Siyasət

YAP partiyalararası əməkdaşlıq və dialoq məsələlərini müzakirə edib

16 Aprel 2014 20:17
Baxış: 404
"Yeni Azərbaycan Partiyası (YAP) öz gücünə, nüfuzuna, üzvlərinin sayına, partiyanın əsas rəhbər heyətinin hakimiyyətdə təmsil olunmasına, partiya sədrinin ölkə Prezidenti olmasına və digər əlamətlərinə görə Azərbaycan cəmiyyətini idarə edən əsas aparıcı qüvvədir. Ona görə də bu partiyanın bütün ali orqanlarının toplantıları istər-istəməz cəmiyyətə təsir göstərir".

Trend-in məlumatına görə, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, YAP-ın Partiyalararası əlaqələr və dialoq komissiyasının sədri Əli Həsənov komissiyanın bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

Ə.Həsənov bildirib ki, bu, Azərbaycan cəmiyyətinin səfərbər olunmasında, yönəldilməsində, cəmiyyətdəki ayrı-ayrı qrup, insanlar, sosial və siyasi strukturlar arasındakı münasibətlərin nizama salınmasında da özünü göstərir: "Ona görə də düşünürəm ki, bugünkü komissiyanın iclası da müəyyən məsələlər üzrə xoş mesajlar verəcək və biz gələcəkdə bütövlükdə cəmiyyətdə partiyalararası münasibətlərin vahid strategiyasını müəyyən edəcəyik". PA rəsmisinin sözlərinə görə, faktiki olaraq ilk dəfədir ki, komissiya çərçivəsində Azərbaycan Parlamentində təmsil olunan digər siyasi partiyaların sədrlərinin və nümayəndələrinin iştirakı ilə hakim partiyanın Partiyalararası əlaqələr və dialoq komissiyasının iclası keçirilir.

Daha sonra Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Asəf Hacıyev, deputat Fəzail Ağamalı, YAP Siyasi Şurasının üzvü Məlahət İbrahimqızı, Aydın Mirzəzadə, Fərəc Quliyev və digərləri çıxış edərək komissiyanın iclasında müzakirə olunan məsələlərlə bağlı fikirlərini bölüşüblər. İclasda Azərbaycan Respublikasında fəaliyyət göstərən siyasi partiyaların fəaliyyəti haqqında məlumatların toplanması, təhlil edilməsi və ümumiləşdirilməsi, siyasi partiyalar və onların yerli bölmələri haqqında məlumat bazasının yaradılması, Azərbaycanda siyasi partiya sisteminin təhlil edilməsi, siyasi təşkilatların təsnifatının aparılması, vətəndaş cəmiyyətinə nail olmaq məqsədi ilə Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalarla dialoqun və partiyalararası əməkdaşlığın genişləndirilməsi, cəmiyyəti narahat edən aktual mövzularla bağlı siyasi partiyalarla ikitərəfli və çoxtərəfli görüşlərin, konfrans və "dəyirmi masa"ların təşkili, YAP Gənclər Birliyinin və Qadınlar Şurasının digər iqtidaryönümlü partiyaların gənclər birlikləri və qadınlar təşkilatları ilə qarşılıqlı əlaqələrinin qurulmasının təmin edilməsi, siyasi partiyaların fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin verilməsi, partiyalararası əlaqələr və dialoq məsələlərinə dair beynəlxalq təcrübənin öyrənilməsi, partiyalararası əməkdaşlıqla bağlı Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların təkliflərinin öyrənilməsi, elektron və yazılı kütləvi informasiya vasitələrində partiyalararası əlaqələr və dialoq məsələlərinə həsr olunmuş materialların verilməsi, ali məktəblərdə politologiya ixtisası üzrə təhsil alan tələbələr arasında partiyalararası əməkdaşlıq və dialoq mövzusunda yazı müsabiqəsinin təşkil edilməsi müzakirə edilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.