Siyasət

Əli Əhmədov: "Milli Şura Azərbaycana kənardan gətirilmiş ideya əsasında yaradılıb" - YENİLƏNİB

4 İyul 2013 18:59
Baxış: 325
18:59

"Milli Şura Azərbaycana kənardan gətirilmiş ideya əsasında yaradılıb. Burada birləşmiş insanlar seçki kampaniyasını Azərbaycan vətəndaşlarının iradəsinin əsasında deyil, kənardan edilən dəstək üzərində qurmağa çalışırlar". Bunu Trend-ə hakim Yeni Azərbaycanm Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov bildirib.

Əhmədovun sözlərinə görə, Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyov uzun müddətdir ki, Azərbaycanda yaşamır, dilimizi bilmir: "Əlbəttə, bir kinorejissor kimi onun müəyyən uğurları var. Amma o, Azərbaycanın ictimai-siyasi reallıqlarını bilmir. Bu mənada Rüstəm İbrahimbəyov çətin ki, Azərbaycan vətəndaşlarını başa düşsün. Vaxtilə Azərbaycanda belə bir təcrübə olmuşdu. XX əsrin 80-ci illərinin sonunda Əbdürrəhman Vəzirovu Azərbaycana birinci katib göndərdilər. O da uzun müddət Azərbaycanda yaşamamışdı və reallıqları da tamamilə unutmuşdu. Məhz həmin vaxt o, nə Azərbaycan xalqını, nə də xalq onu başa düşə bildi. Nəticədə isə dövlətimiz və xalqımız böyük fəlakətlərlə qarşılaşdı. O zaman ən böyük faciə ondan ibarət idi ki, rəhbərlə xalq arasında anlaşılmazlıq var idi".

YAP rəsmisi bildirib ki, indi də Milli Şuranın seçdiyi yol həmin ssenari əsasındadır: "Bu ssenarini isə Azərbaycandan kənardakı qüvvələr hazırlayıblar. Müxalifət özü də etiraf edir ki, ssenarisi kənarda hazırlanmış oyundadırlar. Kənarda hazırlanmış ssenarilər də birbaşa olaraq xarici qüvvələrin maraqlarına xidmət edir. Biz bunları ona görə demirik ki, Milli Şura ilə bağlı narahatlığımız var. Sadəcə olaraq, hər kəs respublikada seçkiöncəsi ictimai-siyasi vəziyyətlə tanış olmalı, prosesləri dərk etməlidir".

Onun sözlərinə görə, təsəvvür edin ki, 20 ildir, özlərini partiyaları çərçivəsində "lider" hesab edənlər bu gün siyasi fəaliyyəti ilə bağlı tanınmayan, siyasi proseslər üçün yad olan bir şəxsin ətrafında "sakit" şəkildə birləşiblər: "Əgər iki il bundan əvvəl bu gün Rüstəm İbrahimbəyova "sədaqət andı" içən istər İsa Qəmbər, istərsə də Əli Kərimliyə deyilsəydi ki, Rüstəm İbrahimbəyovun ətrafında birləşin, o zaman onlar onu məsxərəyə qoyardılar. Faktdır ki, 4-5 il bundan əvvəl müxalifət qəzetlərinin səhifələrində Rüstəm İbrahimbəyov ermənipərəst mövqeyinə görə kəskin şəkildə tənqid olunurdu. Bütün bunlar ortada ola-ola birdən İsa Qəmbər və Əli Kərimli Rüstəm İbrahimbəyovun ətrafında birləşməyə qərar verdilər. Nə üçün? Bu birləşmə heç də Rüstəm İbrahimbəyova olan rəğbətdən irəli gəlmir. Bu ona görədir ki, xidmət etdikləri xarici qüvvələr onlara bu gün Rüstəm İbrahimbəyovun ətrafında birləşmək göstərişi verib. Onlar da müticəsinə bu tapşırığı yerinə yetirir və Rüstəm İbrahimbəyovun ətrafında birləşirlər. Qısa zaman keçəcək və görəcəksiniz ki, Rüstəm İbrahimbəyova "sədaqət andı" içənlər bir müddət sonra onun vahid namizəd kimi seçkilərə getməsinə müxtəlif üsullarla maneələr yaradacaqlar".

YAP rəsmisi təəssüflə deyib ki, Azərbaycan müxalifəti siyasi ambisiyalarını reallaşdırmaq üçün istinad nöqtəsi kimi xalqın dəstəyini deyil, xarici qüvvələrin köməyini üstün tutur. Onların dəstəyinin nədən ibarət olduğunu isə hər kəs bilir: "Göründüyü kimi, ənənəvi müxalifət Azərbaycan xalqının iradəsindən çox kənar addımlar atır. Xalqın iradəsinə, maraqlarına və istəklərinə uyğun hərəkət edən yeganə siyasi partiya isə Yeni Azərbaycan Partiyasıdır".

---------
18:14

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi, deputat Əli Əhmədov bu gün Lənkəranda partiyanın yerli fəalları ilə görüşü zamanı onları bu il ayıq-sayıq olmağa, xırda nöqsanları şişirdib siyasi xal qazanmaq istəyən qüvvələrə qarşı tutarlı faktlarla fəal mübarizə aparmağa çağırıb.

APA-nın məlumatına görə, Ə.Əhmədov bildirib ki, Azərbaycanda müxalifətə cəmiyyət tərəfindən ciddi dəstək yoxdur.

O qeyd edib ki, Milli Şuranı yaradanlar da bu reallığı dərk etməlidirlər: "Milli Şuranın siyasi perspektivləri və taleyinə gəldikdə isə, birmənalı şəkildə deyə bilərəm ki, bu gün kənar qüvvələrin diktəsi ilə yaradılan Milli Şura deyilən qurumu Azərbaycan xalqı dəstəkləmir. Buna görə də xalqa söykənməyən dəstənin ciddi bir siyasi şansı yoxdur". İcra katibi daha sonra əlavə edib ki, Milli Şura özünə lider seçdiyi Rüstəm İbrahimbəyov 30 ildir Azərbaycanda yaşamır: "Bu adam düz-əməlli Azərbaycan dilini də bilmir. Azərbaycan mentalitetinə yad bir şəxsdir. 2-3 il əvvəl erməniləri müdafiə etdiyinə, Azərbaycanın ərazi bütövlüyünü şübhə altına aldığına görə Rüstəm İbrahimbəyovu kəskin tənqid edən müxaliflər indi onu prezidentliyə namizəd göstərir. Hansı ağıl və hansı əsasla? Qətiyyətlə deyə bilərəm ki, bu qüvvələrin gələcək seçkilərdə cüzi bir şansı yoxdur. Xalq yalnız Azərbaycanı qısa müddətdə regionda lider dövlətə çevirən cənab İlham Əliyevə səs verəcək".

Tədbirdə Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov çıxış edərək bildirib ki, hazırda rayonda geniş sosial layihələr həyata keçirilir - yeni su xətləri çəkilir, yollar əsaslı təmir olunur, kəndlər qazlaşdırılır. İcra başçısı görülən bütün işlərin cənab İlham Əliyevin yürütdüyü uzaqgörən siyasət nəticəsində mümkün olduğunu və növbəti 5 il üçün Lənkəran əhalisinin mütləq əksəriyyətinin bu siyasətin davamı olaraq, prezident seçkilərində yeganə layiqli namizəd İlham Əliyevə yekdilliklə səs verəcəklərini bildirib.

Görüşdə Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli də iştirak edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.