Azərbaycanın dostları kimlərdir? - SORĞU

16 İyun 2017 19:48

Ötən əsrin son onilliyində ikinci dəfə dövlət müstəqilliyini əldə etdikdən sonra Azərbaycanın həll etməli olduğu məsələlərdən biri də xarici siyasətdə özünə daha çox tərəfdar toplamaq idi. 26 illik müstəqillik dönəmində Azərbaycan bunun öhdəsindən gəldi, əksər dövlətlərlə dostluq və ikitərəfli əməkdaşlıq əsasında diplomatik münasibətlər qurdu. Bəs, Bakı sakinləri hansı ölkələri Azərbaycanın dostu, tərəfdaşı sayır?

"ACT Azərbaycan"  Bakı şəhərində bu mözvuda sorğu keçirib.

Milli.Az sorğunun nəticələrini təqdim edir.

Respondentlərin böyük əksəriyyəti (76 %) Azərbaycanın dostu olaraq Türkiyəni görür. Sorğu iştirakçılarının beşdə biri isə (23 %) Rusiyanı Azərbaycana dost dövlət hesab edir. Pakistansevərlər də yetəri qədərdir (18 %). İran (16%) və Gürcüstan (15 %) da dost ölkələr sıralamasındadır. 5 % respondent üçün Azərbaycanın dostları siyahısında Ukrayna da yer alıb. Qazaxıstan dost ölkələr siyahısında 4 %-lə qərarlaşıb. Bakı sakinlərinin fikrincə, İsrail, ABŞ və Özbəkistan da (hər biri 3 % olmaqla) Azərbaycanın dostu olan ölkələrdir.

Sorğu 19 aprel - 1 may tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.

Milli.Az