Azərbaycanlı futbolçu: “Mən onları ermənilər tərəfə keçən əsgərə bənzədirəm”

25 İyun 2011 16:25
- Avropa Liqasına hazırlıq necə gedir?

- İyunun 20-də hazırlığa başlamışıq, fiziki hazırlıq üzərində çalışırıq. Məşqlərə ciddi yanaşırıq, çünki Avropa Liqasında çox güclü rəqiblə qarşılaşacağıq. Hətta deyərdim ki, püşkdə ən güclü komanda "Xəzər Lənkəran"a düşüb.

- Deməli, "Makkabi" haqda məlumatınız var?

- Əlbəttə, var. İsrailin ən köklü klublarından sayılır. Çempionlar Liqasında oynamış klubdur, futbolçuları meydanda bir-birini çox yaxşı başa düşürlər. Bütün bunlara baxmayaraq, biz ciddi hazırlaşıb yaxşı nəticə qazanmaq fikrindəyik. Biz onlara hörmət etdiyimiz kimi, fikrimcə, "Makkabi" də "Xəzər Lənkəran"a hörmətlə yanaşır. Güclü rəqib olsa da, biz bu mərhələni keçməliyik. Ötən il çox zəif rəqiblə düşmüşdük. Amma onda "Olimpiya"ya hörmətsiz yanaşdıq. Buna görə də bizi mübarizədən kənarlaşdırdılar. Ola bilsin ki, indi də "Makkabi" bizimlə oyuna qeyri-ciddi yanaşsın. Hesab edə bilərlər ki, "Xəzər Lənkəran" zəif komandadır. Amma biz onları "nakazat" edə bilərik, inşallah, edəcəyik.

- "Makkabi" - "Xəzər Lənkəran" qarşılaşmalarında hansı komandanı favorit sayırsınız?

- Deməzdim ki, "Makkabi" əvvəlki "Makkabi"dir. Rəqib komandanın da heyətində problem var. Çoxları İsrail təmsilçisini favorit saysa da, məncə, şanslar bərabərdir.

- Hər halda, komandanızla müqayisədə "Makkabi"nin Çempionlar Liqasında kifayət qədər oyun təcrübəsi var...

- Yenə deyirəm, köklü, güclü klubdur. Amma onlar da hazırlığa yeni başlayıblar. Hər halda, oyundan sonra hansı komandanın mərhələ adlayacağı bəlli olacaq.

- İlk oyunun səfərdə keçirilməsi "Xəzər Lənkəran" üçün üstünlük sayıla bilər?

- Düzdür, ilk görüş Lənkəranda keçirilməli idi. Amma UEFA-nın qərarı ilə birinci matçı Təl-Əvivdə keçirəcəyik. Məncə, səfərdə başlamaq daha yaxşıdır.

- "Xəzər Lənkəran" İsraildə "Makkabi" ilə oyunda nəyə ümid edir?

- Elə başa düşürəm ki, Tə-Əvivdə müdafiəyə meylli oynayacağıq. Çünki səfərdəki nəticədən çox şey asılıdır. Demirəm ki, ancaq müdafiədə oturacağıq. Hücum edib, qol vurmağa çalışmalıyıq. Səfərdə 1 qol bizə çox kömək edəcək. Lənkərandakı qarşılaşmada isə hücum futbolu oynamalıyıq.

- Bəs belə bir çətin oyundan öncə Uinston Parksın komandadan getməsi sizin üçün gözlənilməz olmadı ki?

- Parks Azərbaycanda ən güclü hücumçulardan biridir. Çox güclü futbolçu idi, fikrimcə, onun gedişi öz təsirini göstərəcək. "Bakı" Parksı transfer etməklə, çox qazandı. Amma unutmayaq ki, əvəzolunmaz futbolçu yoxdur.

- Komandanızın düşərgəsinə gələn yeni legionerlər barədə nə deyə bilərsiniz?

- Onlar bizimlə hələlik 2 məşqdə iştirak ediblər. Buna görə də, onlar haqda nəsə fikir bildirmək düzgün olmazdı.

- İndi də milli komanda barədə. Astanada Qazaxıstana qarşı oyunda nə baş vermişdi?

- Bildiyiniz kimi, biz Astanada məğlub olduq. Çoxları deyirdi ki, orda nəsə problem olub. Deyirdilər ki, guya...

- Hər halda, kənarda baxanda milli komandamızın qəsdən uduzduğu hiss edilirdi...

- Yox, satılmış oyuna oxşamırdı...

- Hər halda, müdafiə xəttindəki komanda yoldaşların 90 dəqiqə ərzində bir sarı vərəqə belə almamışdı və bu da müəyyən şübhələr yaradırdı...

- Sarı vərəqə almayıblarsa, bu artıq futbolçuların günahıdır. Şəxsən, həmin oyunda mən futbolçulardan çox narazı qaldım. Çünki biz Astanada daha yüksək səviyyədə oynaya bilərdik. Biz onlara hörmətsiz yanaşmışdıq, fikirləşirdik ki, asanlıqla məğlub edəcəyik. Amma Qazaxıstan yığması bizdən daha yaxşı oynayıb, qələbə qazandı.

- Müəyyən qüvvələr millimizin baş məşqçisi Berti Foqtsu istefaya göndərib, onun yerinə Qurban Qurbanovu gətirmək istəyirlər. Bundan xəbəriniz var?

- Berti Foqts gələndən sonra yığmamızda tərəqqi hiss olunur. Bunlar göz qabağındadır. Qurban Qurbanovun isə millini çalışdırmağa təcrübəsi çatmır. Mirça Rednik yığma komandaya daha çox xeyir verər, nəinki, Qurban Qurbanov. Bir də ki, millinin uduzmasında Foqtsdan çox futbolçuların günahı var. Mən də eşitmişəm ki, bəzilər Foqtsa "torba tikirlər". Amma futbolçu millinin formasını geyinib, qəsdən uduzursa... Mən onları ermənilər tərəfə keçən əsgərə bənzədirəm...

Milli.Az