30-dan aşağı bal toplayan müəllimlər işdən çıxarılacaq? - VİDEO

17 İyun 2017 20:49

Bir neçə il ərzində ölkədə bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin sayı 140 min nəfərə yaxındır. Ən son qiymətləndirmə mayın 11-də Qaxda keçirilib və bu imtahanda 12 mindən çox müəllim iştirak edib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, diaqnostik qiymətləndirmə imtahanının keçirilməsindən sonra sosial şəbəkələrdə qızğın müzakirələr başlayıb. Balı 30-dan aşağı olan müəllimlərin işdən çıxarılacağı və onların iş yerlərinin vakant kimi göstəriləcəyi ilə bağlı iddialar səslənir.
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov deyib ki, yayılan məlumatlar şayiədir. 30 baldan az nəticə göstərən müəllimlərin işdən çıxarılması məsələsi gündəmdə deyil.
Nazirlikdən həmçinin qeyd edilib ki, diaqnostik qiymətləndirmənin keçirildiyi 12 bölgə üzrə müəllimlərin 90 faizdən çox hissəsi imtahanlarda iştirak edib. Ötən ilin noyabr-dekabr aylarında baş tutan imtahanlarda iştirak edən 25 min 693 müəllimin təxminən 1 faizi imtahandan kəsilib. Həmin kontingentin bir hissəsi öz istəkləri ilə iş yerlərini tərk edə bilərlər. Amma bu, müəllimin öz istəyindən asılıdır. Lakin onlar işlərində qalıb fəaliyyətlərini davam etdirməyi planlaşdırırlarsa, ilk növbədə öz üzərlərində işləməli və yenidən hazırlaşıb diaqnostik qiymətləndirmədən keçməlidirlər.
Nazirlikdən o da bildirilib ki, diaqnostik qiymətləndirmədə iştirak etməyən, bu imtahandan keçməyən, həmin rayon və şəhərlərdəki məktəblərdə işə yeni qəbul olunan və iş yerlərini yeni dəyişən müəllimlərə görə yenidən qiymətləndirmənin keçirilməsi üçün həmin rayon və şəhərlərdən sorğuların daxil olmasını gözləyəcəklər. İstənilən halda, yay aylarında Təhsil Nazirliyi müəllimlərin yerdəyişməsi və işə qəbulu üçün mərkəzləşdirilmiş qaydada imtahanlar keçirir. Elə həmin ərəfədə də imtahan keçirməklə işə yeni qəbul olunan və iş yerlərini dəyişən, diaqnostik qiymətləndirmədən kəsilən, bu imtahana gəlməyən müəllimlərin hamısı üçün imtahan təşkil oluna və onlar diaqnostik qiymətləndirmədən keçə bilərlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
İmtahanlarda 30-dan aşağı bal toplayan müəllimlər işdən çıxarılacaq?