"Gördüm ki, aldadır" - Avtomobillərdəki naviqasiyalar niyə işləmir? - VİDEO

15 İyun 2017 18:17

Yeni massivlər salınır, küçə və prospektlərin sayı artır deyə paytaxt böyüyür. Sayı artan həm də taksilərdir. Təbii ki, naviqasiya sistemi olmayan taksilər üçün gündən-günə dəyişən Bakıda hərəkət etmək çox çətindir. Amma taksi sürücülərinin naviqasiya sisteminə münasibəti də birmənalı deyil:

Milli.Az bildirir ki, ARB TV-nin "Günə doğru" proqramında mövzu ilə bağlı maraqlı süjet yayımlanıb.

Sürücü: "Yolların adı dəyişiləndə çətinliklər yaradır. Bəzi hallarda isə tez çatdırır ünvana".

Sürücü: "Bir ara istifadə edirdik. Bu yollar ki, tez-tez dəyişilir, gördüm ki, naviqator aldadır".

Bəzi naviqasiya sistemlərində problemlərin olduğunu deyən sürücülərlə avtoekspert Elməddin Muradlı da razılaşır:

"Köhnə ünvanlarla tanınan naviqasiya sistemləri var ki, onlar öz işlərini təkminləşdirmirlər. Məsələn, "Sovetski" deyilən ərazi yeniləndi, bəzi küçələr tamamiylə ləğv olundu. O küçələri nə adla daxil ediblər o maraqlıdı".

Taksi şirkətlərindən birinin idarəçisi Azər Mazanova görə problem ondan qaynaqlanır ki, dəyişilən və yeni ünvanlar naviqasiya sistemlərinə ya daxil edilmir, ya da bu proses zamanı yubanmalar baş verir.

İdarəçi, həmçinin bildirir ki, qurum olaraq onlar sürücülərə avtomobildə naviqasiya sisteminin olmasını şərt qoyublar. Amma bu, o demək deyil ki, onların bütün taksilərində sözügedən sistem var:

Azər Mazanov - Taksi şirkətinin idarəçisi: "Əvvəldən işləyən sürücülərdə yoxdu. Çünki biz bunu tələb formasında qoymamışdıq. Yeni götürdüyümüz sürücülərin əksəriyyətində var".

Naviqasiya şirkətinin direktoru Rizvan Cəfərov isə bildirir ki, onlara naviqasiya üçün müraciət edən taksi şirkətlərinin sayı ilbəil artır:

Rizvan Cəfərov - Naviqasiya şirkətinin direktoru: "Taksi şirkətinin rəhbəri özü gəlib bizlə müqavilə bağlayır. Müqavilə şərti olaraq biz onlara naviqator sistemi yazıb, izah edirik".

Yol dəyişiklikləri zamanı naviqatorlarda yaranan problemlə bağlı Rizvan Cəfərov bildirdi ki, bunun olmaması üçün xüsusi işçi qrupu ayırıblar. Onlar bütün günü yollardakı vəziyyət, küçə və prospektlərdəki dəyişikliklərlə maraqlanırlar.

Xaricdən gətirilən avtomobillərin naviqasiya sistemində problemlər yaşanır. Bu, əsasən, Asiya ölkələrindən gətirilən avtomobillərə aiddir:

Rizvan Cəfərov - Naviqasiya şirkətinin direktoru: "Onların naviqasiya sistemində bloklaşma var və o bloklaşmanı dərhal aça bilmirik".

Milli naviqasiya sistemlərinin fəaliyyəti qənaətbəxş sayılır. Amma mütəxəssislər bu sahədə bir az da inkişafa ehtiyac olduğunu deyir:

Elməddin Muradlı - Avto-ekspert: "Təəssüfləndirici hal odur ki, bəzən xaricdən hansısa bir dəstək olmasa, bu sistemi qurmaq çətin olur. Bu da bizim texnologiya sahəsində müəyyən çətinliklərimizdən irəli gəlir"

Qeyd edək ki, Azərbaycan ölkə olaraq naviqasiya cihazları istehsal etmir. Cihazlar ölkəyə xaricdən gətirilir və onlara yerli proqramlar yazılır. Bu sistemdən yararlanmaq istəyənlər, təbii ki, İOS və ANDROİD tipli smartfonlarından yararlana bilərlər. Bu sahənin daha da inkişaf etdirilməsi vacibdir. Naviqasiya sisteminin normal fəaliyyəti sürücülərin, piyadaların, xüsusən ölkəyə gələn turistlərin də işini rahatlaşdırır. Bu sistem vasitəsilə nəinki ünvana çatmaq, tıxaclardan yayınmaq, hətta yollarda dəyişilən nişanlardan belə xəbər tutmaq olar.

Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.