Siyasət

Azərbaycanın son zamanlar Rusiyadan aldığı hərbi texnikaların adları açıqlandı

17 Aprel 2014 16:23
0 Şərh     Baxış: 769
"Azərbaycan Rusiya ilə hərbi-texniki əməkdaşlığın inkişafında maraqlıdır və sentyabrın 11-dən 13-dək Bakıda keçiriləcək ADEX-2014 Beynəlxalq müdafiə sənayesi sərgisində "Rosoboroneksport"un iştirak edəcəyini gözləyir".

Trend-in məlumatına görə, bu barədə İTAR-TASS-a Azərbaycan müdafiə sənayesi nazirinin müşaviri Azad Məmmədov DSA-2014 silah sərgisində bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycanın hərbi-texniki əməkdaşlığının ümumi həcmində Rusiya birinci, Türkiyə ikinci yeri, Cənubi Afrika Respublikası isə üçüncü yeri tutur.

Azərbaycan müdafiə sənayesinin nümayəndəsi qeyd edib ki, son zamanlar respublika Rusiyadan Т-90 tankları, ağır odsaçan sistemlər (TOS), özüyeriyən "Msta" artilleriya qurğuları, Mi-35М vertolyotları, BMP-3 piyada döyüş maşınları, BTR-82 zirehli transportyorları alıb.

A.Məmmədov deyib ki, Azərbaycanda АK-74М avtomatlarının lisenziyalı istehsalının təşkili üzrə müqavilənin reallaşdırılması tam sürətlə gedir: "Hazırda biz bu müqavilənin ikinci mərhələsinin reallaşdırılmasına başlamışıq. Birinci mərhələdə bu avtomatların buraxılışı üzrə yığım xətti yaradılıb. İndi milli sənaye qüvvələri АK-74М-in bəzi hissələrinin istehsalına yiyələnir. Bizdə avtomatların quraşdırılması Rusiya komplektləşdiricilərinin və yerli sənaye müəssisələri tərəfindən buraxılan detalların tətbiqi ilə aparılır".

O qeyd edib ki, keçmiş Sovet respublikaları, eləcə də Rusiya ilə hərbi-texniki əməkdaşlıq dil baryerinin olmaması, oxşar QOST-lar və sahə standartlarının mövcudluğu, keçmiş SSRİ-də hazırlanan kadrların olması kimi əsaslı üstünlüyə malikdir. Qərb nümayəndələri ilə ünsiyyət zamanı Azərbaycan sənayesi üçün böyük problemlər yaranır: "Əlbəttə, marketinq sahəsində, danışıqların aparılmasında problem yoxdur, amma bilavasitə istehsalat sahəsində böyük çətinlik var. Ümid edirik ki, Bakıda ADEX-2014 müdafiə sənayesi sərgisi zamanı "Rosoboroneksport"la əlaqələrimiz yeni səviyyəyə yüksələcək".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.