Deputat Avropa Parlamentini şantajda ittiham etdi

17 İyun 2017 08:00

Avropa İttifaqı ilə Azərbaycanın münasibətlərinin yeni mərhələyə qədəm qoyduğu bir vaxtda Avropa Parlamentinin Azərbaycanın əleyhinə qətnamə qəbul etməsi heç Avropa Birliyinə üzv olan ölkələrin də maraqlarına xidmət etmir.  

Bu barədə Milli.Az-a açıqlamasında Milli Məclisin üzvü, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu Avropa Parlamentində  (AP) "Əfqan Muxtarlı işi" adlı qətnamənin qəbul edilməsinə münasibətində bildirib.

Millət vəkilinin fikrincə, bu qərarın qəbul edilməsinə nail olan qüvvələrin məqsədi insan hüquqlarının müdafiəsi ilə bağlı deyil, konkret siyasi xarakter daşıyır: "Əvvəla, Avropa Parlamenti belə qətnamə qəbul etməklə öz səlahiyyətləri çərçivəsindən kənara çıxıb. İkincisi, AP heç bir milli dövlət üzərində direktiv orqan deyil və heç bir müstəqil dövlətin hüququ institutunun qəbul etdiyi qərarı siyasiləşdirə bilməz. Əfqan Muxtarlı ilə bağlı baş verən hadisələr konkret qanun pozuntusudur. Azərbaycanın mükəmməl hüquq sistemi var. Ölkənin qanunlarını, üstəlik onun Cinayət Məcəlləsinin 3 maddəsini birdən pozan şəxsin cəzalandırılması istər beynəlxalq hüquq, istərsə də Azərbaycanın hüquq sistemi baxımından tamamilə qanunauyğundur. Amma çox təəssüf ki, Avropa Parlamenti hüquqla, qlobal dəyərlərlə manipulyasiya etməyə adət edib. Bu, heç də xoş deyil. Bu, milli dövlətlərə təzyiqdir, onların hüquq sistemini şantaj etmək deməkdir. Əgər AP insan hüquqlarını müdafiə etmək istəyirsə, qoy Dilqəm Əsgərov və Şahbaz Quliyevin öz doğma kəndini ziyarət edərkən ermənilər tərəfindən oğurlanması ilə bağlı da qətnamə qəbul etsin, buna münasibət bildirsin. Amma etmir. Deməli, burada siyasi məqsədlər var".

H.Babaoğlunun qənaətincə, bu cür təzyiqlərə baxmayaraq, Azərbaycan heç kimə baş əyməyəcək: "Azərbaycan müstəqil dövlətdir, uzun müddətdir beynəlxalq münasibətlərin iştirakçısıdır, müxtəlif beynəlxalq və regional təşkilatlardan gələn siqnalların, yaxud bu cür bəyanat və qətnamələrin arxasında nələrin durduğunu çox yaxşı dərk edir. Azərbaycan yürütdüyü müstəqil xarici siyasətində beynəlxalq və regional təşkilatlarla əməkdaşlıqda öz milli maraqlarını önə çəkir. Ona görə də heç vaxt belə siyasi şantajlara və manipulyasiyalara baş əyməyəcək, öz ərazi bütövlüyünü bərpa etmək üçün lazım olan addımları atacaqdır. Əgər bu, Avropada hansısa erməpərəst qüvvələrin xoşuna gəlməsə də, Azərbaycanın müstəqil siyasətini və ərazi bütövlüyünü bərpa etmək hüququnu heç vaxt məhdudlaşdıra bilməyəcək. Ona görə də yaxşı olar ki, AP Azərbaycanın reallıqlarını, onun Avropa üçün, enerji təhlükəsiziyi üçün əhəmiyyətini dərindən qiymətləndirsin və ölkəmizin hüquq sisteminə hörmət etsin. Əks təqdirdə bundan sonra heç kəs Avropa təşkilatlarının qəbul etdiyi qərarlara hörmətlə yanaşmayacaq".

Əfqan Muxtarlının üzərindən 10 min avro pul tapılıb - Rəsmi məlumat yayıldı


 

Qeyd edək ki, 2017-ci il iyunun 15-də Avropa Parlamenti tərəfindən Əfqan Muxtarlı ilə bağlı qətnamə qəbul edilib. Lakin sözügedən sənəd AP-nin özündə də birmənalı qarşılanmayıb. Belə ki, deputatların 272 nəfəri sənədin təxirə salınması təklifi ilə çıxış edib, 27-si isə səsvermədə bitərəf qalıb.

Xatırladaq ki, Dövlət Sərhəd Xidməti və Baş Prokurorluğun yaydığı birgə məlumata əsasən, Azərbaycan vətəndaşı, 1974-cü il təvəllüdlü Muxtarlı Əfqan Sabir oğlu 29 may 2017-ci il tarixdə saat 22:40-da Balakən rayonu ərazisində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadan nəzarət-buraxılış məntəqələrindən kənarda Gürcüstandan Azərbaycan Respublikasına qanunsuz olaraq keçdikdən sonra qaçmağa cəhd edərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq onlara qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmiş və xidmətin əməkdaşları tərəfindən saxlanılıb.

Pünhan Mirzə
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində