Keyfiyyətsiz lövhələr və tamah: London faciəsinin səbəbləri aşkarlandı - FOTO

16 İyun 2017 11:23

Bu binanın təmiri zamanı istifadə olunan materiallar keyfiyyətsiz və təhlükəli olub. Üzlük lövhələrin sifarişi zamanı maksimal dərəcədə qənaət məqsədilə aluminium örtüklü polimer materiallı lövhələr alınıb

Britaniyanın paytaxtı Londonun qərbindəki "Grenfell Tower" adlı 24 mərtəbəli yaşayış binasının yanıb kül olmasından sonra dövlət qurumlarının hazırladıqları hesabatda belə deyilir.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, hesabata görə, 1974-cü ildə tikilən və 2011-ci ildə təmir edilən binanın yanğına təhlükəli olması çoxdan bəlli idi. Çünki təmir zamanı istifadə olunmuş lövhələr, yəni panellər keyfiyyətsiz və təhlükəli idi.

Ekspertlərin dediklərinə görə, bütün binanın üzlənməsi zamanı cəmi 5 min funt-sterlinq daha çox xərclənərək normal panellərdən istifadə olunsaydı, faciə baş verməzdi.

"Grenfell Tower"in üzlənməsində istifadə olunmuş panellər "Reynobond" şirkətinin istehsalıdır. Həmin panellər ABŞ-da və Avropa Birliyi ölkələrinin tam əksəriyyətində yasaqlanıb.

Bu panellərin 1 m2-i 22 funt-sterlinqdir. Halbuki, təmir zamanı 24 funtluq panellərdən istifadə edilsəydi, binanın yanğına davamlılığı xeyli artardı.

"Grenfell Tower"dəki yanğında 17 nəfər həlak olub. Yaralananların və xəsarət alanların sayı 100-ü keçib. Yaralılar arasında kritik durumda olanların sayı az olmadığından tələfat statistikası arta bilər.

"Reynobond" şirkətinin sahibi Rey Beyli və onun xanımı Belimnda İngiltərənin Şərqi Sasseks qraflığındakı Krouboro şəhərində, 1 milyon funt-sterlinq dəfərində villada yaşayırlar.

Üç övlad atası olan R.Beyli yanğınla bağlı sualları cavablandırmaqdan imtina edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində