İran maşınları Qarabağa yük daşıyır? - Araşdırılır

14 İyun 2017 08:00

İranın bəzi şirkətlərinin, iş adamlarının müxtəlif illərdə Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonlarında qeyri-qanuni fəaliyyət göstərmələrinə dair ara-sıra məlumatlar üzə çıxır. Son olaraq belə siqnallardan biri Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər edən rusiyalı yazar Eduard Limonov tərəfindən verilib.

Xəbər verdiyimiz kimi ekstremist-faşist Eduard Limonov artıq Azərbaycanın Xarici İşlər Nazirliyi tərəfindən "qara siyahı"ya salınıb. Lakin onun işğal altındakı ərazilərdə gəzərkən, daha doğrusu ermənilər onu qoşunların təmas xəttinə apararkən yolda rast gəldiyi və qeyd etdiyi bir məqam diqqət çəkməyə bilməz.

Qarabağdakı təəsüratlarından bəhs edən Limonov səfər qeydlərinin birində yazır: "Kəndə gedirik. Qarşıma İrana məxsus sarı nömrəli yük maşınları çıxır. Soruşdum ki, İran maşınları Qarabağa nə daşıyır? Cavab: "Hər şey"".

Məsələ ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Milli.Az-ın sorğusuna cavab olaraq bildirib:

"Azərbaycanın işğal olunmuş ərazilərində iqtisadi və digər hər növ qeyri-qanuni fəaliyyətlər daim diqqət mərkəzində saxlanılır və araşdırılır. Daha sonra məsələ əldə edilən faktlar əsasında aidiyyatı ölkələrlə müzakirə masasına çıxarılır".

Düzdür, avantürist Limonovun bu yazdıqlarını birbaşa həqiqət kimi qəbul etmək yanlışlıq olardı. Çünki onun bu qeydləri Azərbaycanla İranın arasını vurmaq üçün bir təxribat da ola bilər. Amma hər halda yenə də məsələni diqqətdən qaçırmamaq və ciddi araşdırmaq lazımdır. Əgər bu həqiqətdirsə, təbii ki, İran tərəfi buna görə ətraflı izahat verməlidir. Yox, əgər yalan və təxribatdırsa, İranın diqqətinə çatdırmaq lazımdır ki, ermənilər bu cür yollarla İran-Azərbaycan əlaqələrinə zərbə vurmağa çalışırlar.

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində