Eşşəklərin dərisini soyub Çinə satırlar, ətini isə... - FOTO

20 May 2017 12:34

Eşşəklərn sayının sürətlə və müəmmalı şəkildə azalması, yaxud ət-eşşək ətinin kolbasa sexlərinə verilməsi təkcə Azərbaycanda müzakirə olunan məsələ deyil.

Milli.Az virtualaz-a istinadən xəbər verir ki, Orta Asiyanın yoxsul ölkəsi Tacikistanda da eşşəklərin yoxa çıxması halları artıb.

Tacikistan sakini Gülümşoh Şərbətova iki aydır ki, eşşəyinin üzünü görmür. Başqa vaxt bundan çox da narahat olmazdı. Ancaq indi xəbər yayılıb ki, Tacikistanda ulaqlar ölü tapılır. Onların başsız və dərisi soyulmuş cəmdəyi çürüməyə buraxılır.

Xatlon əyalətinin Bulakdəşt kəndindən olan evdar qadın əvvəl buna çox da fikir vermədiyini deyir. Onun sözlərinə görə, bu dağlıq ərazinin camaatı, adətən, iş çox olmayanda eşşəklərini otlağa buraxır. İndi yaz əkinləri başladığından iş çoxalıb. Sharbatova oğlunu heyvan bazarına göndərir ki, bəlkə eşşəyi oralarda görən ola.

Ən pis ssenari odur ki, eşşək pis niyyətli adamların əlinə keçib, onlar onun ətini və başqa hissələrini Çindən gələn alıcılara satıblar. Çində eşşəklərə tələbat sürətlə artmaqdadır. Onların dərisindəki jelatindən Çin xalq təbabətində istifadə olunur. Burada ondan ejiao adlı dərman vasitəsi düzəldilir.

Bu məsələ yanvarda gündəmə gəlib. Həmin vaxt internetdə Tacikistanın şimalındakı Suğd əyalətində başı kəsilmiş və dərisi soyulmuş eşşək cəmdəklərinin çay kənarına atılmasını göstərən video yayılmışdı. Bunun ardınca Tacikistan - Qırğızıstan sərhədində onlarla eşşək cəmdəyinin yükləndiyi yük maşınları saxlanıb. Bu isə Tacikistanda eşşək ətinin qeyri-qanuni satıldığı barədə şayiələrə yol açıb. Polis məsələni araşdırmağa başlayıb.

Araşdırma nəticəsində müəyyən edilib ki, həqiqətən də fərdi dəllallar eşşək gönünü Qırğızıstan ərazisindən keçməklə Tacikistandan Çinə aparırlar.Öldürülən heyvanların ətinin ölkənin qida bazarına daxil olması haqda şayiələr gəzir. Tacik ənənələrinə görə, eşşək əti yeyilmir. Ancaq insanları həm də işin sağlamlıq və heyvanlarla qəddar davranış tərəfləri narahat edir.

Eşşək gönünün və başqa bədən hissələrinin satılmasını yasaqlayan qanunlar olmadığından, polis və müfəttişlər çox zaman sanitar və s. qaydaların pozulmasına istinad etməklə belə sövdələşmələri əngəlləyə bilirlər.Məsələn, ilin əvvəlində ölkənin şimalında 130 eşşəyi daşıyan yük maşını saxlanılarkən, baytarlıq idarəsinin xüsusi icazəsinin olmaması əsas gətirilərək maşın müsadirə edilmişdi.

Ancaq istintaqa yaxın mənbənin bildirdiyinə görə, polis həmin ərazidə 40 eşşəyin öldürülərək dərisinin soyulmasını qeydə alsa da, dərhal tədbir görə bilməyib. Suğd əyalətində yaşayan hüquqşünas Baxtiyor Nasrulloyev deyir ki, tacik qanunları ölkədə nəsli kəsilmək üzrə olan heyvanların öldürülməsini qadağan edir. Ancaq Tacikistanda təsərrüfatlarda geniş istifadə olunan eşşəklər bu kateqoriyaya daxil deyil. Ölkədə onların ümumi sayının 185 mini keçdiyi bildirilir.

Hüquqşünasın sözlərinə görə, eşşəklərin öldürülməsini yasaqlayan qanun olmadığından, bu halları önləməkdən ötrü heyvanlara qəddarlığı qadağan edən qanunlara istinad etmək olar.

Nasrulloyev bu dəhşətli halın qarşısını almağa çağıran yeganə şəxs deyil. Yanvarda dövlət baytarlıq agentliyi baş nazirin müavininə məktubla müraciət edib. Agentlik məktubda eşşəklərin öldürülərək dərilərinin soyulması hallarını sadaladıqdan sonra hökuməti ədaləti bərpa etməyə, bu qeyri-qanuni ticarəti qadağan etməyə, yaxud da tənzimləməyə çağırıb.

Məktubda hətta ölkənin daxili işlər nazirliyi və dövlət təhlükəsizlik komitəsinin də preventiv tədbirlər görərək günahkarları cəzalandırmasının zəruriliyi vurğulanıb.Bütün bunlarla yanaşı, Tacikistan bazarında eşşəklərin qiyməti iki dəfə, bəzi hallarda, hətta dörd dəfə artıb. Bu artım kəndlilər üçün gözlənilməz olub.

"Alıcılar deyirlər ki, eşşəkləri kəsərək dərilərini Çinə satmaq üçün alırlar", - ölkənin şimalındakı Basmanda kəndinin sakini Şarif Nazarov deyir. Onun sözlərinə görə, cavan, güclü eşşəyi indi təqribən 240 dolara satmaq olar. Bir il əvvəl qiymət 120 dollar civarında idi.

Xatırladaq ki, Tacikistan dünyanın ən yoxsul ölkələrindəndir. Ölkədə adambaşına ÜDM 3 min dollar təşkil edir. Əhalinin 36 faizi isə yoxsulluq həddindən aşağı yaşayır. Bu səbəbdən hökumətin çiçəklənən bazarı bağlamaq istəməsi bir qədər şübhə doğurur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində