Formula 1 Azərbaycan Qran Prisinin yarış cədvəlinin DETALLARI

16 İyun 2017 18:30

Növbəti dəfə Bakıda 22-25 iyun tarixlərində baş tutacaq Formula 1 yarış həftəsonunda keçiriləcək tədbirlərin saatları artıq müəyyənləşib.

Bakı Şəhər Halqasından (BŞH) Milli.Az-a təqdim olunan cədvələ əsasən, tamaşaçıların dənizkənarı bulvar ərazisində yerləşən Formula 1 şəhərciyi və əyləncə zonalarına girişinə iyunun 22-i saat 14:00-dan etibarən icazə veriləcək, 23-25 iyun tarixlərində isə tamaşaçılar bu məkanlara səhər saat 10:00-dan etibarən daxil ola biləcəklər. Formula 1 şəhərciyi və əyləncə zonaları axşam saatlarında dünya ulduzlarının iştirakı ilə baş tutacaq konsert proqramları başa çatanadək fəaliyyət göstərəcək.

BŞH-nin Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim yarış həftəsi ərzində konsert proqramları ilə yanaşı müxtəlif əyləncəli tədbirlərin keçiriləcəyini bildirib: "Biz bu il qarşınıza daha zəngin əyləncə proqramı ilə çıxaraq sizlərə açıq havada möhtəşəm bayram əhval-ruhiyyəsi yaşadacağıq. Əyləncə zonalarında təşkil olunmuş müxtəlif növ proqramlarda iştirak edərək yarış həyəcanını əyləncə coşğusu ilə birlikdə yaşaya biləcəksiniz. Burada həmçinin siz Formula 1 dünyası ilə yaxından tanış olaraq ailənizlə birlikdə bir-birindən əyləncəli tədbirlərə qatılmaq imkanına sahib olacaqsınız. Hamınızı əyləncə zonalarında baş tutacaq rəngarəng tamaşalarda əylənərək yarış həftəsonunu zövqlə yaşamağa dəvət edirik."

Qeyd edək ki, dördgünlük bilet alan tamaşaçılar 22 iyunda saat 19:00-dan 20:30-dək Pit Yolu gəzintisində iştirak edə biləcəklər. Yürüş zamanı tamaşaçılar Pit Yoluna daxil olaraq F1 komandalarının qarajlarda bolidləri yarışa necə hazırladıqlarının şahidi olacaqlar. Pit Yolu Gəzintisi üçün giriş Formula 1 Şəhərciyində Abşeron tribunasının yanında olacaqdır.

Bundan başqa, Formula 1 Şəhərciyində Azərbaycan Qran Prisində mübarizə aparan bütün pilotların iştirakı ilə 23-25 iyun tarixlərində saat 11:00-da başlayaraq günün müxtəlif saatlarında avtoqraf sessiyaları keçiriləcək. Sessiyalar zamanı azarkeşlər sevdiyi pilotlarla üz-üzə görüşərək şəkil çəkdirə və onlardan avtoqraf ala biləcəklər. 

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində