İçki içməyin günahı

17 İyun 2017 19:50

İçki içmək böyük günahdır və bütün pisliklərin başlanğıcıdır. İçki ağlı aparır, malı israf edir, xəstəliklərə səbəb olur və insanı hörmətdən salır. İçki insanlar arasında düşmənçilik yaradır, Allahı xatırlamağı unutdurur, zinaya (ailədən kənar cinsi əlaqə) sövq edir, hətta qətlə səbəb olur. İçkili insanlar asanlıqla Allahın hədlərini aşırlar. İçki nəticəsində neçə-neçə ailələr dağılmış, varlı adamlar müflis olmuş, evlərdən bərəkət getmiş, əvəzinə bəla və müsibət gəlmişdir.
Milli.Az zikr.az-a istinadən bildirir ki, Uca Allah buyurur:  "Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici (içki) də, qumar da, (tapınmaq məqsədilə) dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız. Həqiqətən, şeytan sərxoşedici (içki) və qumar vasitəsilə sizin aranıza ədavət və kin salmaq, sizi Allahı yad etməkdən və namazdan ayırmaq istəyər. Siz (buna) son qoyacaqsınızmı?" (əl-Məidə, 90-91).
Səhih hədislərdə Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) davamlı içki içənlərə Cəhənnəmdə oranın sakinlərinin yaralarından axan irin və qan içirdiləcəyini demişdir. (İbn Məcəh, 3377).
"İçkiyə aludə olan heç kim Cənnətə girməyəcək". (İbn Məcəh, 3376).
O, həmçinin demişdir: "Allah içkini sıxana, sıxdırana, içənə, daşıyana, daşıdana, təqdim edənə, satana, pulunu yeyənə, satın alana və aldırana lənət etmişdir". (ət-Tirmizi: "Sehr", 59; Əbu Dəvud: "Əşribə", 2).
 
İçkini necə tərgitmək olar?
Digər günahlar kimi içkini də yalnız Allaha dua edərək ondan yardım istəməklə tərgitmək olar. Uca Allah buyurur: "Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl. Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir". (əl-Ənkəbut, 45).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Kişi öz dostunun dinindədir. Elə isə sizdən hər biriniz kiminlə dost olduğuna fikir versin". (Əbu Dəvud; ət-Tirmizi). Bu səbəbdən günaha aparan dostlardan uzaqlaşmaq, mömin, xeyirli insanlarla dostluq etmək lazımdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində