Siyasət

Müdafiə Nazirliyində yeni təyinat almış general: "Rusiya hərbi bazası Qarabağda istifadə edilməyəcək"

31 Oktyabr 2013 20:59
Baxış: 1 528
Müdafiə Nazirliyinin idarə rəisi general-mayor Aleksandr Vasyak "Media forum" saytının suallarını cavablandırıb.


- Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının komandanı polkovnik Andrey Ruzinski "Krasnaya zvezda" qəzetinə müsahibəsində Dağlıq Qarabağ münaqişəsi haqda danışıb. O qeyd edib ki, Azərbaycan Dağlıq Qarabağa qarşı hərbi əməliyyatlar həyata keçirsə, Rusiya hərbi bazası silahlı münaqişəyə cəlb oluna bilər. Bunu necə qiymətləndirirsiniz?
 

- Rusiya hərbi bazası heç bir halda Qarabağda istifadə edilməyəcək. Ona görə ki, Qarabağ Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olan Ermənistan və Rusiyanın ərazisi deyil. Bu barədə başqa fikir ola da bilməz.
 

- Amma Andrey Ruzinski məhz Kollektiv Təhlükəsizlik Müqaviləsinə istinad edir...
 

- Bu sənədə Azərbaycan Ermənistanla müharibə aparacağı halda istinad oluna bilər. Qarabağ bizim torpağımızdır, Ermənistanın ərazisi deyil, eyni zamanda bu ərazinin Rusiyaya, bir neçə ölkənin birləşdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına heç bir aidiyyəti yoxdur. Qarabağ bizimdir, ona görə burada nə Rusiya döyüşəcək, nə Türkiyə, nə NATO, nə də başqası.
 

- Yəni rusiyalı komandanın bəyanatını populist bəyanat hesab edirsiniz?

- Bəli, bu bəyanat heç bir qanunvericilik aktına, hansısa qərara və real vəziyyətə əsaslanmır. Bu, provokasiyadır. Bəlkə də kimsə Ruzinskini provokasiyaya çəkib.


- Rusiya hərbi qüvvələri vaxtilə Qarabağda ermənilərin tərəfində döyüşüb. Xankəndidə yerləşən 366-cı alay hərbi əməliyyatlarda iştirak edib...


- O alayı ermənilər, belə demək olarsa, özününküləşdirmişdi, "Qarabağ ordusu" qondarma adı ilə mənimsəmişdi. Rusiya hərbçiləri müharibədə muzdlular kimi iştirak edib. Rusiya komandanlığı heç bir halda hərbi əməliyyatlara qatılmayıb. Ermənilər bizi də günahlandırırdı ki, burada Ukrayna ordusu döyüşür. Amma Ukrayna ordusu da döyüşməyib, könüllülər olub.
 

- Azərbaycan işğal olunmuş ərazilərini azad etmək üçün müharibəyə başlaya bilərmi?
 

- Bu barədə siyasi rəhbərlik fikrini deyib ki, biz münaqişənin sülh yolu ilə həllini istəyirik. Amma səbrimiz də sonsuz deyil. Əgər sülh danışıqları ilə heç nəyə nail olunmayacaqsa, onda bizim öz ərazi bütövlüyümüzü başqa yolla da bərpa etmək imkanımız və haqqımız var. Bu, bizim torpağımızdır, üzvü olduğumuz bütün beynəlxalq təşkilatların qərarlarına və öz dövlətimizin qanunlarına uyğun olaraq güc tətbiq etmək ixtiyarımız var. Biz kiminləsə döyüşmək istəmirik, tarixən və beynəlxalq qanunlarla Azərbaycana məxsus olan ərazimizi işğaldan azad etmək istəyirik.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.