Siyasət

Mən hansı bir sərsəriyə bənzədim ki, o dövləti

21 Aprel 2014 02:00
0 Şərh     Baxış: 1 719

Ağıllı insanlar ideyaları, nisbətən ağıllılar - əməlləri və ya hadisələri, gerizəkalılar yalnız başqa insanları müzakirə edərlər.
 

İnsanların yaşadıqları ölkəni formalaşdırdığı bəlli və bu səbəbdən də dövlətlər də fərdlərə, insanlara bənzərlər.
 

Ermənistanı səciyyələndirmək çətindir.
 

"Zavallı" kəlməsindən tutmuş "məkrli" sözünədək ən müxtəlif ifadələr rəsmi Yerevanın yürütdüyü siyasətin inikası sayıla bilər.
 

Ukraynanın Krım yarımadasını "yerli sakinlərin müstəqillik bəyanatları ilə bağlı keçirdikləri referendum" adlı absurd teatrın səhnələrinə istinad edərək işğala uğradan, ələ keçirən Rusiya Qərbin çox ağır təzyiqlərinə məruz qalıb.
 

Qərb indi Rusiya ilə nə edəcəyini düşünür. Həmin düşünmələr, müzakirələr, təhlillər Moskvaya yaxşı heç nə vəd etmir.
 

Avropa Birliyi və ABŞ Rusiyaya ünvanlanmış sanksiyaların siyahısını artırır, postsovet məkanında neoimper siyasəti yürütməyə çalışan Moskvanın qarşısını almağa çalışır.
 

İlk baxışdan Rusiya çox ağır durumdadır, çünki illər əvvəl Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrinin işğalından sonra apatik davranan Qərb indi əvvəlki səhvlərini təkrarlamaq niyyətində olmadığını bəyan edir. Ola bilər, amma Brüssel ilə Vaşinqton indi daha çox mümkün qədər qəzəbli görünməyə çalışaraq qarşısındakını qorxutmaq istəyən, fəqət, gerçəkdən, nə edəcəyini bilməyən insan təkidir.
 

Avropa Birliyi Rusiyaya qarşı sankisiyalardan danışanda anlayır ki, əslində təzyiq imkanları geniş deyil. Moskva Brüsseldən nə qədər asılıdırsa, Brüsselin Moskva qarşısında mövqeləri bir o qədər zəifdir.
 

Məsələ, təbii, qazla bağlıdır.
 

Avropa Birliyinə daxil olan ölkələrin tam əksəriyyəti "mavi yanacağa" olan tələbatının böyük qismini Rusiyadan idxal hesabına ödəyir.
 

Bəzi Avropa ölkələrində isə təbii qaz hesabatının 100 faizi Rusiyanın satdığı "mavi yanacaq"la həll olunur.
 

Təbii qazla yanaşı, sıxılmış və maye qaz da var ki, adıçəkilən enerjidaşıyıcılarının satışında Rusiya Avropada inhisarçı mövqedədir.
 

Avropa Birliyi sanksiyaları sərtləşdirirərsə, heç şübhəsiz ki, Rusiya da satdığı təbii qazın qiymətini qaldıracaq. Qaz idxalına alternativ tapmaq asan deyil. Avropa Birliyi ölkələrindəki qaz emalı zavodlarının yeni təminatçı, satıcı və xüsusilə də qaz növünə keçidi üçün minimum 5-7 il gərəkdir.
 

Çox sərt, qaçılmaz səbəb olmadan on milyardlarla avro xərcləyərək qazpaylama şəbəkələrindən tutmuş, qaz emalı zavodlarınadək geniş infrastrukturu dəyişmək Avropa Birliyinin yaxın perspektiv planlarında deyil.
 

Türkmənistan və Qazaxıstandan aldığı təbii qazı sonradan az qala ikiqat baha qiymətə avropalılara satan Rusiya bunu bilir, rahat davranır.
 

Üstəlik, Avropa Birliyinin Rusiyadan alınan təbii qaza alternativlər arayışlarının qarşısını da Moskva sərt şəkildə almaq üçün gərəkli saydığı addımları atır, yeni ssenariləri işə salır.
 

Ermənistan rəhbərliyinin son günlərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yönəlmiş danışıqlar prosesindəki mövqelərini sərtləşdirməsi, sərhədlərdəki atışmaların şiddətlənməsi və daha konkret desək, erməni hərbçilərinin cürətlənmələrinin də yeganə səbəbi Yerevanın Rusiyadan aldığı göstərişlərdir.
 

MDB üzvləri olan Azərbaycanla Ermənistanın onillərdən bəri elan edilməmiş müharibə şəraitində olması Moskvanı zahirən narahat edirsə, əslində tam razı salır - Cənubi Qafqazla bağlı "şimal planları"nın məhvəri də elə qarşıdurmanın mümkün qədər davam etməsidir.
 

Avropa Komissiyasının sədri Joze Manuel Barrozo da açıq şəkildə bildirib ki, Rusiyanın "Qazprom" şirkətinin təbii qazı Avropa Birliyinə nəql edəcəyi "Cənub axını" layihəsinin əvəzinə Azərbaycandan çəkiləcək boru kəməri prioritet ola bilər.
 

Avropa Birliyinin alternativ qismində Azərbaycanın "mavi yanacağı"ndan yararlanmasına əsla yol verməmək üçün Rusiya Ermənistanı az qala zərbələrdə aktivləşdirir, Azərbaycana qarşı yeni aqressiyalara təhrik edir.
 

Yerevandakı hakimiyyət, Serj Sarkisyanın dəstəsi isə bundan çox razıdır. Axı nə də olsa, Rusiyaya gərəkli olduğunu göstərir.
 

Sarkisyanı Moskva gərəkli saydığı müddətdə isə o, hakimiyyətdə qalacaq və deməli, devrilməyəcək, ölkədən qaçmaq və ya hansısa əyalətdə tutulub edam olunmaq təhlükəsindən qurtulacaq.
 

Məhz "qaz məsələsi"nə görə Dağlıq Qarabağ münaqişəsini yenidən aktivləşdirmək, Azərbaycan-Ermənistan sərhədində atışmaları intensivləşdirmək istəyən Rusiya bu minvalla müti köləsi Yerevana əsl söz sahibi və duruma nəzarət edən qüvvənin kim olduğunu göstərməklə yanaşı, Azərbaycana təzyiqləri artırmaq niyyətindədir. Rusiya həmişə olduğu kimi, ermənilərdən alət kimi istifadə edir.
 

Suriya məsələsində ABŞ-la qarşıdurmada suriyalı ermənilərdən yararlandığı kimi, Rusiyadakı ermənilərdən ən axmaq, şovinist, neoimper bəyanatların səsləndirilməsi üçün istifadə olunduğu kimi, Gürcüstana qarşı təzyiqlərdə Rusiya pasportları vəd etdiyi Samsxe-Cavaxetiya ermənilərindən istifadə etdiyi kimi və ən nəhayət, Krımın işğalına haqq qazandırmaq üçün qarabağlı ermənilərdən yararlanmaq istədiyi kimi.
 

Ermənilər təşvişdədirlər. Onlar yaxşı bilirlər ki, Rusiya həmişə olduğu kimi, bu dəfə də təlxəkdən başqa heç bir rola yaramayan Serj Sarkisyanın idarə etdiyi ölkədən istifadə edəcək, sonra da bu ölkənin varlığı unudulacaq.
 

Fəqət, əvvəlki dönəmlərdən fərqli olaraq Ermənistan bu dəfə Azərbaycanla müharibə durumunda olacaq.
 

O müharibənin necə başa çatacağını təxminləmək üçün iki ölkənin ordularını müqayisə etmək yetər.
 

"Rusiya bizə yardım edəcək", "Rusiya Qarabağa qoşun yeridəcək", "Azərbaycanı müharibə etməyə qoymayacaqlar", "Müharibə olsa, Bakıya qədər gedib çıxacağıq" kimi sarsaq bəyanatlar verən ermənilər zahiri bravurluğa rəğmən, gerçəkdə niyə də giziltili təşviş içində olmasınlar ki...
 

Elçin Alıoğlu

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.