Tibb işçilərinə kreditlər veriləcək - YENİLİK nə üçündür?

3 İyul 2017 17:49

"2017-2018-ci tədris ilindən başlayaraq tibb təhsilində yeni üsullar və metodların istifadəsinə başlanılacaq. Bu, davamlı tibbi təhsil sistemi ilə əlaqəlidir".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov deyib.

O qeyd edib ki, hazırda hər həkim 5 ildən bir sertifikasiya imtahanından keçir: "Bunun davamı olaraq davamlı tibbi təhsil sisteminə keçid mərhələsindəyik. Əvvəllər sertifikasiyadan keçmədən həkimlərdən kursda iştirakı vacib idisə, artıq bu tələb bir dəfə olmayacaq. Sertifikasiya mərhələsindən sonra həkimlərin peşəkar vərdişlərinin təkmilləşdirməsi də əsas olacaq. Həkimlər daha əvvəl kurslardan keçməklə təkmilləşirdisə, bundan sonra kurlsarla bərabər müxtəlif tədbirlərdə, konqreslərdə biliyini və bacarığını artıra biləcək. Bununla da davamlı tibbi təhsil olacaq".

Nazirlik rəsmisi əlavə edib ki, əsas meyarlardan biri kimi tibb işçilərinin tədbirlərdə və treninqlərdə iştirakına görə onlara beş il ərzində kreditlər veriləcək: "Müəyyən edilmiş limitdə kredit toplayan şəxslər sertifikasiya mərhələsinə buraxılacaq. Məqsəd əhaliyə keyfiyyətli tibbi yardımın göstərilməsidir. Çünki tibb hər gün inkişaf edir. Bu yeniliyi də tibb işçilərimiz öyrənməlidir".

Peşəsindən asılı olmayaraq sertifikasiya dövrünə çatan bütün tibb işçilərinin bu sistemə cəlb ediləcəyini deyən E.Əzizov qeyd edib ki, tibb işçilərinin elmi, pedaqoji fəaliyyəti, peşəsinə aid tədbirlərdə iştirakı qiymətləndiriləcək: "Misal üçün, tibb işçisi 5 il ərzində minimal olaraq 240 sayda kredit toplayan şəxs sertifikasiya mərhələsinə buraxılacaq. Bu günə qədər kredit sistemi mövcud deyildi. Həmin kredit məbləğini toplamayalar üçün yenidən şərait yaradılacaq ki, kreditləri toplaya bilsin. Tibb işçisi istəsə həmin məbləği sırf kurslarda iştirakı, istəsə treninqlərdə, ya da hansısa qurultayda iştirak etməklə toplayacaq. Qiymətləndirmə ilə bağlı Səhiyyə Nazirliyində komissiya formasında xüsusi qurum yaradılacaq. Tədbirin mahiyyətinə görə kredit məbləği müəyyən ediləcək". 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində