Siyasət

ABŞ-ın Oklahoma ştatının Senatı tərəfindən Azərbaycana dair qətnamə qəbul edilib - FOTO

16 Aprel 2014 16:42
Baxış: 474
ABŞ-ın Oklahoma ştatının Senatı tərəfindən ABŞ-Azərbaycan strateji tərəfdaşlığına və "Ştat Tərəfdaşlıq Proqramı" çərçivəsində Oklahoma Milli Qvardiyasının Azərbaycanla əməkdaşlıq əlaqələrinin 11-ci ildönümünə həsr olunmuş qətnamə qəbul edilib.

Azərbaycanın ABŞ-dakı Səfirliyindən Trend-ə bildiriblər ki, Qətnamə Senat sessiyası zamanı Oklahoma Milli Qvardiyasının rəhbər heyəti və Azərbaycanın Vaşinqtondakı Səfirliyinin nümayəndə heyətinin iştirakı ilə oxunduqdan sonra səsverməyə çıxarılmadan yekdilliklə təsdiq edilib.

Senator Tom İvester (Tom Ivester) tərəfindən irəli sürülmüş qətnaməyə senatorların hamısının həmmüəllif qismində qoşulması nadir bir hal olmaqla yanaşı, Oklahoma Senatının Azərbaycanla tərəfdaşlıq münasibətlərinə verdiyi önəmin mühüm göstəricisi olub.

Qeyd edək ki, qətnamədə ölkəmizin zəngin dövlətlətçilik və multikulturalizm ənənələrinə vurğu olunaraq Azərbaycanın müsəlman şərqinin ilk parlamentli respublikası olması və müsəlman dünyasında ilk dəfə olaraq qadınlara seçki hüququnun Azərbaycanda verilməsi, habelə ölkəmizdə müxtəlif etnik və konfessiyalara mənsub insanların əsrlər boyu sülh və əmin-amanlıq içərisində yaşadığı qeyd olunur.

Qətnamədə, həmçinin Azərbaycanın ABŞ və NATO-nun etibarlı tərəfdaşı olması, İraq və Balkanlarda olduğu kimi Əfqanıstanda sülhməramlı əməliyyatlara töhfə verməsi, Əfqanıstana gedən yüklərin 40%-nin Azərbaycanın ərazisindən daşınması bildirilir. Sonda qətnamədə Oklahoma qanunverici orqanının "Ştat Tərəfdaşlıq Proqramı" çərçivəsində Oklahoma Milli Qvardiyası və Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin uğurlu əməkdaşlığının 11-ci ildönümünün qeyd edilməsi, habelə ABŞ-Azərbaycan strateji tərəfdaşlığının dəstəklənməsi və bu tərəfdaşlıq münasibətlərinin siyasi, iqtisadi, ticari, mədəni, hərbi və təhlükəsizlik sahələrində daha da gücləndirilməsinə dair ABŞ Hökumətinə müraciəti əks olunmuşdur. Qətnamə qəbul edildikdən sonra onun surəti Azərbaycan nümayəndə heyətinə təqdim edilmişdir (Qətnaməyə dair daha ətraflı məlumat bu linkdən əldə oluna bilər: http://legiscan.com/OK/drafts/SR68/2014).

Qətnamə təqdim edildikdən sonra Oklahoma Milli Qvardiyasının Hava Qüvvələrinin komandanı general-mayor Qriqori Fergüson (Gregory Ferguson) çıxış etmişdir. Qətnaməyə dəstək ifadə etdiklərinə görə senatorlara minnətdarlığını ifadə edən general Fergüson Azərbaycanın regionda ABŞ-ın əsas strateji tərəfdaşı olduğunu və "Ştat Tərəfdaşlıq Proqramı" çərçivəsində Oklahoma Milli Qvardiyası və Azərbaycan Respublikasının Silahlı Qüvvələri arasında on ildən çox bir dövr ərzində faydalı tərəfdaşlıq münasibətlərinin formalaşdırıldığını bildirmişdir. Komandan proqram çərçivəsində görülmüş işlər barədə qanunverici orqan üzvlərini məlumatlandıraraq, bu əməkdaşlığın hər iki tərəfin maraqlarına cavab verdiyini və Oklahoma Milli Qvardiyasının bu münasibətlərin daha da dərinləşdirilməsində maraqlı olduğunu vurğulamışdır.

Daha sonra səfir E.Süleymanov Senatda çıxış üçün dəvət edilmişdir. Səfir öz növbəsində qanunverici orqan mənsublarına öz dərin təşəkkürünü bildirmiş və bu sənədin ştatla ölkəmiz arasında münasibətlərin gələcəkdə inkişaf etdirilməsi üçün möhkəm zəmin olacağına əminliyini ifadə etmişdir.

Çıxışı zamanı o, ölkəmizin müstəqilliyini əldə etdikdən indiki dövrə qədər həm daxili, həm də xarici siyasətdə əhəmiyyətli uğurlar əldə etdiyini söyləmiş, Azərbaycanın amerikalı hərbçilərlə çiyin-çiyinə dünyanın müxtəlif yerlərində beynəlxalq sülhün və əmin-amanlığın bərqərar edilməsində iştirak etdiyini vurğulamışdır. Oklahoma ştatı ilə əməkdaşlığın mühüm töhfələri olduğunu qeyd edən diplomat Azərbaycan tərəfinin münasibətlərdən məmnun olduğunu söyləmişdir. Bununla yanaşı, Azərbaycan nümayəndəsi ölkəmizin sözügedən əməkdaşlığın daha da şaxələndirilməsində maraqlı olduğunu qeyd etmişdir.

Çıxışlar yekunlaşdırıldıqdan sonra Azərbaycan nümayəndə heyəti Oklahoma Senatının prezidenti Brayan Binqmanla (Brian Bingman) görüş keçirmişdi. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti, həmçinin Oklahoma Milli Qvardiyasının qərargahına baş çəkmiş və tərəflər arasında tərəfdaşlıq münasibətlərinin gələcək perspektivlərinə dair ikitərəfli müzakirələr aparılmışdır.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.