Siyasət

Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaranmasının 96 illiyi təntənəli şəkildə qeyd olundu - FOTO

28 Mart 2015 21:11
Baxış: 2 130

Martın 28-də Azərbaycanın milli maraqlarının qorunmasında və təhlükəsizliyinin təmin edilməsində xüsusi yeri və rolu olan milli təhlükəsizlik orqanlarının yaranmasının 96-cı ildönümü tamam olur.

AZƏRTAC xəbər verir ki, peşə bayramı münasibətilə Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyəti Fəxri xiyabana gələrək, Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, bu mühüm dövlət təsisatında milliləşmə prosesinin banisi, müstəqillik illərində Milli Təhlükəsizlik Nazirliyinin milli maraqlara xidmət edən peşəkar qurum kimi formalaşmasında misilsiz xidmətləri olan ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstəsi düzülüb.

Sonra Şəhidlər xiyabanında Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş oğul və qızlarımızın unudulmaz xatirəsini yad edib, məzarları üstünə güllər düzüb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həlak olmuş və burada dəfn edilmiş milli təhlükəsizlik orqanlarının əməkdaşlarının da xatirəsi yad edilib, məzarları üzərinə gül dəstələri düzülüb.

Bayram tədbiri Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında davam etdirilib.

Akademiyanın döyüş bayrağı təntənəli şəkildə sıra meydanına gətirilib.

Ümummilli lider Heydər Əliyevin xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Dövlət himni səsləndirilib.

Milli təhlükəsizlik naziri general-polkovnik Eldar Mahmudov ulu öndər Heydər Əliyevin peşəkarlıq ənənələri əsasında müasir təlim-tədris prosesini həyata keçirən bu xüsusi təyinatlı ali təhsil ocağının şəxsi heyətini, kursantları və dinləyiciləri Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 96 illiyi münasibətilə təbrik edib, onlara ölkəmizin milli maraqlarının və təhlükəsizliyinin qorunması naminə təhsildə, məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra kursantlar təntənəli marşla tribunanın önündən keçiblər.

Tədbirin sonunda xidməti fəaliyyətdə fərqlənən əməkdaşlara "Şöhrət" muzeyində mükafatlar təqdim olunub.

General-polkovnik Eldar Mahmudov təltif olunanları bir daha təbrik edərək, çağdaş dövrdə milli təhlükəsizliyə cavabdeh strukturdan daim yüksək peşəkarlıq, çeviklik və səriştə tələb olunduğunu vurğulayıb, xüsusi xidmət orqanlarının dövlətimizin başçısı İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkənin qüdrətlənməsi siyasətinin uğurla reallaşmasına bundan sonra da öz töhfələrini verəcəklərinə əminliyini bildirib. Nazir Eldar Mahmudov Milli Təhlükəsizlik Nazirliyinin müasir tələblərə uyğun inkişafı, maddi-texniki bazasının güclənməsi və şəxsi heyətin sosial müdafiəsinin xeyli yüksəlməsi istiqamətində Ali Baş Komandanın diqqət və qayğısını xüsusi vurğulayıb, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə bütün şəxsi heyətin adından dərin minnətdarlığını bildirib.

Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi, general-leytenant Ziya Yusifzadə Ulu Öndərin adını şərəflə daşıyan bu xüsusi təyinatlı ali təhsil ocağının inkişafındakı xidmətlərinə görə dövlətimizin başçısına minnətdarlıq edib.

Sonda xatirə şəkli çəkdirilib.

Daha sonra Milli Təhlükəsizlik Nazirliyinin yeni tikilmiş Beynəlxalq Təlim Mərkəzinin inzibati binasının açılışı olub.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlətçilik fəaliyyətini əks etdirən stendlə tanış olublar. Qeyd edilməlidir ki, Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi, həyata keçirilmiş struktur islahatları çərçivəsində təhlükəsizliyin etibarlı təmin olunması sahəsində beynəlxalq fəaliyyətin daha da səmərəli təşkili və tərəfdaş ölkələrlə əlaqələrin aktuallığını nəzərə alaraq tikilmiş və yüksək tələblərə cavab verən Beynəlxalq Təlim Mərkəzi müasir avadanlıq və ləvazimatlarla təchiz olunub. Mərkəzin ərazisində tədris və təlim üçün bütün şərait yaradılıb, ətrafda yaşıllıqlar salınıb.

Təhlükəsizlik orqanlarının yaranmasının 96-cı ildönümü münasibətilə təntənəli mərasim Milli Təhlükəsizlik Nazirliyinin akt zalında daha geniş tərkibdə davam etdirilib. Ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın dövlət himni səsləndirilib.

Milli təhlükəsizlik naziri general-polkovnik Eldar Mahmudov mərasimdə çıxış edərək milli təhlükəsizlik orqanlarının bütün şəxsi heyətini və veteranları, Ulu Öndərin şərəfli məktəbinin davamçılarını peşə bayramı münasibətilə təbrik edib.

Ötən ilin də ölkəmizin həyatında uğurlu olduğunu bildirən nazir Eldar Mahmudov, dünyada baş verən iqtisadi böhrana baxmayaraq, Azərbaycanın dinamik inkişaf edən və təhlükəsizliyin hərtərəfli təmin olunduğu ölkə imicini qoruyub saxladığını diqqətə çatdırıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi: "Keçən il dünyada və bölgədə müxtəlif gərgin proseslər gedirdi. Ancaq Azərbaycan öz sürətli inkişaf tempini saxlaya bilmişdir. Ölkəmizin təhlükəsizliyi təmin edilmiş, iqtisadi və sosial proqramlar icra olunmuşdur. Xalqımız 2014-cü ildə təhlükəsizlik şəraitində yaşamışdır".

Bildirilib ki, 10 gün əvvəl respublikanın, ümumən regionun həyatında daha bir önəmli tarixi hadisə baş verib. Azərbaycan və Türkiyə dövlət başçılarının səyləri nəticəsində Trans-Anadolu qaz boru kəmərinin - TANAP-ın təməli qoyulub. Bu layihə ümummilli lider Heydər Əliyev tərəfindən yaradılmış uğurlu neft strategiyasının davamı kimi ölkə iqtisadiyyatının, onun qeyri-neft sahələrinin inkişafına, ümumən xalqımızın rifahına xidmət edəcək. Bu isə bir daha göstərir ki, Ulu Öndərin Azərbaycanın hərtərəfli inkişafı üzrə strateji siyasət kursunun alternativi yoxdur. Möhtərəm Prezident İlham Əliyev tərəfindən milli maraqlar naminə uğurla həyata keçirilən siyasi-iqtisadi kurs ölkəni mürəkkəb dövrdə də strateji məqsədlərinə doğru inamla irəli aparır.

Bu gün Azərbaycanın dünya dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri quran etibarlı tərəfdaş ölkə kimi tanındığını bildirən nazir Eldar Mahmudov, Azərbaycanın 2014-cü ilin ikinci yarısında Avropa Şurası Nazirlər Kabinetinə sədrlik etməsini və digər uğurların ölkəmizin artan nüfuzunun nəticəsi olduğunu qeyd edib. Bütün bunlar Azərbaycanın problemlərinə münasibəti də dəyişir. Torpaqlarımızın 20 faizini işğal altında saxlayan Ermənistanın təcavüzkar dövlət və Cənubi Qafqazda təhlükəsizliyə ciddi təhdid mənbəyi olması indi əksər beynəlxalq təşkilatlar və ölkələr tərəfindən qəbul edilir. Artıq dünyanın 14 ölkəsi və ABŞ-ın 16 ştatının qanunverici orqanında Xocalı faciəsi soyqırımı aktı kimi qiymətləndirilib.

General-polkovnik Eldar Mahmudov ötən ilin Milli Təhlükəsizlik Nazirliyi üçün də uğurlu olduğunu, Azərbaycan Respublikasında təhlükəsizliyin etibarlı şəkildə təmin edildiyini, sabitliyin qorunub saxlanıldığını diqqətə çatdırıb.

Milli təhlükəsizlik orqanlarının fəaliyyət istiqamətləri üzrə əldə edilmiş önəmli nəticələr barədə məlumat verən nazir qeyd edib ki, indiki mürəkkəb dövrdə kəşfiyyat fəaliyyətinin səmərəli təşkili mühüm amildir. Ölkəmizə qarşı təhdidlər, düşmən və rəqib dövlətlərin, xarici xüsusi xidmət orqanlarının təxribat-pozuculuq niyyətləri və planları barədə müntəzəm məlumatlar əldə edilib. Eyni zamanda, respublikamıza qarşı kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliyyətlərinin vaxtında aşkar edilməsi üzrə sistemli əks-kəşfiyyat tədbirləri həyata keçirilir. Bu tədbirlər nəticəsində xarici xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb olunaraq, xüsusi tapşırıqları yerinə yetirən 2 nəfər ifşa edilib.

Ermənistan xüsusi xidmət orqanlarının məxfi əməkdaşlığa cəlb etdiyi digər Azərbaycan Respublikası vətəndaşı maddi maraq əsasında ölkəmiz barədə kəşfiyyat xarakterli müxtəlif məlumatlar toplamış və bunu peşə fəaliyyəti ilə pərdələməyə çalışmışdır. Hazırda həmin fakt, eləcə də qeyri-hökumət təşkilatı adı altında Ermənistan xüsusi xidmət orqanları ilə əlaqələri olan daha 2 nəfər ölkə vətəndaşı barəsində müvafiq cinayət işləri üzrə istintaq aparılır.

Vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə maddi maraq zəminində əsasən Türkiyədən deportasiya edilmiş Orta Asiya ölkələrinin vətəndaşlarını Azərbaycandan İrana və Gürcüstana, oradan isə qanunsuz yollarla yenidən Türkiyəyə keçirən bir qrup Azərbaycan vətəndaşı və onların əlaqələrinə dair materiallar əsasında isə istintaq aparılır.

Silahlı Qüvvələrdə gedən islahatlar və müşahidə olunan müsbət meyildə hərbi əks-kəşfiyyat orqanlarının uğurlu fəaliyyətini qeyd edən general-polkovnik Eldar Mahmudov, bu istiqamətdə nöqsanların vaxtında aşkarlanması və qarşısının alınması üzrə fəaliyyət xəttinin, Müdafiə Nazirliyi və qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələr ilə işgüzar əlaqələrin daha da gücləndiyini vurğulayıb.

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən terrorçuluq, separatçılıq, dini ekstremizm və ictimai-siyasi sabitliyin pozulmasına yönəlmiş digər cinayətkarlıq halları ilə mübarizə üzrə ardıcıl tədbirlər həyata keçirilib. Suriyada hərbi birləşmələrin tərkibində döyüş əməliyyatlarında iştirak etmiş 33 nəfər və Pakistan-Əfqanıstan zonasında fəaliyyət göstərən terrorçu təşkilatın üzvü olan 4 nəfər Azərbaycan Respublikası vətəndaşı cinayət məsuliyyətinə cəlb edilib. Həmçinin müxtəlif növ odlu silah və hərbi ləvazimatla təchiz edilmiş, terror-təxribat xarakterli cinayətlər törətmək niyyətində olan iki radikal dini ekstremist qruplaşmanın 7 üzvü yaxalanıb, dini dözümsüzlük zəminində cinayət törətmiş daha 10 nəfər həbs olunub.

Nazir Eldar Mahmudov son vaxtlar Azərbaycan Respublikası vətəndaşlarının radikal dini ekstremist qrupların və xarici ölkələrdə qanunsuz fəaliyyət göstərən silahlı dəstələrin tərkibində iştirak hallarının artmasının narahatlıq doğurduğunu bildirərək, vəziyyətin belə mənfi təzahürlərlə və ümumilikdə dini zəmində terrorçuluqla mübarizənin cəmiyyətin də yaxından cəlb edilməsi ilə daha səmərəli aparılmasını zəruri etdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, son dövrlər regiondakı bəzi dövlətlərin dini dairələri və xüsusi xidmət orqanları ölkəmizdə radikallaşmaya rəvac verməyə çalışırlar. Bu baxımdan, qeyd olunan istiqamətdə, xüsusən, birinci Avropa Oyunları ərəfəsində zəruri qabaqlayıcı kompleks tədbirlər həyata keçirilir, Azərbaycan Respublikasına qarşı mümkün təhdidlər daim diqqətdə saxlanılır.

General-polkovnik Eldar Mahmudov bildirib ki, ötən müddət ərzində Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının maddi-texniki bazası daha da möhkəmlənib, xidməti iş və tədris şəraiti yaxşılaşıb. Son bir neçə ildə burada açılmış yeni fakültələr artıq tam fəaliyyətə başlayıb. Hazırda müasir dövrün tələblərinə uyğun olaraq yeni fakültələrin yaradıldığı Akademiyada gələcək təhlükəsizlik zabitlərinin yüksək bilik səviyyəsinə, müasir texniki vasitələrlə işləmək bacarığına malik, vətənpərvər şəxslər kimi yetişməsinə ciddi yanaşılır.

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən ötən peşə bayramından hazırki dövrədək olan müddət ərzində də narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması üçün səmərəli tədbirlər davam etdirilib. Bu müddətdə 329 kiloqrama yaxın narkotik vasitə, o cümlədən 183 kiloqram heroin aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Ümumilikdə 41 cinayət işi başlanıb, 84 nəfər məsuliyyətə cəlb olunub.

Bundan başqa, Rusiya Federasiyasının aidiyyəti orqanları ilə tərəfdaşlıq çərçivəsində birgə keçirilmiş əməliyyatlar nəticəsində 2 fakt üzrə 3 nəfər Rusiya vətəndaşından 160 kiloqramdan çox narkotik vasitə götürülüb. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə birgə narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması üzrə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində əlavə olaraq 24,5 kiloqramdan çox qurudulmuş marixuana götürülüb, 1 Ukrayna, 9 Azərbaycan Respublikası vətəndaşı cinayət məsuliyyətinə cəlb edilib.

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində məsuliyyətə cəlb edilmiş 5 nəfər Azərbaycan Respublikası vətəndaşından külli miqdarda narkotik vasitə ilə yanaşı, "Makarov" tipli 2 tapança, "Naqan" tipli 1 revolver və xeyli sayda döyüş sursatı götürülüb.

Təxminən 11 kiloqrama yaxın, dövriyyəsi qadağan edilmiş civəni xarici ölkə vətəndaşına satmaq istəyən daha 1 nəfər Azərbaycan Respublikası vətəndaşı barəsində isə cinayət işi başlanıb.

Nazir Eldar Mahmudov qeyd edib ki, Azərbaycan Respublikasının iqtisadi potensialı əleyhinə təhdidlərin neytrallaşdırılması işi milli təhlükəsizliyimiz üçün mühüm şərtdir. Milli təhlükəsizlik orqanları tərəfindən il ərzində yalançı sahibkarlıq vasitəsilə külli miqdarda əmtəəsiz maliyyə əməliyyatlarının həyata keçirilməsi faktları üzə çıxarılıb. Həmçinin qiymətli daş-qaşın və zinət əşyalarının, eləcə də qanunsuz rabitə xidmətinin təşkilində istifadə olunan rabitə cihazlarının qaçaq yolla ölkə ərazisinə gətirilməsi faktları aşkarlanıb. İfşa edilmiş digər mütəşəkkil cinayətkar dəstə tərəfindən müştərilərin hesablarından külli miqdarda vəsaitin talanması halları müəyyən edilib, bu faktlar üzrə 7 cinayət işi başlanıb, 13 nəfər məsuliyyətə cəlb olunub.

Saxta pul və qiymətli kağızların hazırlanması, müxtəlif şəxslərin adına sənədləşdirilməsi yolu ilə vəsaitlərin mənimsənilməsi faktları da aşkar olunub. Hərbi xidmətdən yayınmaq üçün saxta sənədlərdən istifadə edilməsi, ali təhsil haqqında sənədin saxtalaşdırılması və sair hallar müəyyən edilib. Hazırda bu faktlarla bağlı 14 cinayət işinin istintaqı aparılır.

Ötən müddət ərzində qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsipləri rəhbər tutularaq ümumilikdə 275 şəxs barədə 142 cinayət işinin tam, hərtərəfli və obyektiv istintaqı aparılıb, 128 nəfər məsuliyyətə cəlb edilib.

Nazir Eldar Mahmudov bildirib ki, müasir dövrdə hər bir xüsusi xidmət orqanının qarısında ən vacib vəzifələrdən biri milli təhlükəsizliyə qarşı təhdidlərin dəqiq proqnozlaşdırılması və meyillərin vaxtında müəyyən edilməsidir. Bu baxımdan günün tələbləri nəzərə alınaraq həyata keçirilmiş islahatlar işin daha səmərəli təşkilinə təkan verib. Diqqətə çatdırılıb ki, beynəlxalq əməkdaşlıq əlaqələri ildən-ilə genişlənən və daha səmərəli xarakter alan Milli Təhlükəsizlik Nazirliyi hazırda 51 xarici dövlətin 76 xüsusi xidmət orqanı, habelə bir sıra beynəlxalq təşkilatlar ilə qarşılıqlı əlaqələrə malikdir. Əməkdaşlıq yalnız informasiya və təcrübə mübadiləsi ilə deyil, bir çox hallarda birgə fəaliyyət və əməli kömək şəklində həyata keçirilir.

General-polkovnik Eldar Mahmudov olduqca çətin şəraitdə xidmət aparan Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətini yüksək qiymətləndirib. Həyata keçirilmiş əks-kəşfiyyat tədbirləri nəticəsində xarici xüsusi xidmət orqanları tərəfindən muxtar respublikadakı ictimai-siyasi və dini proseslərə, burada dislokasiya olunmuş hərbi strukturlara xüsusi diqqət göstərilməsi kimi kəşfiyyat-pozuculuq fəaliyyətlərin qarşısı alınıb.

Eyni zamanda, Suriyada qanunsuz hərbi birləşmələrin tərkibində döyüş əməliyyatlarında iştirakları müəyyən edilmiş 7 nəfər ölkə vətəndaşı cinayət məsuliyyətinə cəlb edilib. İl ərzində vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə saxtakarlığı, habelə qızıl əşyalarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsi ilə bağlı Naxçıvan MR MTN tərəfindən toplanılmış materiallar əsasında hazırda 2 cinayət işinin istintaqı aparılır. Narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində Naxçıvan MR MTN-in həyata keçirdiyi tədbirlər nəticəsində 11 fakt üzrə 16 nəfər şəxs istintaqa cəlb olunub.

Milli Təhlükəsizlik Nazirliyinin maddi-texniki bazasının möhkəmləndirilməsi, əməkdaşların xidməti iş şəraiti və sosial müdafiəsinin yaxşılaşdırılması sahəsində də ardıcıl tədbirlər görülüb.

Qeyd edilib ki, 2015-ci ildə birinci Avropa Oyunlarına ev sahibliyi edəcək Azərbaycan Respublikasında bu böyük tədbirin yüksək səviyyədə təşkili üçün Bakı Olimpiya Stadionunun və Milli Gimnastika Arenasının açılışı olub, mövcud idman kompleksləri əsaslı təmir edilib. Su İdman Sarayı və Stend Atıcılığı kimi idman komplekslərinin tikintisi isə yekunlaşmaq üzrədir. Bunlar Azərbaycanın təhlükəsiz dövlət olduğunu təsdiqləyir, mötəbər idman yarışlarını, beynəlxalq turnirləri, Avropa və dünya çempionatlarını təşkil etməyə qadir olduğunu sübut edir. Eyni zamanda, Azərbaycanda beynəlxalq səviyyəli tədbirlərə, o cümlədən bu cür idman oyunlarına ev sahibliyi etməsi ölkənin nüfuzu, imici üçün mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, Azərbaycanın milli təhlükəsizlik orqanlarının qarşısında da böyük vəzifələr durur.

Nazir Eldar Mahmudov cinayətkarlıqla mübarizə, sabitliyin və təhlükəsizliyin etibarlı təmin edilməsi üzrə müvafiq dövlət və hüquq mühafizə orqanları ilə mövcud olan sıx və işgüzar əməkdaşlıq əlaqələrinin bu vəzifələrin də öhdəsindən uğurla gəlməyə imkan verəcəyini diqqətə çatdırıb.

Qeyd olunub ki, Azərbaycanın idman uğurlarında Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının rolu da ildən-ilə yüksəlir. Əlbəttə bu, hər şeydən əvvəl dövlətimizin başçısının yaxından dəstəyi ilə müasir şəraitə, idmanın müxtəlif növləri ilə məşğul olmaq üçün hərtərəfli imkanlara malik Milli Təhlükəsizlik Nazirliyinin "Titan" İdman və Sağlamlıq Mərkəzinin yaradılması ilə bağlıdır. Ötən il "Titan"ın üzvləri ayrı-ayrı idman növləri üzrə dünya, Avropa və respublika çempionatlarında 14 qızıl, 16 gümüş və 9 bürünc medal qazanıblar.

Nazir Eldar Mahmudov çıxışında bildirib ki, Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətində Ermənistan xətti, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində ölkə rəhbərliyinin siyasi kursu üçün əlverişli şəraitin yaradılması daim prioritet təşkil edir. Ötən il Dağlıq Qarabağ münaqişəsinə dair təbliğat materiallarının hazırlanması və yayılması sahəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla iş üzrə Dövlət Komissiyasının da fəaliyyəti uğurlu olub. Səfirliklərimizə, diaspor təşkilatlarına, elm-təhsil ocaqlarına münaqişənin tarixi, yaranma səbəbləri və fəsadlarından bəhs edən xeyli sayda kitab, broşür və elektron vəsaitlər göndərilib. Bu məsələ daim diqqət mərkəzində saxlanılır.

General-polkovnik Eldar Mahmudov qeyd edib ki, milli təhlükəsizlik orqanlarının əməkdaşları üzərinə düşən vəzifələrin məsuliyyətini dərindən dərk edir. Biz möhtərəm Prezidentin milli maraqlara xidmət edən siyasi kursunun bundan sonra da uğurla aparılması üçün qətiyyətlə çalışmaq əzmindəyik. Azərbaycanın daha da qüdrətlənməsinə xidmət edən Heydər Əliyev siyasi kursunun dönmədən həyata keçirilməsi, xalqımızın milli mənafelərinin etibarlı qorunması və təhlükəsizlik fəaliyyətimizin əsas xəttini təşkil edir. Nail olunmuş inkişaf və əldə edilmiş uğurlar dövlətimizin başçısı İlham Əliyevin milli təhlükəsizlik orqanlarının fəaliyyətinə göstərdiyi gündəlik diqqət və qayğının bariz nəticəsidir. Peşə bayramı ərəfəsində Azərbaycan Prezidentinin sərəncamları ilə bir qrup əməkdaşa ali hərbi rütbələrin və yüksək dövlət mükafatlarının verilməsi milli təhlükəsizlik orqanlarına olan diqqətin daha bir parlaq təzahürüdür.

Nazir Eldar Mahmudov milli təhlükəsizlik orqanlarına göstərdiyi qayğıya görə dövlətimizin başçısına minnətdarlığını çatdıraraq bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlətçilik ənənələrinə sadiq olan Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyəti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycanın dinamik inkişaf edən və qüdrətlənən dövlətə çevrilməsi yolundakı əzmkar fəaliyyətində daim ən yaxın silahdaşı olacaqdır.

Təntənəli mərasimdə çıxış edən Milli Təhlükəsizlik nazirinin müavini general-leytenant Elçin Əliyev bildirib ki, Azərbaycan bu gün dünya birliyi tərəfindən zəngin təbii sərvətləri, iqtisadi imkanları ilə yanaşı, mədəni, elmi, intellektual, yaradıcı potensiala malik ölkə kimi qəbul olunur. İndi dünyanın qüdrətli dövlətləri regionla bağlı bir çox məsələlərin həllində ölkəmizin dəstəyinə arxalanır, onunla etibarlı tərəfdaş kimi hesablaşırlar. Azərbaycan bu gün həm regional, həm də beynəlxalq təhlükəsizlik sisteminin qurulmasında fəal iştirak edir.

Milli Təhlükəsizlik Nazirliyinin cinayətkarlıqla, onun ən təhlükəli təzahürlərindən olan terror-təxribat və kəşfiyyat-pozuculuq fəaliyyəti ilə mübarizədə qazandığı uğurlar, ümumən respublikada təhlükəsizliyin təmin edilməsi istiqamətində həyata keçirdiyi tədbirlər cəmiyyətdə yüksək qiymətləndirilir. Şübhəsiz ki, son illər Milli Təhlükəsizlik Nazirliyində aparılan islahatlar nəticəsində formalaşmış və milli maraqlara mümkün təhdidlərə qarşı səmərəliliyi işdə təsdiq olunmuş mübarizə xətti uğurla davam etdiriləcək, qarşıda qoyulmuş vəzifələrin həyata keçirilməsi üçün görülən tədbirlər öz müsbət nəticəsini bundan sonra da verəcəkdir.

Yığıncaqda Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi general-leytenant Ziya Yusifzadə çıxış edərək deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin müdrik, inamlı və son dərəcə cəsarətli daxili və xarici siyasəti nəticəsində ölkəmiz bütün sahələrdə dinamik şəkildə inkişaf edir, əhalinin sosial-müdafiəsi istiqamətində ardıcıl addımlar atılır, ictimai-siyasi sabitlik dönməz xarakter alır, Vətənimizin siyasi-iqtisadi nüfuzu və çəkisi dünyada ildən-ilə möhkəmlənir. Ermənistan artıq dünya birliyi tərəfindən təcavüzkar ölkə kimi tanınıb, Azərbaycan regionda lider dövlətə çevrilib. Bütün bunlar Heydər Əliyev strateji siyasi və iqtisadi kursunun qələbəsi və təntənəsidir. Bu gün müasir dünyanın ən inkişaf etmiş xüsusi xidmət orqanlarının bərabər səviyyəli və etibarlı tərəfdaşına çevrilmiş Milli Təhlükəsizlik Nazirliyi müasir maddi-texniki bazaya, bacarıqlı və peşəkar kadrlara malikdir. Ulu öndər Heydər Əliyevin adını şərəflə daşıyan Akademiya da xüsusi xidmət orqanlarının ümumi fəaliyyətinin uğurla həyata keçirilməsində bütün potensialını və səylərini səfərbər edir.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə mərasim iştirakçıları adından müraciət qəbul olunub.

Mərasimdə Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi və təltif olunmaları barədə Azərbaycan Respublikası Prezidentinin 2015-cü il 28 mart tarixli sərəncamları elan olunub.

Xidmətdə fərqlənmiş əməkdaşların mükafatlandırılması barədə milli təhlükəsizlik naziri general-polkovnik Eldar Mahmudovun əmrləri elan olunub, təhlükəsizlik orqanlarının veteranlarına qiymətli hədiyyələr təqdim edilib.

Tədbirin sonunda təltif olunan əməkdaşlar və veteranlarla xatirə şəkli çəkdirilib.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin


 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.