"Regiondakı proseslərdən narahat qüvvələr hücuma keçiblər"

3 İyun 2017 10:46

Azərbaycanla Gürcüstan arasında münasibətlərin pozulmasına dair təxribat işləri çoxdan aparılır və bu işləri görən qüvvələr də bəllidir. Bunlar ya ermənilərin özləri, ya da ermənilər tərəfindən təhrik olunan bir sıra xarici qüvvələrdir. Təbii ki, Azərbaycan-Gürcüstan yaxınlaşması, dostluğu, strateji tərəfdaşlığı onları qane etmir, əksinə narahat edir, qıcılandırır.

Bunu Milli.Az-a açıqılamasında tanınmış politoloq, professor Fikrət Sadıqov bildirib.

Politoloqun fikrincə, son günlər jurnalist Əfqan Muxtarlının həbs edilib məsuliyyətə cəlb olunmasından sonra yaradılan süni ajiotaj isə həmin qüvvələrin iç üzünü açdı:

"Əslində, onlar bununla əsl simasını açdılar və özlərini ifşa etdilər. Hadisələrin gedişi də göstərir ki, onlar Azərbaycan-Gürcüstan münasibətlərinə xələl gətirə bilməyəcəklər. Hətta Gürcüstanın təhlükəsizlik xidmətinin rəisi də çıxış edərək dedi ki, demokratiya və insan haqları çox yaxşı şeydir, amma Azərbaycanla olan əməkdaşlıqdan heç vaxt imtina etməyəcəyik. Çünki o, bizim əbədi tərəfdaşımız, müttəfiqimizdir".

F.Sadıqov hesab edir ki, bu münasibətləri korlamaq istəyənlər son zamanlar regionda cərəyan edən bəzi proseslərin gedişindən ciddi narahat olduğundan ideoloji cəbhədə hücuma keçiblər: "Reallıq ondan ibarətdir ki, bu yaxınlarda həm Azərbaycan və Gürcüstanın müdafiə nazirləri ikilikdə, həm də Türkiyəli nazirlə birlikdə üçlükdə görüşüblər, yaxın gələcəkdə isə 3 ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri görüşəcəklər. Bu, nəinki erməniləri və onları dəstəkləyən qüvvələri qıcıqlandırır, hətta qorxudur. Çünki əgər Azərbaycan və Gürcüstan da daxil olmaqla hər üç dövlət möhkəm hərbi-texniki əməkdaşlıq alyansı çərçivəsində öz torpaqlarını azad etmək istəsələr, bu, Ermənistan üçün ağır nəticə verən bir məqam olacaq. Mənə belə gəlir ki, həmin qüvvələr bunun ağır nəticələrini indidən yaxşı görür, dərk edir və ona görə də indidən ideoloji və digər təxribatlarla məşğuldurlar. Onlar bizim aramızda guya hansısa problemin mövcud olduğunu və s. məsələləri süni şəkildə qaldırmaq fikrindədirlər. Lakin əminəm ki, onların bu cəhdləri alınmayacaq. Çünki Azərbaycan-Gürcüstan münasibətləri o qədər möhkəmdir və elə prinsipial amillərə söykənir ki, bu məsələdə heç bir kənar qüvvə öz maraqlarını həyata keçirmək üçün müsbət nəticələrə nail ola bilməyəcək".

Pünhan Mirzə
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində