Aygün Bəylərin qohumunun qətlində təqsirləndirilən şəxs: "Qətli əvvəlcədən planlaşdırmaq fikrimiz olmayıb"

17 İyun 2017 14:37

Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Abbas Hümmətov, Fuad Məmmədzadə, Elmur Alxazov, Ramil Əsirov, Elnur Əsirov Cavid Alxazovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Milli.Az-ın APA-ya istinadən xəbərinə görə, hakim Cavid Hüseynovun sədrlik etdiyi prosesdə təqsirləndirilən Elmir Alxazov ifadə verərək bildirib ki, digər təqsirləndirilən Fuad Məmmədzadə ilə sinif yoldaşı olub. Onun sözlərinə görə, F. Məmmədzadə bir gün ona narkotik vasitə əkməyə yer lazım olduğunu deyib: "Ona dedim ki, Abbas və digər tanıdığım uşaqlar var, onların vasitəsi ilə yerlə maraqlanaram. Sonra Abbasla onun işlətdiyi internet klubda görüşdüm və ona Fuadın dediyi məsələni danışdım. Həmin vaxt mərhum Elnur Hümmətov da orada idi. Onlara Cavid Alxazovun Qala qəsəbəsində evi olduğunu, həmin evi kirayə götürməyi təklif etdim. Sonra Abbas və Elnurla birlikdə Fuadla görüşdük. Cavidin evini kirayə götürmək və orada narkotik becərmək barədə razılaşdıq".

Elmir Alxazov qeyd edib ki, kirayə götürdükləri evdə dibçəkdə marixuana əkiblər: "Cavidin bundan xəbəri olmayıb. Elnur və Abbas növbəli şəkildə marixuanalara nəzarət ediblər. Bütün bunlar 2013-cü ilin yaz aylarında olub. Sonradan Ramil əkdiyimiz narkotiklərlə bağlı problem olduğunu və təcili bağa gəlməyimizi bildirdi. Mən də bunu Abbasa dedim, Abbasın maşını ilə yolüstü Suraxanıdan Fuadı da götürərək bağa gəldik".

Onun sözlərinə görə, bağa gələndə E.Hümbətovun qətlə yetirildiyini görüb: "Ramilin ağladığını, ortalıqda meyit olduğunu gördük. Ramil dedi ki, Elnuru öldürüb. Meyiti görəndə hamımız şok keçirdik. Abbasla Fuadın vəziyyəti daha da pis idi. Abbas Fuadı maşını ilə apardı. Sonra mən və Ramil meyiti bağda basdırdıq".

Elmir Alxazov suallara cavab verərkən digər təqsirləndirilən Ramil Əsirovun Elnur Hümmətovu qətlə yetirməsini belə izah edib: "Ramillə Elnur arasında qız söhbəti olub. Elnur Ramilin tanış olduğu qızla telefonda danışıb. Buna görə də onların arasında söyüş olub. Ramil də onu vurub. Bağ evinin həyətində quyu var idi. Meyiti həmin quyuda basdırdıq. Bizim qətli əvvəlcədən planlaşdırmaq fikrimiz olmayıb".

Prokuror Eldar Həmzəyev isə bildirib ki, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadə ilə ibtidai istintaqa ifadəsi arasında kəskin ziddiyyət var. Prokuror onun ibtidai istintaqa verdiyi ifadəsinin elan edilməsi barədə vəsatət verib. Hakim vəsatəti təmin edib və Elmir Alxazovun ibtidai istintaq zamanı verdiyi ifadəsinin elan edilməsi barədə qərar qəbul edib.

Elmir Alxazov 28 iyul 2016-cı ildə şübhəli şəxs qismində verdiyi ifadəsində göstərib ki, narkotik vasitəni satış məqsədi ilə əkiblər. O istintaqda deyib ki, E.Hümbətovu narkotik vasitələr barədə başqa adama nəsə dediyindən şübhələndikləri üçün qətlə yetiriblər.

Proses iyunun 29-da davam edəcək.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin 2016-cı il avqustun 29-da yaydığı məlumatda bildirilir ki, polis və prokurorluq orqanları əməkdaşlarının Bakı şəhər sakini Elnur Hümbətovun 2013-cü il iyunun 16-da itkin düşməsi ilə əlaqədar keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə onun 2013-cü ilin may ayında həmyerliləri Fuad Məmmədzadə, Elmir Alxazov, Abbas Hümbətov, Ramil Əsirov və qardaşı Elnur tərəfindən Xəzər rayonunun Qala kəndi ərazisində boğulma yolu ilə qətlə yetirilərək basdırılması müəyyənləşdirilib. E.Hümbətovun meyiti eksqumasiya edilib. İstintaq orqanı tərəfindən Fuad Məmmədzadə, Elmir Alxazov, Abbas Hümbətov, Ramil Əsirov və qardaşı Elnurun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi üzrə cinayət işi açılıb.

Cinayət hadisəsini törətməkdə təqsirləndirilən şəxslərdən Abbas Hümbətov müğənni Aygün Bəylərin qardaşı, qətlə yetirilənElnur Hümbətov isə əmisi nəvəsidir.

Milli.Az