Siyasət

Mübariz Əhmədoğlu: ""Araz" AİZ-in fəaliyyəti təhlükəsizlik məsələlərinin həllinin tapılmasını zərurətə çevirir"

18 Aprel 2014 12:12
Baxış: 360
İran Türkiyə, Azərbaycan və Ermənistanla qonşu ərazidə "Araz" azad iqtisadi zonasını (AİZ) yaratmaqla öz iqtisadiyyatını stimullaşdırmaq istəyir və ona görə də rəsmi Tehranın ciddi dəstəklədiyi ideyalardan biridir.

Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, İranın ali dini lideri Seyid Əli Xamneyinin "Müqavimət iqtisadiyyatı" "Araz" Azad İqtisadi Zonasını daha da aktuallaşdırıb: "İran bu məqsədlə Şərqi Azərbaycan və Ərdəbil ostanlığının Araz çayı boyu ərazilərində vergi və maliyyə yükünü tamamilə aradan qaldırır. Həmin ərazini sənaye, ticarət, turizm və kommunikasiya zonasına çevirmək istəyir. Yeni azad iqtisadi zonaya bizim regionda həqiqətən ehtiyac var. Çox sadə misal: Region dövlətlərində avtomaşınların sayının nəzərəçarpacaq çoxalması yüksək oktanlı benzinə ehtiyacı sürətlə artırıb. "Araz" AİZ-da Azərbaycan və İran birgə neft-kimya kompleksi yaratmaqla Türkiyə, İran, Azərbaycan və Gürcüstanın yüksəkoktanlı benzinə olan tələbatını ödəyə bilərlər. İranda və Azərbaycanda neft ehtiyatları kifayət qədərdir".

Politoloq hesab edir ki, Urmiya gölünün ekoloji fəlakətinin yaradacağı ehtimali miqrasiya probleminin faciəyə çevrilməməsində "Araz" AİZ vacib rol oynaya bilər: "Araz" AİZ ilk növbədə İranın Azərbaycanla əməkdaşlığını möhkəmləndirəcək. Amma bu iqtisadi zonanın ən ciddi problemi onun Dağlıq Qarabağ münaqişəsi regionunun birbaşa təmas xəttində yerləşməsidir. Bu xarici investorların ora gəlməsinə ciddi təhlükədir. Bunu İran rəhbərliyi başa düşür. Ona görə İran rəhbərliyinin Dağlıq Qarabağ tənzimlənməsinə mövqeyi dəyişir. Eləcə də Azərbaycanın "Araz" AİZ ideyasını qəbul etməməsinin səbəbi İranın Dağlıq Qarabağ tənzimlənməsindəki mövqeyi idi. Rəsmi Bakı indi İranın Dağlıq Qarabağ tənzimlənməsindəki mövqeyinə inanmaq istəyir".

M.Əhmədoğlu deyib ki, bu baxımdan İranın Ermənistana verdiyi bəzi mesajlar, İranın Ermənistanla münasibətlərindəki dəyişikliklər, Ermənistanda fəaliyyət göstərən iranyönümlü ekspertlərin fikri, İrandan erməni mənşəli jurnalistin Yerevanda mətbuat konfransı keçirib bəzi fikirləri səsləndirməsi çox şey deyir: "Ermənistandakı bəzi irançılar nəinki Dağlıq Qarabağın, hətta Ermənistanın Azərbaycanın tərkibinə düşə bilmə ehtimalından danışdılar. Təbii ki, onlar bu fikirləri İranın adından bildirdilər. Bu mesajları diqqətdən kənarda saxlamaq fikrində deyilik. Amma ortada İranın daha aydın mövqeyi var: İran Ermənistana məsləhət bilir ki, Mehri dəmiryolunun fəaliyyətə başlamasına şərait yaratsın. Mehri dəmiryolunun fəaliyyətə başlaması Azərbaycanın rayonlarının işğaldan azad olunması şərti ilə mümkündür".

Politoloq xatırladıb ki, Mehri dəmiryolunun işə salınması ideyasını digər İran rəsmiləri ilə yanaşı, İran prezidenti H.Ruhani Kiş adasında İranın iş adamları ilə müqavimət iqtisadiyyatını müzakirə edərkən bir daha gündəliyə gətirdi: "O, bu məsələni Azərbaycan Prezidenti ilə müzakirə edəcəyini bəyan etdi. "Araz" AİZ İran üçün vacibdir. Azərbaycan Respublikası iştirak etməzsə, "Araz" AİZ fəaliyyətə başlamayacaq. Ən azı son beş ilin tarixi bunu deyir. Azərbaycanın "Araz" AİZ-a qoşulması üçün Dağlıq Qarabağ münaqişəsinin həlli zəruridir. Əks halda, "Araz" AİZ-in taleyi Ermənistan artilleriyasından asılı olacaq. İnvestorları qaçırmaq təhlükəsi yaratmaqla Ermənistan İran və Azərbaycanı şantaj edəcək. İran indi Ermənistanın adından təhlükəsizlik zəmanəti verə bilməz; Rəsmi Yerevan İran prezidentini Ermənistana buraxmır, onu Novruz bayramı münasibətilə təbrik etmədi. "Araz" AİZ-in işə başlaması və uğurlu fəaliyyəti üçün Təhlükəsizlik məsələlərinin həllinin tapılması zəruridir. İranla Azərbaycan arasında hərbi əməkdaşlıq niyyətlərinin reallaşmasını sürətləndirməklə buna nail olmaq olar".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.