"Maşın"dakı reallıqlar, Məleykənin arxiv fotosu, aktrisa sevgilisini təhdid edən akademik, Elzayla jurnalistin videosu - HƏFTƏBECƏR

19 İyun 2017 07:07

Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (129-cu say) təqdim edir.

Diqqətli oxucularımız xəbərdardırlar ki, ötən həftə rubrikamızı təqdim edə bilmədik. Amma bu həftə maraqlı xəbərlərimiz var.

Nəhayət ki, "Maşın şou" bitdi. Öz təbirlərincə desək, çaşanlar, torba tikənlər, qatıqlayanlar qaldı bir kənara, maşın qismət oldu şounun ən şən və gülərüz siması İslam Mehrəliyevə. Bu arada tanınmış alim Zaur Qarabağinin bir müşahidəsi diqqətimi çox çəkdi. Sitatı olduğu kimi oxuyaq:

"Murad Arif Murad Dadaşovun bir layihəsində iştirak etdi. Ondan sonra "Maşın şou"da iştirak edib, avtomobil sahibi oldu. Dünən də Murad Dadaşovun komediya filminin baş rolunun ifaçısı İslam maşın qazandı. Təsadüfdürmü, yoxsa zərurət?"

Hər halda Murad Dadaşovun yarım milyonluq layihəsinə kölgə salmaq fikrim yoxdur. Ancaq şounun gedişatında bir neçə dəfə səslərin yanlış hesablanması, iştirakçıların verdiyi təzadlı açıqlamalar göstərir ki, bu dəfə Dadaşovun özü üçün "maşın əldən getdi".

Xalq artisti Məleykə Əsədovanın arxiv fotosunu yayıblar. Biri deyir kifirdi, biri deyir özünə maya qoyub, başqa biri söyləyir ki, pulum olsa, mən ondan da gözəl görünərəm. Etiraf edək ki, hər birimizin albomunda, telefonunda illər öncə çəkdirdiyimiz və bu gün baxıb güldüyümüz, özümüzün belə utandığımız fotolar var. Ya çox arıq olmuşuq, ya qadındırsa, qaşları çox qalındır və sair. Ən pisi odur ki, Məleykə xanım "bu gözəllik Allah vergisidir" deməklə qıcıq doğurur. Çox rahatlıqla "bəli, müəyyən plastik, estetik əməliyyatlar, prosedurlar etdirmişəm" deyib necə deyərlər, söhbəti bağlamaq olardı. Elə deyilmədiyinə görə də camaat həmin fotonu paylaşıb başlığında da "ilahi gözəllik" yazır.

Rafet El Romanın Bakı konserti təxirə salınıb. Səbəbiylə maraqlanmadım. Bu, təxminən ona bənzəyir ki, qonşumuz Əhməd dayının oğlunun toyunu əsgərlikdəki digər oğlunun istəyinə uyğun olaraq bir az ertələyiblər. Yəni, Rafetin Bakıya gəlməyi yox, gəlməməyi təəccüblüdür bundan sonra.

Model-aktrisa Əfsanə Qasımova təhdid olunurmuş. Özü də keçmiş sevgilisi, məşhur memar-akademik Cahid Həsənov tərəfindən. Bir xanımın sosial şəbəkədə yazdığı şərh çox xoşuma gəldi. Deyir ki, sən bu adamla münasibətə başlayanda öz görünüşünə, gəncliyinə niyə qiymət vermədin? Kiminsə zahiri görünüşüylə işim yoxdur. Amma ortada 20 yaş fərq var axı. İndi də ağsaqqal əsəbləşib ki, səni öldürəcəm.

Müğənni Aysel Əlizadə məşhur "Porşe"sini üzə çıxarıb. Amma maşına əməlli-başlı haqsızlıq ediblər. Hansı müğənni olsaydı, indi o maşına üzəçıxdı, qırxçıxdı kimi məclislər təşkil edib, "yumuşdu". Zarafat deyil e, iki aydır hər kəs o maşından və maşını hədiyyə edən daydaydan yazır.

Bir həftə öncə Elza Seyidcahanla ARB telekanalında yayımlanan "Elin gözü" verilişində qonaq idik. Yəqin çoxlarınız həmin verilişdən olan videoya da baxmısınız. Çox istərdim ki, baxmayanlar bir də baxsınlar. Adam nə qədər mədəniyyətdən kənar olmalıdır ki, bu cür davransın? Nə qədər cahil olmaq lazımdır ki, özünü Vaqif Mustafazadə boyda dahiylə müqayisə edəsən. 41 yaşına qədər dünyanı fəth etmiş bir əfsanəylə Elzanı eyni tərəziyə qoymaq insafdırmı? O videoda Elza deyir ki, tanımadığım jurnalistlə məni üz-üzə oturtmayın filan. Bəlkə bunu da çoxları xatırlayır. Təxminən 4 il öncə məhz həmin Elzaya görə ANS-in canlı yayımına Nailə Mirməmmədli qoşuldu və məndən xahiş etdi. Xahiş bu idi ki, Elzayla işim olmasın. Halbuki, Elzayla işim yoxdur. Çünki daha ciddi işlərim var. Bəlkə də fikrimi tam izah edə bilmədim. Amma vaxtınız olsa o videoya mütləq baxın.

Milli.Az