Siyasət

Mübariz Əhmədoğlu: "ATƏT MQ Azərbaycanın etimadını qazanmaq uğrunda fəaliyyətə başlamalıdır"

23 Aprel 2014 12:58
Baxış: 402
Vasitəçilərin bütün fəaliyyəti Dağlıq Qarabağ münaqişəsi regionunu müharibəyə yaxınlaşdırmağa yönəlib.

Trend-in məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Mübariz Əhmədoğlu bildirib: "Vasitəçilərin bu fəaliyyətinin düşünülmüş və ya təsadüfi hərəkət olması polemika xarakterlidir. Ermənistan ATƏT Minsk Qrupu çətiri altında özünü çox rahat hiss edir. İmitasiya məsələsində Ermənistanın zərrə qədər problemi yoxdur. Çünki ATƏT MQ Ermənistana imitasiya üçün şərait yaradıb. Hətta indi Rəsmi Yerevan yenidən ATƏT MQ-nin Dağlıq Qarabağ tənzimlənməsi üçün yeganə format olmasını gündəliyə gətirib. Rəsmi Yerevan başa düşüb ki, vasitəçilərin səmərəsizliyi beynəlxalq ictimaiyyətə bəlli olur. Belə olan halda beynəlxalq ictimaiyyət ATƏT MQ-ni başqa vasitəçilik missiyası ilə əvəzləyə bilər".

Politoloqun sözlərinə görə, rəsmi Bakı əvvəllər ATƏT MQ-nin həm fəaliyyətindən, həm də fəaliyyətsizliyindən narahat idi: "İndi hiss olunur ki, rəsmi Bakı da ATƏT vasitəçilərinin fəaliyyətindən narahat deyil. Bəlkə də özünü komfort hiss etməyə başlayıb. Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçilərə və beynəlxalq ictimaiyyətə əsla inanmır. Ölkə Prezidentinin 2014-cü ilin birinci rübünün iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Dağlıq Qarabağ tənzimlənməsi, Ermənistana münasibət, ikili standartlar barədə verdiyi bəyanatlar bunu deməyə əsas verir. Çox mümkündür ki, Ermənistan kimi Azərbaycan da ATƏT vasitəçiliyindən çətir kimi istifadə etməyə başlayıb. Azərbaycan hərbi qüdrətini artırır".

Politoloqun fikrincə, ordunun vəziyyəti ölkənin Ali siyasi rəhbərliyinin gündəliyində əsas yerdədir: "Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hissələrə, xüsusilə ön cəbhədəki hərbi hissələrə dəstəyi və nəzarəti xeyli gücləndirilib. Hərbi təlimlərin keçirilməsi intensivləşdirilib. Azərbaycan müharibəyə hazırlaşmasını daha da aktivləşdirib. Ermənistanın və vasitəçilərin Dağlıq Qarabağ tənzimlənməsinə yanaşması başqa variant qoymur. Ermənistana qarşı müharibə gerisayımı işə düşüb. Ölkə Prezidentinin Müdafiə Məsələləri üzrə köməkçisi Vahid Əliyev döyüş əmrinin hər an verilə biləcəyini bəyan etdi. Yüksəkçinli bu rəsmi ölkə Prezidentinin hərbi siyasəti barədə ən çox məlumata malik şəxsdir".

M.Əhmədoğlu hesab edir ki, Ermənistanın ətrafında həlqə daralır: "İranla Azərbaycan arasındakı hərbi əməkdaşlıq sahəsində başlanan danışıqlar Ermənistan ətrafındakı həlqənin daralmasını daha da sürətləndirəcək. Serj Sərkisyana qondarma "Talış Muğan Respublikası"nın "prezidenti" Ə.Hümbətovla məsləhətləşmənin zəruriliyini yenidən xatırladırıq. Qarabağ müharibəsində Rusiya aşkar və ya gizli şəkildə Ermənistanı müdafiə etməyəcək. KTMT və Rusiyanın müdafiəsi Türkiyənin və ya İranın Ermənistana hücumu zamanı işə düşə bilər. Bu iki dövlətin Ermənistana hücum etməsi nəzəri məsələdir".

Politoloqun sözlərinə görə, İran Ermənistandan bezib: "Vorotan SES-i casusluq obyektinə çevirməklə Ermənistan İranı özündən uzaqlaşdırdı. Eləcə də Aİ-nin Ali komissarı K.Eştonun İsfahanda İranın erməni icması ilə görüş keçirməsi ABŞ-ın İraq icmasından Səddam Hüseynə qarşı istifadəsi assosiasiyasını yaratdı. İran zəifləmiş, rəsmi Tehrandan hərtərəfli asılı olan Ermənistan yaratmaq istəyir. Ermənistana qarşı İranın bu siyasəti Azərbaycanın deyil, Ermənistanın fəaliyyətinin nəticəsidir. Ermənistanın Qərbdəki "qohum-əqrəbası" müharibəyə qoşula bilməyəcək. Ermənistanın kosmosdan yeni müttəfiq tapması barədə bizdə məlumatlar yoxdur".

M.Əhmədoğlu bildirib: "Müharibənin başlanmasının bütün məsuliyyəti vasitəçilərin üzərindədir. ATƏT MQ fəaliyyət prinsiplərini dəyişməli, aktivləşməli, həqiqi vasitəçiliklə məşğul olmalıdır. Amma bunlardan əvvəl o Azərbaycanın etimadını qazanmalıdır. Azərbaycanın etimadını qazana bilməyəcəyi təqdirdə ATƏT MQ təcili missiyasından geri çəkilməli və bu barədə BMT TŞ-ə məlumat verməlidir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.