Gürcüstandakı zəlzələ Azərbaycanda evləri çatlatdı

8 İyun 2017 14:56

İyunun 7-də axşam saatlarında Gürcüstanda baş vermiş güclü zəlzələ Azərbaycanın Gürcüstanla sərhəd rayonlarına da təsirsiz ötüşməyib.

Milli.Az xəbər verir ki, Ağstafa rayon İcra Hakimiyyəti başçısının müavini Aydın Hacıyev Trend-ə açıqlamasında bildirib ki, zəlzələ rayon ərazisində ciddi hiss olunub:

"Hadisə nəticəsində rayon mərkəzində və kəndlərdə evlərdə çatlar əmələ gəlib. Hazırda hadisə ilə bağlı yaradılmış komissiya yerlərdə mənzillərə və obyektlərə baxış keçirir. Hələlik evlərdə dağıntıların olub-olmaması barədə dəqiq məlumat yoxdur. Araşdırmalardan sonra fəsadlar barədə dəqiq məlumat bilinəcək".

Qazax rayon İcra Hakimiyyətindən isə Trend-ə bildiriblər ki, rayon ərazisində axşam saat 23 radələrində zəlzələ 3 bal gücündə hiss olunub. Amma hələlik yerlərdə mənzil və obyektlərə ziyan dəyməsi barədə məlumat daxil olmayıb.

Tovuz rayonunda da zəlzələ 3 bal gücündə hiss olunub, lakin fəsadlar barədə rayon İcra Hakimiyyətinə məlumat daxil olmayıb.

Göygöl rayon İcra Hakimiyyətindən Trend-ə bildiriblər ki, rayon ərazisində zəlzələ cüzi hiss edilib və dağıntı olmayıb.

Xatırladaq ki, iyunun 7-də axşam saat 23 radələrində Gürcüstanda 5.1 bal gücündə zəlzələ olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində