Siyasət

Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzvlüyünü layiqincə başa vurdu

12 Yanvar 2014 13:59
Baxış: 1 613

Respublikamızın bu mötəbər orqana üzv seçilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin məntiqi nəticəsi, ölkəmizin dünyadakı siyasi nüfuzunun göstəricisi idi

Azərbaycan diplomatiyası müstəqilliyimizin bərpasından ötən 22 il ərzində beynəlxalq müstəvidə çoxsaylı uğurlara imza atıb. Əsası ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra qoyulan diplomatik nailiyyətlər müstəqil Azərbaycanın gələcək inkişafında mühüm rol oynayıb. Məhz uğurlu və uzaqgörən diplomatik gedişlərin nəticəsi idi ki, 1994-cü ildə "Əsrin müqaviləsi" imzalandı. 1996-cı ildə ATƏT-in Lissabon sammitində Ermənistan çıxılmaz vəziyyətə salındı. Sonrakı illərdə Azərbaycanın təşəbbüsü ilə iri enerji layihələrinə start verilməsi, tarazlı xarici siyasətin həyata keçirilməsi də Azərbaycanın diplomatik uğurları idi.

Yüksələn nüfuzun əyani təsdiqi

Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə dönüşündən sonra qazanılan bu uğurlarda BMT tribunasından daha səmərəli istifadə edilməsi diqqəti cəlb edir. Məhz Heydər Əliyevin sayəsində Azərbaycan BMT platformasından beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə daha çox cəlb etməyə başlamışdır. 1994-cü ilin sentyabrında BMT Baş Məclisinin iclasında nitq söyləyən Heydər Əliyev bu tribunadan Azərbaycanın haqq səsini dünyaya çatdırmış, Ermənistanın ölkəmizə qarşı təcavüzünü və onun ağır nəticələrini beynəlxalq aləmə bəyan etmişdir. Ulu öndər Heydər Əliyev 1995-ci ilin oktyabrında keçirilən BMT Baş Məclisinin sessiyası zamanı təşkilatın dünya üçün əhəmiyyətli olduğunu deməklə yanaşı, Ermənistanın BMT qətnamələrini hələ də yerinə yetirmədiyini bir daha xatırladıb. Heydər Əliyev 2000-ci ilin sentyabr ayında BMT-nin Minillik zirvə toplantısında da iştirak etmiş, çıxışında qlobalizasiya mövzusuna toxunmuş, həmçinin Cənubi Qafqazda təhlükəsizlik məsələlərinə Azərbaycanın verdiyi töhfələri xüsusilə qeyd etmişdir.

Prezident İlham Əliyev də xarici siyasətdə BMT ilə əlaqələrin inkişafına mühüm önəm verir. Hələ 2003-cü ilin sentyabrında cənab İlham Əliyev Baş nazir statusunda BMT Baş Məclisinin sessiyasında iştirak etmiş, milli sosial-iqtisadi inkişaf, regional və beynəlxalq təhlükəsizliyə qarşı təhdidlərlə bağlı fikirlərini açıqlamışdır. 2010-cu ilin sentyabrında BMT Baş Məclisinin 65-ci sessiyasında iştirak edərək dərin məzmunlu nitq söyləyən Prezident İlham Əliyev diqqəti bir daha Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə cəlb etmişdir.

Azərbaycan mütəmadi olaraq erməni təcavüzünün acı fəsadları ilə BMT-də məsələ qaldırır və əksərən təcavüzkarın ifşasına nail olur. Bu istiqamətdə 2008-ci il martın 14-də BMT Baş Məclisinin 62-ci sessiyasında "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət" adlı qətnamənin qəbul edilməsi rəsmi Bakının mühüm diplomatik nailiyyəti sayıla bilər. Ümumiyyətlə, son illərdə Azərbaycanın keçdiyi böyük inkişaf yolu respublikamızın beynəlxalq müstəvidə saysız-hesabsız diplomatik uğurlar qazanması ilə müşayiət olunmaqdadır. Bu uğurlar tariximizə Azərbaycanın beynəlxalq imicinin daha da yüksəlməsi ilə yanaşı, etibarlı tərəfdaş kimi dünya birliyindəki yerinin daha da möhkəmlənməsi dövrü kimi daxil olub. Bu dövrdə sülh danışıqları prosesində Ermənistanın tamamilə çıxılmaz vəziyyətə salınması, Avropa Şurasında Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalını pisləyən qətnamənin qəbul edilməsi ölkəmizin həyata keçirdiyi siyasətin məntiqi nəticəsi, Azərbaycanın diplomatik sahədə böyük uğurlarıdır.

2011-ci ildə Azərbaycanın beynəlxalq diplomatik uğurları sırasına növbəti əlamətdar hadisə əlavə olundu. Həmin il oktyabrın 24-də BMT Baş Məclisinin plenar iclasında gizli səsvermənin nəticələrinə görə Azərbaycan bu mötəbər təşkilatın Təhlükəsizlik Şurasına (TŞ) üzv seçildi. Bu möhtəşəm hadisə dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümünə təsadüf etdiyi üçün cəmiyyətimizin xoş ovqatını daha da rövnəqləndirdi. Bu əlamətdar hadisə münasibətilə xalqımızı təbrik edən Prezident İlham Əliyev Azərbaycanın BMT TŞ-yə üzv seçilməsini tarixi nailiyyət kimi qiymətləndirdi: "Müstəqilliyimiz dövründə - 20 il ərzində belə böyük uğurun əldə edilməsi, doğrudan da, tarixi nailiyyətdir. Biz 20 il ərzində müstəqil ölkə kimi özümüzü dünyada təsdiq edə bilmişik. Biz sübut edə bilmişik ki, Azərbaycan etibarlı tərəfdaşdır, Azərbaycan dost ölkədir və dostların sayının artması bizim siyasətimizin təntənəsidir. Bu səsvermə müstəqilliyimizin 20 illiyinə təsadüf edir. Bu, çox rəmzi məna daşıyan bir hadisədir. Bu göstərir ki, 20 il ərzində Azərbaycan müstəqil dövlət, dünyada böyük şöhrətə malik olan ölkə kimi özünü göstərib".

Xatırladaq ki, Şərqi Avropa regionundan BMT TŞ-yə yeni üzv seçilmək üçün Azərbaycanla yanaşı Sloveniya və Macarıstan da iddialı idilər. Səsvermənin ilk mərhələsində Macarıstan az səs toplayaraq mübarizədən kənarlaşdı. Sonrakı səsvermələrdə mübarizə Azərbaycanla Sloveniya arasında getdi və respublikamız inamla irəliləyərək lehinə olan səsləri artırdı. Səsvermənin 16-cı mərhələsindən sonra Sloveniya tərəfi Azərbaycanın üstünlüyünü görərək mübarizədən geri çəkildi. Səsvermənin nəticələri üçdə iki səs çoxluğu ilə Azərbaycanı qalib çıxararaq BMT Təhlükəsizlik Şurasının yeni üzvü etdi. Ümumilikdə, 155 ölkənin dəstəyi ilə respublikamız 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini BMT TŞ-də təmsil etmək imkanı qazandı.

BMT TŞ-yə üzvlüyün təyinatla və ya növbəlilik prinsipi əsasında deyil, məhz səsvermə yolu ilə mümkün olduğunu nəzərə alsaq, bu zaman Azərbaycana beynəlxalq ictimaiyyətin etimadının nə dərəcədə yüksək olduğunu görərik. BMT üzvü olan digər ölkələr bu qədər səs ala bilmədikləri halda, Azərbaycan səsvermənin ilkin mərhələlərindən faktiki olaraq dünyanın bütün bölgələrinin etimadını qazandığını ortaya qoydu. Məsələyə bu kontekstdən yanaşsaq BMT TŞ-yə keçirilən səsvermədə Azərbaycana səs verənlər sadəcə, Cənubi Qafqazın sıradan bir ölkəsinin deyil, beynəlxalq miqyasda özünün müsbət imici ilə tanınan, bütün dünyada hər bir sahə üzrə ciddi nüfuz qazanan bir respublikanın namizədliyini dəstəkləmiş oldular. Bu səsvermə nəticəsində BMT Təhlükəsizlik Şurasına seçilmək Azərbaycanın dünyadakı nüfuzunun göstəricisi, beynəlxalq aləmdə ciddi və etibarlı bir ölkə olduğunu nümayiş etdirdi.

BMT TŞ-yə üzv olmaq istəyən ölkələr bu qurumun müəyyən etdiyi meyarlara cavab verməlidir. Müstəqillik illərində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan misilsiz nailiyyətlərə imza atmış, müasir, sürətlə inkişaf edən ölkəyə çevrilmiş, beynəlxalq arenada etibarlı tərəfdaş kimi özünü təsdiq etmiş və böyük nüfuz sahibinə çevrilmişdir. Azərbaycan demokratik və dünyəvi ölkədir. Ölkəmiz daim sülh tərəfdarı kimi çıxış etmiş, böyük iqtisadi və hərbi potensialına baxmayaraq, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiqliyini nümayiş etdirmişdir.

Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ciddi tərəfdaşa çevrilmiş ölkəmiz beynəlxalq təhlükəsizliyə böyük töhfələr verir. Bütün bunlar Azərbaycanın BMT TŞ-yə üzv seçilməsində həlledici faktorlar olmuşdur.

Şərqi Avropa ölkələri qrupundan Ermənistan da BMT TŞ-nin üzvu seçilmək iddiasına düşmüşdü. Amma bu ölkənin hansı əməli işi ilə bu quruma üzv olmaq istəyi məntiqi baxımdan aydın deyildi. Bunu ermənilər özləri də çox gözəl bilirdilər və rüsvay olacaqlarını və heç birinci turdan belə keçməyəcəklərini anladıqları üçün namizədlikdən imtina etdilər.

Ümumiyyətlə, Azərbaycan BMT-nin müvafiq qurumlarına öz namizədlərini irəli sürməklə, bu orqanlara seçkilərdə aktiv iştirak edir. Məsələn, respublikamız UNİCEF-in İcra Heyətinin 1995-1997, 1998-2000-ci illər ərzində, Qadınların vəziyyəti haqqında Komissiyanın 2000-2002-ci illər ərzində və BMT-nin Davamlı İnkişaf üzrə Komissiyasının 2002-2004-cü illər ərzində üzvü olmuşdur. Bundan başqa, respublikamız 2003-2005-ci illər üçün BMT-nin İqtisadi və Sosial Şurasının üzvü seçilmişdir.

Lakin Azərbaycan indiyə qədər BMT-nin ən ali tribunası olan Təhlükəsizlik Şurasında təmsil olunmamışdı. Ona görə də bu hadisə ictimaiyyət tərəfindən çox düzgün olaraq Azərbaycanın beynəlxalq müstəvidə qazandığı son dərəcə böyük siyasi və diplomatik qələbə kimi qəbul edildi. Bunun üçün Azərbaycan xeyli müddət idi ki, genişmiqyaslı iş aparırdı və nəhayət, bu fəaliyyət layiqli bəhrəsini verdi.

Azərbaycanın BMT TŞ-nin üzvü seçilməsi ilk növbədə, Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin göstəricisi idi. Ölkəmizin bu qələbəsini məhz Prezident İlham Əliyev təmin etdi. Bu mənada, bu prosesin qalibi Prezident İlham Əliyevdir. Çünki məhz beynəlxalq münasibətlər sistemini dəqiqliyi ilə bilmək, əks mövqelər hazırlamaq, Azərbaycanın xarici siyasətinin doktrinasının tələblərinə müvafiq real, çevik manevrlər etmək və bu planda BMT müstəvisində, xüsusilə də, BMT Baş Məclisinin sessiyalarında ölkəmizin maraqlarını müdafiə edən ardıcıl tədbirlər reallaşdırmaq məhz dövlət başçısının iradəsinin, mövqeyinin siyasi dəst-xəttinin nəticələridir. Ona görə Azərbaycanın bu posta seçilməsi Prezident İlham Əliyevin apardığı düşünülmüş və məqsədyönlü siyasətin məntiqi sonluğu idi.

Prezident İlham Əliyevin sədrliyi ilə BMT TŞ-nin iclasının keçirilməsi diplomatiyamızın böyük uğurudur

Müasir dünyamız hazırda olduqca həssas dönəmini yaşayır. Bu gün dünyada sülhün və təhlükəsizliyin dəstəklənməsi, silahlı münaqişələrin qarşısının alınması, ətraf mühitin müdafiəsi, ölkələrin davamlı inkişafına kömək, nüvə silahının yayılmaması rejiminə riayət edilməsi, insan hüquqlarının müdafiəsi və hüququn aliliyinin təmin edilməsi bütün bəşəriyyəti düşündürən aktual məsələlərdir. BMT Baş Məclisinin son sessiyalarının gündəliyinə salınan məsələlər də bunu təsdiq edir.

Azərbaycan isə dünyada sülh və inkişaf siyasəti yürüdərək beynəlxalq hüququn bərpa olunması tələbi ilə çıxış edir. Eyni zamanda, ölkəmiz beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi və qorunmasında, davamlı inkişaf və demokratikləşdirmə prosesində BMT-nin vacib rol oynadığını qəbul edir. Bu mənada ölkəmizin təşəbbüsü və iştirakı ilə 2012-2013-cü illərdə BMT TŞ-də bir sıra məsələlərə, o cümlədən təhlükəsizlik və pozulmuş ərazi bütövlüyü problemlərinə baxılıb. Belə çətin və həssas dönəmdə Azərbaycanın BMT TŞ-yə üzvlüyü və həm də sədrliyi şərəfli olduğu qədər də məsuliyyətli idi.

2012-ci ilin yanvarından Azərbaycan BMT TŞ-də səlahiyyətlərinin icrasına başladı. 2012-ci ilin may ayında bu quruma sədrlik etdi. BMT TŞ-yə üzv qəbul olunması və dövlət başçısı İlham Əliyevin sədrliyi ilə 2012-ci ilin may ayında TŞ-nin iclasının keçirilməsi Azərbaycanın diplomatiya tarixində əldə edilmiş ən böyük nailiyyətlərdən biri olmaqla beynəlxalq aləmdə çəkisinin artması, dünya siyasətindəki müxtəlif qlobal problemlərin müzakirəsinə cəlb olunması, regional siyasətlə yanaşı, dünya siyasətinin də əsas aktorlarından birinə çevrilməsi deməkdir.

Azərbaycanın BMT TŞ-də ilk sədrliyi uğurla başa çatdı. TŞ-də ilk sədrlik Azərbaycan üçün böyük sınaq olsa da, ölkəmiz bütün vəzifələrin öhdəsindən layiqincə gəldi. Ən əsası ölkəmizin TŞ-yə ilk sədrliyi göstərdi ki, Azərbaycanın mövqeyi ilə hər kəs hesablaşır. Xatırladaq ki, Azərbaycanın BMT TŞ-yə sədrliyi müddətində şura tərəfindən 3 qətnamə qəbul edilib. Bunlar Sudan və Cənubi Sudan arasında hərbi qarşıdurma, Cənubi Sudanda BMT təhlükəsizlik qüvvələrinin mandatının artırılması və Qvineya-Bisauda hərbi çevrilişlə bağlı olub. Eyni zamanda, Azərbaycanın şuraya sədrliyi müddətində mətbuat üçün 7 bəyanat qəbul edilib, 13 açıq və 16 qapalı iclas keçirilib. Ötən il mayın 18-24-də TŞ-yə üzv dövlətlərin BMT yanında daimi nümayəndələri Qərbi Afrikaya səfər ediblər, mayın 26-27-də İstanbulda "Yaxın Şərq və Şimali Afrika: yeni siyasi reallıqlar" adlı tədbir keçirilib. Mayın 30-da isə Azərbaycanın BMT yanında daimi nümayəndəliyi tərəfindən tədbir keçirilib.

Azərbaycanın BMT TŞ-yə ikinci sədrlik dövrü bu qurumun səmərəli fəaliyyəti ilə yadda qaldı

Oktyabrda Azərbaycan BMT TŞ-də ikinci müddətə sədrlik etdi. Bu dövrdə BMT TŞ-nin gündəliyi beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması ilə əlaqədar mühüm məsələləri əhatə etdi. Azərbaycanın BMT TŞ-də sədrliyinin başa çatması ilə əlaqədar Xarici İşlər Nazirliyinin bəyanatında da qeyd olunur ki, BMT tarixində ilk dəfə olaraq respublikamızın təşəbbüsü ilə "Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi" mövzusunda qurumun yüksək səviyyəli iclası keçirildi. İclasın məqsədi BMT və üzv dövlətlərin sayına görə dünyada ikinci ən böyük hökumətlərarası təşkilat olan İƏT arasında beynəlxalq sülh və təhlükəsizliyin qorunması üzrə əməkdaşlığın hazırkı vəziyyətinin nəzərdən keçirilməsi və tərəfdaşlıq əlaqələrinin daha da gücləndirilməsinə dair mümkün birgə fəaliyyət üzrə müzakirələrin aparılması olmuşdur. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun sədrlik etdiyi iclasda BMT-nin Baş katibi Ban Ki Mun və İƏT-in Baş katibi Əkmələddin İhsanoğlu, habelə BMT TŞ-nin üzv dövlətlərinin yüksək səviyyəli nümayəndələri iştirak etdilər. Müzakirələr zamanı beynəlxalq səviyyədə aktuallıq kəsb edən bir sıra problemlərə, qlobal və regional proseslərə toxunuldu və onların həlli yollarının axtarılmasında BMT-nin digər beynəlxalq təşkilatlar, o cümlədən İƏT ilə sıx əməkdaşlıq etməsinin əhəmiyyəti qeyd edildi. İclasda islam mədəniyyətinin bəşəriyyətə, elmə və təhsilə mühüm töhfələr verdiyi qeyd olunaraq, islam dininin təhqir edilməsinə və hücum hallarına qarşı mübarizə aparmaq məqsədilə birgə səylərə və dialoqa ehtiyac duyulduğu və qlobal səviyyədə dini və mədəni müxtəlifliyə hörmət edilməsinin vacibliyi vurğulandı. Həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının davam etməsindən narahatlıq ifadə edildi və münaqişənin ölkəmizin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri və BMT TŞ-nin 822, 853, 874 və 884 saylı qətnamələri əsasında həll edilməsinə dair çağırışlar səsləndi.

Yüksək səviyyəli görüşün yekun sənədi kimi qəbul edilmiş BMT TŞ-nin sədrinin bəyanatında BMT və İƏT arasında əməkdaşlığın hazırkı vəziyyəti alqışlanaraq onun gücləndirilməsinin vacibliyi qeyd edilib. Bəyanatda həmçinin münaqişələrin BMT Nizamnaməsi və BMT TŞ-nin qərarları əsasında həll edilməsinə dair hər iki təşkilatın eyni mövqedən çıxış etdiyi vurğulanıb.

Azərbaycanın sədrliyi dövründə digər mühüm tədbir 3-9 oktyabr tarixlərində BMT TŞ-nin missiyasının Afrikaya səfəri olub. Məqsəd Afrikanın Böyük Göllər regionunda siyasi, təhlükəsizlik və humanitar vəziyyətlə tanış olmaq və müvafiq səviyyələrdə görüşlər keçirmək idi. Eyni zamanda, Afrika İttifaqının Sülh və Təhlükəsizlik Şurası ilə illik birgə müzakirələrin keçirilməsi məqsədi daşıyan bu səfər çərçivəsində BMT TŞ-nin üzvləri Konqo, Ruanda, Uqanda və Efiopiyada olublar. Oktyabrın 8-də Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində Afrika İttifaqının Sülh və BMT Təhlükəsizlik Şurasının 7-ci illik birgə müşavirəsi baş tutub. Ekvatorial Qvineya və Azərbaycanın həmsədrlik etdiyi iclasda Böyük Göllər regionu, Sudan-Cənubi Sudan münasibətləri, Somali, Mərkəzi Afrika Respublikası və Sahel bölgəsində vəziyyət barədə müzakirələr aparılıb və yekunda birgə kommunike qəbul edilib.

Afrika İttifaqının üzv dövlətlərinin müraciəti əsasında Azərbaycan oktyabrın 31-də təşkilatın İcraiyyə Şurasının Beynəlxalq Cinayət Məhkəməsi üzrə Əlaqələndirmə Qrupunu təmsil edən Efiopiya, Burundi, Mavritaniya, Uqanda, Seneqal, Namibiya və Keniyanın xarici işlər nazirləri və digər yüksək rəsmi şəxsləri ilə BMT TŞ-nin qeyri-rəsmi görüşünü də təşkil edib.

4 qətnamə, 8 bəyanat...

Azərbaycanın TŞ-də sədrliyi müddətində dörd qətnamə qəbul edilib. Bunlar BMT-nin Haitidəki Sabitləşdirmə Missiyasının mandatının uzadılması ilə bağlı 2119 saylı, Əfqanıstandakı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin mandatının uzadılması ilə bağlı 2120 saylı, Mərkəzi Afrika Respublikasındakı vəziyyətlə bağlı 2121 saylı və şuranın oktyabrın 18-də "Qadınlar və sülh və təhlükəsizlik" mövzusunda keçirilmiş açıq iclasının yekununda qəbul edilmiş 2122 saylı qətnamələrdir.

BMT TŞ-nin sədrinin BMT və İslam Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın gücləndirilməsi və Suriyada humanitar vəziyyətlə bağlı iki, Liviyanın paytaxtı Tripoli şəhərində oktyabrın 2-də Rusiya səfirliyinə qarşı törədilmiş terror hücumu, Sudanın bəzi bölgələrində poliomielit xəstəliyinə qarşı peyvənd layihəsi, Sudanın Darfur bölgəsindəki Afrika İttifaqı və BMT-nin Birgə Əməliyyatı, BMT-nin Mali və Konqodakı missiyalarında xidmət edən sülhməramlı əsgərlərinin qətlə yetirilməsi və Qvineyada keçirilmiş seçkilər ilə əlaqədar altı bəyanatı qəbul edilib.

Oktyabrın 30-da Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyi tərəfindən BMT TŞ və BMT-nin digər üzv dövlətləri, BMT-nin Katibliyi, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə BMT TŞ-də sədrliyin başa çatması münasibətilə rəsmi tədbir keçirib.

BMT TŞ-yə sədrliyin ikinci dəfə Azərbaycana keçməsi ölkəmizin beynəlxalq arenada artan nüfuzunun, dünyada cərəyan edən proseslərdə yaxından iştirakı və eyni zamanda, sülhün bərpa edilməsinə verdiyi töhfəsinin növbəti bariz nümunəsi idi. Beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması istiqamətində öz səylərini əsirgəməyən və davamlı şəkildə fəaliyyət göstərən Azərbaycan bu dəfə də BMT TŞ-nin sədri qismində beynəlxalq səviyyədə ədalətin və hüququn prinsiplərinin bərqərar olmasına öz mühüm töhfələrini verdi. Bu müddət ərzində etibarlı və qətiyyətli tərəfdaş kimi Azərbaycanın BMT TŞ və BMT-nin üzv dövlətləri, BMT Katibliyi, digər beynəlxalq təsisatlar ilə sıx işbirliyi və əməkdaşlıq münasibətləri də inkişaf etdirildi.

Ümumiyyətlə, Azərbaycan BMT TŞ-yə üzvlüyü və sədrliyi dövründə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdi, iki il ərzində dünyada sülh və təhlükəsizliyin təmin olunması istiqamətində səylərini davam etdirdi. Ölkəmiz beynəlxalq hüquq normalarının və ədalətin müdafiəsinə çalışdı, TŞ-yə sədrliyi zamanı sülh və beynəlxalq təhlükəsizliyə dair qlobal, yaxud regional əhəmiyyətli məsələlərin gündəliyini müəyyənləşdirdi. Təbii ki, Azərbaycanın bütün məsələlərlə bağlı özünün mövqeyi var idi. Digər tərəfdən, Azərbaycanın BMT TŞ-də fəaliyyəti ərzində diplomatiyamızın səyləri dövlətimizin milli maraqlarının qlobal səviyyədə genişləndirilməsinə yönəldi. Terrordan və işğaldan əziyyət çəkmiş ölkə kimi Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə yaradılan təhdidləri, o cümlədən Ermənistanın təcavüzkar siyasətini daim gündəmdə saxladı.

Azərbaycanın BMT TŞ-yə üzv qəbul olunması tarixi hadisə idi. Çünki Azərbaycan müstəqilliyinin 20-ci ilində artıq dünya siyasətini müəyyən edən 15 ölkədən birinə çevrildi. Bu möhtəşəm hadisə Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırdı, regionun lideri statusunu möhkəmləndirdi. Bu həm də onu göstərdi ki, siyasi iradə və əzm olan yerdə istənilən hədəfə çatmaq olar. Bütövlükdə, Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzvlüyünü layiqincə başa vurdu, üzərinə düşən missiyanı uğurla yerinə yetirdi. Bizim üçün qürurverici məsələ həm də ondan ibarətdir ki, BMT TŞ-yə üzv olmaq istəyən dövlətlər Azərbaycanın təcrübəsini öyrənmək istəyir, respublikamızın qazandığı uğurları örnək kimi qəbul edirlər.

"Azərbaycan" qəzeti

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.