəli yatağın olması məsələsindən danışmaq yersizdir. Onun sözlərinə görə, Azərbaycanla Türkmənistan arasında Xəzər dənizinin dibinin bölünməsinə dair danışıqlar davam etdirilir: "Hər iki tərəfdən danışıqları aparmaq üçün nümayəndələr var. Düşünürəm ki, iki ölkə arasında mübahisəli yatağın olmasından danışmaq yersizdir. Çünki bölgü həyata keçirilmədən yataqların mübahisəli olmasından danışmaq olmaz. Biz Türkmənistanla bu bölgünü həyata keçirəndən sonra müəyyən olunacaq ki, hansı yataqlar hansı sektorda yerləşir və hansı ölkəyə aiddir".

İran XİN rəhbəri: "Bizim mövqeyimizdə heç bir dəyişiklik yoxdur"

Yeri gəlmişkən, tədbir zamanı İran XİN rəhbəri Məhəmməd Cavad Zərif Xəzər hövzəsi xalqlarının vəziyyətinin yaxşılaşdırılması və Xəzər dənizindən ədalətli, bərabər formatda yararlanmaq üçün münasib qərarların qəbul ediləcəyinə ümid etdiklərini deyib. Xəzər dənizinin sülh və dostluq dənizi olduğunu ifadə edən Zərif İran və Rusiya arasında Mərkəzi Şərq və Suriya məsələsində əməkdaşlıq əlaqələrinin mövcudluğunu dilə gətirib. "Xəzər dənizinin statusu ilə bağlı İranın mövqeyində heç bir dəyişiklik yoxdur və hesab edirik ki, heç bir dəyişikliyə də ehtiyac yoxdur" - deyə Zərif bildirib. İranlı nazir bildirib ki, Xəzərin hüquqi statusu ilə bağlı məsələ beş Xəzəryanı dövlətin mənafeyi nəzərə alınmaqla həllini tapmalıdır: "Xəzər əməkdaşlıq dənizi olmalıdır".

Azərbaycan prezidenti İlham Əliyevin İrana səfərini xatırladan nazir prezidentlərin Tehranda keçirdiyi görüşlərdə bir sıra məsələlərin, o cümlədən Xəzərin hüquqi statusunun da müzakirə olunduğunu söyləyib: "Müzakirələr çox məhsuldar keçdi. Ümid edirik ki, iki ölkə arasında məhsuldar əməkdaşlıq davam edəcək". İranlı nazir onu da deyib ki, Xəzəryanı ölkələrin İşçi qrupunun növbəti görüşü iyunda Tehranda keçiriləcək. Zərif deyib ki, Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin Moskvada keçirilən iclasında nazirlər öz aralarında müştərək çalışmaların artırılmasının zəruriliyini vurğulayıblar: "Həştərxan sammitinin bəyannaməsi ilə bağlı razılıqlar əldə olundu. Bir sıra məsələlər qaldı ki, bunlar Tehranda keçiriləcək işçi qrupun iclasında və həmçinin sammitdən öncə işçi qrupunun Həştərxanda keçiriləcək iclasında müzakirə olunacaq". Onun sözlərin gərə, Xəzəryanı ölkələrin XİN başçılarının Moskvada keçirilən iclası gözləniləndən daha yaxşı nəticələrlə başa çatıb: "İclasda bəzi ixtilaflı məsələlərin gündəlikdən çıxarılması və yerdə qalan bəzi ixtilaflarla bağlı həll yollarının tapılması üçün razılıq əldə olundu".

Kaspi.az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.