Siyasət

İki qütb, iki quyu, cəmiyyət və qorxaq fərdlər toplusu

25 Aprel 2014 01:00
0 Şərh     Baxış: 1 126

Ermənistanda baş nazir vəzifəsinə kimin təyin ediləcəyi, hansı qüvvələrin naməlum ssenariləri işə salaraq necə davranacaqları ilə bağlı təxminlər və ehtimallar dövrü başa çatıb. Ovik Abramyanın təyinatı siyasi proqnozlaşdırmalarla yanaşı, narahat araşdırmalara və təhlillərə də son qoydu.
 

İndi yeni dövrdür: ermənilər hökumətin formalaşmasının başa çatacağını gözləyirlər.

Erməniləri indi narahat edən məsələlərin hansı nazirlərin dəyişdiriləcəkləri, kimin və hansı partiyadan təyinat alacaqları, Ermənistan İnqilabi Federasiyası-Daşnaksutyun və "Çiçəklənən Ermənistan" Partiyasının yeni hökumətdə yer alıb-almayacaqları və s. kimi məqamları vardı. Nə də olsa, Qagik Sarukyanın sədrlik etdiyi "Çiçəklənən Ermənistan" Partiyasından olan birisi ölkənin idman naziri olmuşdu.
 

Təbii, bütün bunları tamamilə əhəmiyyətsiz məsələlər saymaq da düzgün olmazdı. Nədən ki, Ermənistan prezidenti Serj Sarkisyanın postlarından kənarlaşdırdığı adamların yerlərinə təyin olunan və ya olunacaq subyektlərin əlində hakimiyyət olacaq. Qarşı tərəf isə müxalifət düşərgəsi adlanan məkandır və hər iki müstəvidə baş verənlər ölkədəki proseslərə təsir etməklə yanaşı, ermənilərin taleyini müəyyənləşdirir.
 

Eyni zamanda bəhs etdiyimiz subyektlərin qərarları da yüz minlərlə erməninin yaşamına bilavasitə təsir edir.
 

Amma bütün bunların eybəcər yönü var ki, o da nazirlərin işdən çıxarılıb, işə təyin olunmalarının cəmiyyətin problemlərinə əsla dəxli olmamasıdır.
 

Ermənilər bunu müxtəlif ictimai formatlarda deyirlər. Təyinatların adi vətəndaşları həddən artıq maraqlandıran məsələ səviyyəsindən üzüaşağı yuvarlanması və trivial dedi-qoduya dönməsi isə deyəsən, situasiyanın avtomatik dəyərləndirilməsi yox, adi ermənilərin hakimiyyətlə bahəm, müxalifətə olan inamının öləziməsi, nifrətə çevrilməsidir.
 

Bəzi siyasətçilər nə isə deməyə çalışır, nadir hallarda isə baş verənləri dəqiq qiymətləndirir, həqiqəti deməyə cəhd edirlər. Di gəl, onların sözləri geniş kütlələrə çatmır.
 

Adamlar hakimiyyət uğrunda mübarizənin onlara dəxli olmayan məsələ kimi qavranmasına alışıblar. Belədə ermənilərin həyatlarını və dövlətlərin yaşamını nizamlamaları üçün yeni mexanizmlər, fərqli rıçaqlar aramalarına ehtiyac duyulur.
 

Problem də budur.
 

Erməni müxalifəti yaşananların fəlakətli gerçəyini cəmiyyətin ən geniş təbəqələrinə hələ də çatdıra bilmir.
 

Nə baş verir? Serj Sarkisyan çox ağır daxili siyasi vəziyyətdə vaxt qazanmağa çalışmaqla yanaşı, rəqiblərini zəiflətəməyə, onların dayaqlarını laxlatmağa, mövqelərini səbatsız etməyə can atır. Baş nazir Tiqran Sarkisyanın vəzifəsindən kənarlaşdırılması, onun yerinə Ovik Abramyanın təyinatı bəhs etdiyimiz istiqamətdə ən mühüm addımlardan biridir.

Sarkisyan Ermənistan Milli Konqresi, "Çiçəklənən Ermənistan" və "İrs" partiyaları, habelə Daşnaksutyunu mövqelərini dəyişməyə, sakitləşməyə və reallıqla barışmağa vadar etmək istəyir.
 

Səbəb primitivdir, aydındır: Ermənistan prezidentinin hakimiyyəti tərk etməsini istəyən bu "dördlük" aqressivləşib, sakitləşmək niyyətində deyil və tələblərinin heç olmasa bir qismi yerinə yetirilməyincə dincləşməyəcəyini bəyan edir.
 

Problem Serj Sarkisyanın belə açıqlamalar, bəyanatlar, şüarlar və ya mövqelərdən qorxmasında, ya da qorxmamasında deyil. Hər halda Ermənistan prezidenti yaşananlara heç əhəmiyyət verməyəcək səviyyədə debilizmə mübtəla deyil. Ona görə də təbii, o, ünvanına deyilənlərə reaksiya verməlidir.
 

S.Sarkisyan da mahiyyət etibarilə qorxaq adam olduğundan çox sərt və aqressiv cavab əvəzinə aşkar mövqe bildirmədən hiyləgər, məkrli, fəndgir variantları seçir. Onun qisası aşkar intiqamdan daha ağır, daha pis olur. Hər halda 2008-ci ildən bəri taktika müşahidə olunur.
 

Üstəlik, Yerevandakı iqtidar əvvəlki illərdən fərqli olaraq davranış strategiyasını dəyişib. Ölkədə fərqli situasiya, sərhədlərdən kənarda isə başqa reallıqlardır. Bütün bunlardan dolayı, Ermənistan iqtidarı üçün müxalifətlə çox sərt davranış ciddi başağrıları, ağır problemlər yarada bilər. Eyni zamanda o da sezilir ki, Serj Sarkisyan üçün dolanbac yollar daha əlverişli fəaliyyət stilidir. O, əlavə və ya daha ciddi problemlər yaratmadan rəqiblərlə düşmənlərini müşkül durumlara salmağa, çətinliklərlə üzləşdirməyə üstünlük verir.
 

Bəhs etdiyimiz taktika bundan sonra işləməzsə, istənilən nəticələr verməzsə Serj Sarkisyan naçar qaldığını hiss edəcək, uduzmamaq, boğazını edam ilgəyinə keçirməmək üçün hakimiyyəti qorumağa çalışacaq, ən qanlı və qəddar, repressiv vasitələrlə taktikaya əl atacaq.
 

Ovik Abramyanı baş nazir postuna təyin etməklə əslində Serj Sarkisyan vəziyyəti daha da ağırlaşdırmamağa çalışaraq müxalifəti parçalamaq istəyir. Çünki Yerevandakı siyasi partiyaların fəaliyyətində artıq sabiq baş nazir Tiqran Sarkisyanın kəskin tənqidi xüsusi yer tuturdu. Baş nazirə etimadsızlıqdan aşağı səviyyədə hədəfin vurulması üçün müxalifətin birliyi gülünc təsir bağışlayır.
 

"Çiçəklənən Ermənistan" Partiyası isə baş nazirdən yuxarı hədəfi, yəni Serj Sarkisyanı əvvəllər də vurmayıb və indi də vurmaqdan ciddi-cəhdlə çəkinir.
 

Serj Sarkisyan qorxuya düşdüyündən başçılıq etdiyi Ermənistan Respublika Partiyasının daxilindəki qruplaşmalar və düşərgələrə yeni nəzər salır. İqtidar partiyasındakı dəstələr arasında güclüləri zəiflətməyə, zəifləri də gücləndirməyə başlayan dövlət başçısı bu minvalla özünə qarşı iqtidardaxili düşərgələnməyə yol verməməklə yanaşı, kuluar mübarizələrinin formatı ilə hədəflərini də fərqli etməyə çalışır.
 

Axı iqtidar komandasındakı boğuşmalar şiddətlənərsə didişənləri idarə etmək daha asan olur.

Sadalananlar həm də Serj Sarkisyanın 2008-ci ildən bəri xoflandığı və daim çəkindiyi, nifrət etdiyi sələfinə, sabiq prezident Robert Köçəryana cavabdır. Çünki vədlərinə və açıqlamalarına rəğmən Robert Köçəryan böyük siyasət səhnəsini tərk etməməklə yanaşı, bir sıra obyektiv və subyektiv səbəblərdən indi Ermənistanda mövcud hakimiyyətə nisbi də olsa, meydan oxumağa qadir yeganə şəxsdir.
 

Belədə Ermənistan cəmiyyətinin udduğu nədir, uduzduğu nə?
 

Təbii, iqtidarla müxalifət arasındakı sürəkli hücumlar və əks-hücumlar şəraitində vətəndaşlar gözləmə mövqeyindən aktiv fəaliyyətə keçərək cəmiyyət üçün sərfəli sosial, hüquqi qərarlara, gözəl vədlərə, xeyriyyəçiliyə və s. nail ola bilərlər.
 

Situasiya dəyişməsə, ermənilər indiki iki qütbdən birinin muzdlularına çevriləcəklər.
 

Halbuki tam əksinə olmalı, cəmiyyət ölkənin əsl sahibinə çevrilməli, siyasi qüvvələr vətəndaşlardan asılı ünsürlərə dönməlidir.
 

Özünə və ölkəsinə sahiblik edə bilməyən, azadlıqlarını peşkəş edən vətəndaşlar isə cəmiyyət yox, qorxaq fərdlər toplusudur ən yaxşı halda.
 

Elçin Alıoğlu

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.