Siyasət

"Ukraynada baş vermiş hadisələri süni surətdə Azərbaycanda təkrarlamaq istəyi var"

21 Aprel 2014 02:30
Baxış: 1 454

"Azərbaycanda bəzi QHT-lərin şübhəli mənbələrdən vəsait aldığı barədə şübhələr əvvəllər də var idi".

Bu sözləri Milli.Az-a açıqlamasında millət vəkili Azərbaycanda qarışıqlıq yaradılması məqsədi ilə müxtəlif QHT-lərə külli miqdarda maliyyə vəsaitinin ayrılması xəbərinə münasibət bildirərkən Aydın Mirzəzadə deyib.

Müxtəlif dönəmlərdə ABŞ-a bağlı təşkilatlar tərəfində Azərbaycanda fəaliyyət göstərən QHT-lərə 14 milyon dollar vəsait ayrılıb. İşin maraqlı tərəfi budur ki, həmin vəsaitlər ölkədə yalnız hakimiyyətə qarşı olan təşkilatlar üçün xərclənilib. Bitərəf və hökumətə loyal olan heç bir təşkilat ABŞ təşkilatlarının ayırdığı qrant layihələrindən faydalana bilməyib. Ayrılan pullar haqqında araşdırma aparılan haqqın.az saytında maraqlı faktlar göstərilib. Məqalədə iddia olunur ki, vəsait Azərbaycanda qarışıqlıq yaratmaq məqsədi daşıyıb.

Aydın Mirzəzadənin sözlərinə görə, müxalif mövqedə dayanan insanların QHT-ləri haradansa böyük qrantlar əldə edirdilər, böyük tədbirlər keçirirdilər. Sonradan çoxsaylı insanları cəlb etməklə, müəyyən konfranslar, simpoziumlar təşkil edirdilər. Həmçinin bunlar müxalif partiyaların rəhbərliyində təmsil olunurdular. Müxalif partiyalar bir qayda olaraq öz hesabatlarında heç bir üzvlük haqqı toplamadıqlarını bildirir, amma geniş fəaliyyət göstərirdilər. Pulun da məhz QHT-lər vasitəsi ilə onlara gəldiyi aydın olur.

"Jurnalist araşdırmaları həmin şübhələri tamamilə doğruldur. Artıq belə bir mənzərə yaranır ki, ABŞ-da Azərbaycan QHT-lərini maliyyələşdirən fondlar, birliklər var. Bunların neytrallığına, hamıya bərabər münasibət bəslədiyinə çox böyük şübhə var. Çünki onların qrant ayırdığı təşkilatlar arasında nədənsə müstəqil, eyni zamanda hakimiyyətin siyasətini dəstəkləyən QHT-lər yoxdur. Belə bir təəssürat yaranır ki, məqsədli surətdə Azərbaycanın daxili işlərinə qarışmaq, böyük maliyyə vəsaiti ayırmaqla burada gələcəkdə Ukrayna və başqa post Sovet ölkələrində baş vermiş hadisələri süni surətdə Azərbaycanda təkrarlamaq istəyi var", - Mirzəzadə əlavə edib.

Milət vəkili onu da xatırladıb ki, 20 ildən çoxdur ki, belə fəaliyyət göstərməsinə baxmayaraq, həmin QHT-lərin və onların maliyyə ötürdüyü siyasi partiyaların Azərbaycanda dəstəyi yoxdur. Azərbaycan cəmiyyəti onların siyasətini qəbul etmir, onların arxasınca getmir: "Onların demokratik şüarlarının arxasında, ilk növbədə, anti-milli çağırışlar olduğunun fərqinə varır".

Millət vəkili hesab edir ki, Azərbaycanda hər bir QHT, hər bir siyasi partiya özünün maliyyə mənbələrinin haradan olduğunun hesabatını verməlidir. Fəaliyyət şəffaf olmalıdır.

"Fəaliyyətlərinin mənbəyində xaricdən gələn pullar durduğundan bunu cəmiyyətə açıqlaya bilmirlər", - o vurğulayıb.

Teymur Hacıyev
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.