28 may Respublika günü münasibətilə Misirdə silsilə tədbirlər keçirilib - FOTO

19 May 2017 08:16

28 may Respublika günü münasibətilə AR-ın Misirdəki səfirliyi tərəfindən silsilə tədbirlər keçirilib.

Azərbaycan Respublikasını Misir Ərəb Respublikasındaki səfirliyindən Milli.Az-a verilən məlumata görə, mayın 17-ı Qahirənin nüfuzlu və məşhur mehmanxanalarından olan "Conrad"da "28 may Respublika günü" münasibətilə səfirlik tərəfindən rəsmi qəbul təşkil edilib. Səfirliyin keçirdiyi ziyafətdə Misirin Gənclər və İdman naziri Xalid Əbdüləziz, MƏR XİN-nin əməkdaşları, Misir parlamentinin deputatları, Misirin Qəlyubiyyə və Cənubi Sinay yarımadası qubernatorlarının nümayəndələri, Ərəb Dövlətləri Liqasının nümayəndələri, xarici ölkələrin səfirləri, Misirin tanınmış ictimai-siyasi xadimləri, elm və incəsənət nümayəndələri, jurnalistlər, iş adamları və həmvətənlərimiz iştirak ediblər.

Tədbirdə Misir və Azərbayan himni səsləndirilib. Tədbiri giriş sözü ilə açan səfir Tural Rzayev Azərbaycanın Şərqdə ilk demokratik respublika olduğunu, Azərbaycan xalqının hər il bu milli bayramı təntənəli şəkildə qeyd etdiyini bildirərək, bu il Misir-Azərbaycan diplomatik münasibətlərinin yaradılmasının 25-ci il dönümünə toxunmuş və ötən illər ərzində iki ölkə arasında əlaqələrin uğurla inkişaf etdiyini diqqətə çatdırıb.

Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, ölkəmizin 20 faiz torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu, BMT TŞ-nın məlum qətnamələrinin indiyədək Ermənistan tərəfindən yerinə yetirilmədiyini təəssüflə qeyd edib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci ili İslam Həmrəyliyi İli elan etdiyini vurğulayan səfir ölkəmizdə IV İslam Həmrəyliyi Oyunlarının uğurla keçdiyini qeyd edib.

Misirin Gənclər və İdman naziri səfirlə söhbəti zamanı Azərbaycanda keçirilən İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu, misirli idmançıların bu oyunlarda 10-dan çox medal qazandığını vurğulayıb, yüksək təşkilatçılığa və diqqətə görə ölkə başçısına dərin təşəkkürünü çatdırmasını xahiş edib. Nazir Misirin KİV-nə müsahibə verərək, Azərbaycanın İslam Həmrəyliyi Oyunlarına ev sahibliyini etməsi barədə məlumat verərək, sözügedən oyunların İslam ölkələri arasında həmrəyliyi gücləndəricəyini bildiribr.

28 may Respublika günü münasibətilə keçirilən qəbul zamanı Azərbaycanın tarixi, mədəniyyəti, turizmi və son illə ərzində ölkəmizdə əldə olunmuş nailiyyətləri, həmçinin Azərbaycan-Misir əlaqələrini əks etdirən video çərxlər nümayiş etdirilmiş və kitab sərgisi təşkil olunub.

Milli.Az