Siyasət

Politoloq: "Qarabağ tənzimlənməsinin yubanması Serj Sarkisyanının bacarığının deyil, Ermənistanın hərracdakı qiymətinin göstəricisidir"

23 Aprel 2014 13:07
Baxış: 414
Ermənistan prezidenti Serj Sarkisyan Müdafiə Nazirliyində keçirdiyi görüşdə Azərbaycanın hərbi aktivliyini artırmasını fakt kimi təqdim etdi və bunu Azərbaycanın danışıqlarda uğur qazana bilməməsilə izah etdi: Danışıqlar Azərbaycanın xeyrinə getmədiyi üçün Azərbaycan hərbi aktivliyi artırır.

Trend-in məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

M.Əhmədoğlu bildirib: "S.Sarkisyanın bu fikirlərini təkzib etmək niyyətimiz yoxdur. Çünki S.Sarkisyanla həqiqətin arasındakı məsafəni ölçmək bugünkü elmin qüdrətində deyil. Dünya erməniliyinin bədbəxtçiliyi və Azərbaycanın uğuru da ermənilərin belə siyasətçilərlə zəngin olmasındadır. S.Sarkisyan bu vaxtadək "Yenilənmiş Madrid Prinsipləri" terminini dilinə gətirə bilməyib. S.Sarkisyan bu vaxtadək 2009-cu ildə ATƏT MQ həmsədr ölkə prezidentlərinin qəbul etdiyi və ABŞ prezidentinin Mətbuat Xidmətinin yaydığı sənəd əsasında Dağlıq Qarabağ münaqişəsini tənzimləməyə hazır olduğuna dair bəyanat verməyib".

Politoloqun sözlərinə görə, rəsmi Yerevan vaxtaşırı həmsədr ölkə prezidentlərinin qəbul etdiyi tənzimləmə sənədinə fraqmentar münasibət bildirib: "Hər dəfə bununla beynəlxalq ictimaiyyəti çaşdırmaq istəyib. Nəticədə, qısamüddətli uğur qazanıb. Amma uzunmüddətli məsafədən baxanda təkcə S.Sarkisyan yox, dünya erməniliyi uduzur. Ermənistanın müstəqilliyini itirməsinin, dünya erməniliyinin uğursuzluğunun əsas səbəbi Dağlıq Qarabağ münaqişəsində ermənilərin xristianlığa, haqq-ədalətə və ümumbəşəri dəyərlərə zidd mövqeləridir. Dağlıq Qarabağ münaqişəsi başlayarkən Ermənistan iki illik dövlət büdcəsi qədər SSRİ-nin Mərkəzi Hökumətindən yardım aldı. Spitakda zəlzələnin nəticələrini aradan qaldırmaq üçün aldığı vəsaiti Azərbaycan torpaqlarında işğalçılığa xərclədi. ABŞ prezidenti "ata" Buş oğlunu ABŞ-dan Ermənistana göndərilən yardım karvanına başçı təyin etmişdi. Gələn yardımların içərisində pulla yanaşı hərbi təyinatlı məhsullar da var idi".

M.Əhmədoğlu qeyd edib ki, SSRİ-nin dağıdılması adlı geosiyasi proses başlamışdı: "ABŞ güclü idi və ermənilər SSRİ-nin dağılması prosesində Qərbin maraqları prizmasından çıxış edirdilər. Bütün Qərb dünyası Ermənistanın müttəfiqi idi. Rusiya siyasi elitasının daxilinə nüfuz etmiş ermənilər Rusiyanı da Azərbaycanın düşməni, özlərinin müttəfiqi elan etmişdilər. O zaman ermənilər 15 milyonluq "real-virtual" Ermənistan dövləti qurmaq niyyətində idilər".

Politoloqun fikrincə, Dağlıq Qarabağ münaqişəsinin başlanmasının 27-ci ilində Ermənistanın heç bir siyasi müttəfiqi yoxdur. İstər Qərb, istərsə də Rusiya ermənilərə alət kimi yanaşırlar. Ermənilər hətta İranı da özlərindən uzaqlaşdırdılar.

M.Əhmədoğlu bildirib: "Miqrasiya və demoqrafiya problemi Ermənistanı boşaldır. Assimilyasiya dünya erməniliyini əridir. İraqda, İranda erməni icmaları sıradan çıxıb. İndi Suriyada ermənilərin Yaxın Şərqdəki ən böyük icması dağılır. Dünyada yaşayan ermənilərin sayı təxminən 5 milyonla ölçülür və dağınıq kütlə halındadırlar. Ermənistanın indi 8.7 milyard dollar dövlət və qeyri-dövlət borcu var. İqtisadi inkişaf tempi borcu azaltmağa deyil, borcu artırmağa şərait yaradır. S.Sarkisyanının rəhbərlik etdiyi Ermənistan dilənçi dövlətə çevrilib".

Onun sözlərinə görə, bu dövr ərzində eynilə belə müqayisəni Azərbaycan üçün aparmaq olar: Dağlıq Qarabağ münaqişəsi başlayanda Azərbaycan dövlətçiliyi itirilmək üzrə idi. SSRİ adlı Mərkəzi Hökumət Azərbaycanın dövlət büdcəsini boş qoymuşdu. Dünyada heç kim Azərbaycanı tanımırdı. Dağlıq Qarabağ münaqişəsinin 27-ci ilində Azərbaycan dünyanın nüfuzlu dövlətlərindən biridir: BMT TŞ-ə üzv oldu, sədrlik etdi. Azərbaycan dünya problemlərinin araşdırıldığı ümid yerinə çevrilib. Vaxtilə borc tapa bilməyən Azərbaycanın indi 53 milyard dollar qızıl-valyuta ehtiyatı var. Rəsmi Bakı Dünya azərbaycanlıları ümummilli məsələlərdə tərəfindən koordinasiya mərkəzinə çevrilib.

M.Əhmədoğlu bildirib: "Yalançı üçün vaxtın qısalığı əsas məsələdir. Ona görə S.Sarkisyan yalan deməkdən çəkinmir.Ermənistan dövlətçiliyi təhlükə altındadır, Ermənistan suverenliyini itirir. Bu gün Ermənistanda hakim elitanın, ictimai-siyasi mühitin 90%-i vaxtilə Dağlıq Qarabağ münaqişəsi dövründə bu və ya digər dərəcədə işğalçılıq prosesində iştirak edib. İndiki ictimai-siyasi mühitin və hakim elitanın Ermənistanın suverenliyini, dövlət müstəqilliyini qoruya bilməməsi mühüm göstəricidir: Deməli, ermənilərin Dağlıq Qarabağı almağa da gücü olmayıb. Alət idilər, öz işlərini gördülər, qurtardı getdi. İndi Ermənistanın ictimai-siyasi mühitinin və hakim elitanın qarşısına Ermənistanın suverenliyini və dövlət müstəqilliyini bitirmək məsələsi qoyulub. Qarabağın işğalında uğurlar əldə edən hakim elita Ermənistan dövlətçiliyinin məhvinə də nail olacaq. Ermənistan dövlətçiliyi məhv olan kimi Dağlıq Qarabağ ermənilərin olmayacaq. S.Sarkisyanın Ermənistanı satışa çıxarması, birjada ona qiymətin qoyulması S.Sarkisyanın xoşladığı qısa müddətli, ötəri hissdir. Ermənistanın hərracda olması Qarabağ tənzimlənməsini məhdud müddətə əngəlləyə bilər".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.