Siyasət

Azərbaycan XİN Ermənistanın mövqeyini məntiqsiz hesab edir

26 Aprel 2012 12:22
Baxış: 121
Ermənistan öz diplomatik resurslarını o qədər tükədib ki, öz mövqeyini səsləndirməyi Şavarş Koçaryan kimi bu qədər məlumatsız adama etibar edir. Bunu Trend-ə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev Ermənistanın xarici işlər nazirinin müavininin "Novosti Artmeniya" agentliyinə müsahibəsini şərh edərkən deyib.

"Koçaryanın müsahibəsində dediklərini nəinki şərh etmək, başa düşmək belə çətindir. Onun dedikləri həqiqətdən o qədər uzaqdır ki, belə bir hiss yaranır ki, o ya sayıqlayır, ya da sadəcə olaraq reallıqlarla tanış deyil", - Abdullayev bildirib.

Onun sözlərinə görə, əgər Ermənistan hakimiyyəti sülhə hazır olsaydı, beynəlxalq ictimaiyyətin tələblərini yerinə yetirərdi, öz qoşunlarını işğal olunmuş ərazilərdən çıxarardı və sülhə getmək məqsədilə danışıqlar masasına əyləşərdi.

"Erməni diplomatın bəyanatının əsəbiliyi Ermənistan tərəfinin öz dəlillərini tükətməsindən xəbər verir və üstünlüyü məntiqi izaha deyil, absurd bəyanatların gurultusuna və dolaşıq izahatlara verir. Görünür, ona görə də heç vaxt ermənilərin mövqeyində məntiq olmayıb", - Abdullayev bildirib.

XİN nümayəndəsi qeyd edib ki, dünya birliyinin Ermənistanı təcavüzkar hesab etməsi və uzun illər onu işğal olunmuş Azərbaycan torpaqlarını azad etməyə çağırması faktı fakt olaraq qalır. Lakin erməni tərəfi bu fakta biganə yanaşaraq öz mövqeyini tamamilə məlumatsız adamın səsləndirməsinə imkan verir.

"Görünür, artıq Ermənistan rəhbərliyi üçün onu kimin və necə təmsil etməsinin fərqi yoxdur. Bu da heç olmazsa, görüntü üçün Dağlıq Qarabağ nizamlaması üzrə diplomatik səylərin yaradılmasından tam imtina etməkdən xəbər verir", - Abdullayev deyib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.