İki dəhşətli qəza: 1 ölü, 6 yaralı - VİDEO - FOTO

22 May 2017 15:57

Daşkəsən rayonu Quşçu kəndi ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, "Qazel" markalı yük avtomobili ilə "VAZ" 2106 markalı minik avtomobilinin toqquşması nəticəsində "Qazel" yoldan çıxaraq dərəyə aşıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin əməkdaşları cəlb olunub. 68 yaşlı Bəxtiyar Uğurluyevin meyiti Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə, xəsarət alan Qiyas Bayramov və Rəşid Məmmədov isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Şəmkirdə isə "Jiquli" ağır tonnajlı avtomobillə toqquşub. 29 yaşlı Anar Ramazanov "Shagman" markalı yük avtomobili ilə Şəmkir-Gədəbəy yolunda hərəkətdə olarkən maneəylə qarşılaşıb. Bu zaman sürücü idarəetməni itirərək qarşı tərəfdən gələn "VAZ -2107" markalı avtomobilin yoluna çıxıb. Toqquşma nəticəsində taksi fəaliyyəti göstərən "VAZ"-ın sürücüsü, Şəmkir rayon sakini 38 yaşlı Ceyhun Mustafayev, sərnişinləri - 41 yaşlı İntiqam Məhərrəmov, 59 yaşlı Nəcəf Məmmədov və 33 yaşlı Sərxan Bayramov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Sərnişinlərdən Sərxan Bayramov əməliyyat edilib, həkimlər onun vəziyyətini orta ağır qiymətləndirir. Qəzada xəsarət alan digər 3 nəfər isə ambulator müalicəyə göndərilib.

Faktlarla bağlı araşdırmalar aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

İki dəhşətli qəzada 1 ölü, 6 yaralı